“Neftçi”nin Müşahidə Şurası (MŞ) toplantı keçirib.
Klubu idarə edən ali qurum cari mövsümün geridə qalan hissəsində əldə olunan nəticələri müzakirəyə çıxarıb və gözlənilən qərarı verib.
Buna əsasən, Adrian Mutunun baş məşqçi postundan göndərilməsi lazım bilinib.
İyulda komandanın sükanı arxasına gətirilən və 2 illik müqaviləyə imza atan rumıniyalı hazırda vətənindədir. O, Azərbaycan Kubokunda “Qaradağ Lökbatan”la 1/9 final matçından öncə ölkəsinə yollanıb.
Xərçəng xəstəliyindən dünyasını dəyişmiş anasına görə Bakını tərk edən mütəxəssis buradan narazılıqla ayrılıb.
Konfrans Liqasına ikinci etapda vida edən, Premyer Liqaya uğursuz start verən «ağ-qaralar» 17-ci turunda «Qarabağ»a 0:2 hesabıyla uduzdu.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən derbidə qeydə alınan nəticə rəhbərliyi hərəkətə gətirib.
Funksionerlər matçın ardından Adrian Mutu ilə görüş keçirib. Burada baş məşqçiyə narazılıq bildirilib.
Yayda 2 illik müqaviləyə imza atmış rumıniyalı mütəxəssisin diqqətinə çatdırılıb ki, gedişat onları qane etmir. Həm göstəricilər, həm də sərgilənən oyun baxımından.
Mutuya gəldiyi ilk vaxtlar verdiyi vədlər xatırladılıb. Qeyd olunub ki, onlara kifayət qədər ciddi büdcə ayrılıb, 11 yeni futbolçu alınıb, komandaya hər cür şərait yaradılıb.
O da söylənilib ki, çempionluq yarışından uzaq düşmək «Neftçi»nin iddialarına ziddir.
Bakılılar bu gün Premyer Liqanın 18-ci turu çərçivəsində “Kəpəz”lə üz-üzə gələcək. Rumıniyalı çalışdırıcının köməkçiləri də bu matçdan sonra vətəninə yollanacaq.