Ermənistanda Azərbaycana qarşı revanşist çağırışlar yenidən aktuallaşıb. Erməni müxalifətinin nümayəndələri, “Qarabağ klanı” kimi tanınan keçmiş hakimiyyətdəkilər – Robert Köçəryan və Serj Sarkisyanın həm özləri, həm də tərəfdarları tərəfindən Baş nazir Nikol Paşinyana qarşı döyüşmək, hakimiyyəti ələ keçirdikdən sonra isə Azərbaycana qarşı müharibə etmək çağırışları artıb. Ötən gün separatçı və qondarma “Artsax hərəkatı”nın 36-cı ildönümü ilə bağlı İrəvanda keçirilən tədbirlərdə revanşı dəstəkləyənlər sərsəm iddialarla çıxış ediblər.
Bununla yanaşı, revanşist qüvvələr Ermənistan hərbçilərinə silaha sarılmaq çağırışı ediblər. Bu çağırışla onlar sərhəddəki təxribatları dəstəklədiklərini nümayiş etdirirlər. Bundan belə qənaət yaranır ki, ötən həftə Azərbaycanla şərti sərhəddə snayper təxribatını törətdiyi iddia olunan “Yerkrapa” terror təşkilatına göstərişi verənlər xarici qüvvələrlə yanaşı, erməni müxalifətidir. Qeyd edək ki, Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycana atəş açmaq əmri verilmədiyini, məsələnin araşdırılacağını bildirmişdi. Bundan sonra açıqlama verildi ki, snayper təxribatı sərhəddə olan “Yerkrapax” terrorçuları tərəfindən həyata keçirilib.
Revanşistlərin çağırışları və təxribatlara meyillərinin artması məsələsi ilə bağlı danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib ki, bundan ilk növbədə, Ermənistan hakimiyyəti ciddi nəticə çıxarmalıdır:
– Sərhəddə təxribat törədənlər “Yerkrapax” terror təşkilatının üzvüdür. Sərhəddə, ölkənin daxilində qanunsuz silahlı dəstənin olması əvvəlcə həmin ölkənin özü üçün başağrısıdır, təhlükədir. 1990-cı ilin əvvəllərində Azərbaycanda da belə dəstələr olub. Biz bunun acı və ağır nəticələrini görmüşük. Hesab edirəm ki, “Yerkrapax” və digər erməni terror təşkilatlarının Ermənistan ərazisində olmasından Paşinyan hakimiyyəti narahat olmalıdır. Eyni zamanda, qarşıdakı müddətdə belə təxribatların olmaması üçün rəsmi İrəvan ciddi tədbirlər görməlidir. İstənilən halda, təxribatlara görə hərbi və siyasi məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Heç kim təminat verə bilməz ki, “Yerkrapax” terror təşkilatı hansısa daxili və xarici qüvvələrin göstərişi ilə növbəti təxribatlara əl atmayacaq.
Təbii ki, Azərbaycan Ordusu istənilən hərbi təxribatın qarşısını qətiyyətlə almağa qadirdir və alacaq. Bununla yanaşı, hesab edirəm ki, Azərbaycan Ermənistanla sülh danışıqlarında sərhəddəki qeyri-qanuni silahlı dəstələrin, terrorçu qrupların ləğvini də tələb kimi irəli sürməlidir.
– Terror təşkilatlarına təkcə xarici dairələrdən təxribat törətmək göstərişi gəlir, yoxsa daxildə də qüvvələr var?
– Əsasən xarici dairələrdən göstərişlər verilir. Geosiyasi güclər, bölgədə maraqlı olan qüvvələr bu cür alətlərdən istifadə edirlər ki, məqsədlərinə çatsınlar, sülhə əngəl yaratsınlar. Amma daxildəki revanşist qüvvələrdən də həmin qanunsuz silahlı dəstələr təlimatlar alırlar. Məlumdur ki, Ermənistandakı keçmiş hakimiyyətin – Köçəryan və Sarkisyan hakimiyyətlərinin də mahiyyəti terrorçu mahiyyətdir. Erməni terror təşkilatlarının “Qarabağ klanı” deyilən keçmiş hakimiyyət, indiki müxalifət qüvvələri ilə də sıx bağlılıqları var. Məsələn, elə son təxribatı törədən “Yerkrapax”ın Köçəryan-Sarkisyanla bağlılığı mövcuddur və zamanında bu terror təşkilatını onlar maliyyələşdiriblər. Demək istədiyim budur ki, revanşist mövqeli qüvvələr də təxribatlarda bu silahlı dəstələrdən yararlanırlar. Necə deyərlər, axmaqlar axmaqların aləti rolunda çıxış edirlər. Bütün hallarda, yenə deyirəm, Paşinyan hökuməti bu dəstələrlə bağlı tədbir görməlidir.
– “Qarabağ klanı” demişkən, bu qüvvələrin revanşist çağırışları yenidən vüsət alıb. Hətta Paşinyan rejimini devirmək, sonra silaha sarılaraq Azərbaycana qarşı döyüşmək haqqında mülahizələr səsləndirirlər…
– Ermənistan cəmiyyətində və siyasi həyatında “Qarabağ klanı” kimi tanınan Köçəryan-Sarkisyan mənasız, eşidilməyən “kartlar”dır. Düzdür, Rusiya onları dirçəltmək istəyir və çalışır ki, digər qüvvələri də bu siyasi meyitlər ətrafında cəmləsin. Amma bu, alınmır, alınmayacaq da. Çünki erməni cəmiyyəti bu siyasi meyitlərə nifrət edir, onları dəstəkləmir. 44 günlük müharibədən sonra Ermənistan daxilindəki prosesləri yadımıza salsaq, hər şey aydın olar. Ermənistan ictimai-siyasi həyatında ən böyük zəhər kilsədir. Revanşizmə səsləyən, barışmaz mövqe tutan kilsədir, hansı ki, daxildə və xaricdə dəstəkçiləri çoxdur. Eyni zamanda, kilsənin arxasında erməni diasporası var. Kilsə də müharibənin bitmədiyini elan edir, revanşa səsləyir və Paşinyanı düşmən kimi qələmə verir. Arxasında Fransa, ABŞ və və Rusiyadakı erməni diasporu olan kilsə Paşinyan hökumətinə təhdiddir. Azərbaycan üçün hansısa təhdid deyillər. Şünki Azərbaycan Prezidenti cənab İlham Əliyev qəti şəkildə bildirib ki, revanşizm baş qaldırarsa, başı əziləcək. Bunu erməni cəmiyyəti də çox gözəl bilir. Sadəcə kilsə hakimiyyətə problem yarada bilər ki, bu da dediyim kimi, Paşinyanın həll etməli məsələdir.
Qaldı ki, erməni cəmiyyəti də Qarabağ məsələsindən, münaqişədən bezib. Erməni xalqı bilir ki, revanşın heç bir perspektivi yoxdur. Ona görə də revanşistlər ciddi dəstək qazanmayacaqlar.
– Sülh danışıqlarının perspektivini necə qiymətləndirirsiniz?
– Rəsmi Bakının təklifləri və tələbləri var ki, buna uyğun da danışıqlar aparılmalıdır. Azərbaycanın mövqeyi bəlli və açıqdır. Ən yüksək səviyyədə, Prezident səviyyəsində bu mövqe bəyan edilib və artıq şərhə lüzum yoxdur.
Cənab Prezident İlham Əliyev andiçmə mərasimində açıq şəkildə həm Ermənistana, həm də Cənubi Qafqazdakı proseslərdə maraqlı olan dairələrə müsajlarını verdi. Ölkə başçımız Qarabağ münaqişəsinin artıq həll edildiyini xatırlatdı, bundan sonra Azərbaycanın xarici siyasətinin istiqamətini, tələblərini bəyan etdi. Beynəlxalq aləm bilməlidir ki, biz sülh danışıqlarında vasitəçilik missiyalarını qəbul etmirik. Xüsusilə, əvvəldən mövqeyi bəlli olan vasitəçilərdən tam imtina edirik. Prezident Münxendə açıq şəkildə bildirdi ki, ATƏT-in Minsk Qrupu de-yure ləğv edilməlidir. Bununla da rəsmi Bakı keçmiş həmsədrlərdən imtina edildiyini diqqətə çatdırdı. Məncə, ATƏT bundan sonra həmin institutların hüquqi cəhətdən ləğvi prosesini başlatmalıdır. Ermənistan isə ikitərəfli danışıqlara isti yanaşmalıdır, sülh sazişinin imzalanması istiqamətində əməli addımlar atmalıdır.
Biz istədiyimizə nail olmuşuq, Qarabağ problemini həll etmişik. Ermənilər də hazırkı vəziyyətdən, reallıqlardan nəticə çıxarmalıdırlar, hansısa maraqlı qüvvələrin aləti rolunda çıxış etməməlidirlər. Bu, Ermənistanın özünün ziyanınadır. Rəsmi İrəvan da, erməni cəmiyyəti də anlamalıdır ki, sülh Azərbaycandan çox onların özlərinə lazımdır. Ona görə də Ermənistan silahlanmaya son qoymalı, Azərbaycan və Türkiyə ilə konstruktiv dialoqa başlamalıdır. Yeganə çıxış yolu budur. Bölgədə sabitliyin, sülhün, rifahın əsası ancaq bu yoldan keçir.ayna.az