image-2000x150
image-1667910060_ilham-eliyevbackend

Müstəqilliyin ilk illəri hərbi məğlubiyyət və daxili böhranla tarixə düşüb

image-728x90

Azərbaycanın ötən illərdə müstəqil dövlət kimi əldə etdiyi çoxşaxəli nailiyyətlər, ilk növbədə, əsrlərlə davam edən tarixi mübarizənin nəticəsi sayılmalıdır. Taleyin qismətindən xalqımız milli özünəməxsusluğunu səciyyələndirən keyfiyyətləri, milli dövlətçilik ənənələrini yaşatmaq, azadlıq, müstəqillik nemətinə qovuşmaq üçün çətin sınaqlardan çıxmalı olmuşdur. Bu baxımdan azərbaycanlıların milli dövlətçilik şüurunun və ənənələrinin formalaşması uzun əsrlər boyu davam etmiş, xalqın təşkilatlanma və özünütəsdiqləmə prosesinə əsaslı təkan vermişdir.

Böyük tarixə çevrilmiş inkişaf yolunun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır. Ötən 20 ildə respublikanın milli inkişaf strategiyası, siyasi-iqtisadi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid ideologiyası formalaşmışdır. Dövlətin milli maraqlara əsaslanan diplomatiyası, demokratikləşdirmə, hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti də məhz müstəqilliyin praktik olaraq gerçəkləşdirilməsini təmin etmişdir.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edilsə də, bu müstəqillik, əslində, ilk dövrdə formal xarakter daşıyır, onun itirilməsi təhlükəsi Azərbaycanın başı üzərindən bir an belə çəkilmirdi. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı.

Müstəqilliyimizin ilk illərində ölkədə xoşagəlməz meyillərin mövcud olduğu, anarxiya, xaos, özbaşınalığın hökm sürdüyü bir dövrdə müstəqilliyimiz yenə də təhlükə altına düşmüşdü. 1991-1993-cü illərdə ölkə idarəolunmaz vəziyyətdə idi. Total böhran hökm sürürdü – həm iqisadi sahədə, həm siyasi böhran, hərbi böhran. Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində torpaqlarımız əldən gedirdi. 1992-ci ilin mayında Şuşa və Laçının, 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində demək olar ki, Dağlıq Qarabağ ilə Ermənistan arasında bir bağlantı əldə edilmişdir.

1993-cü ildən başlayaraq Azərbaycanda böyük inkişaf  və quruculuq işləri aparılmağa başlamışdır. İlk növbədə, sabitlik bərpa olundu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi. İqtisadi sahədə çox dəyərli təşəbbüslər irəli sürülmüşdür və ən önəmlisi, ölkənin strateji inkişafı haqqında düzgün seçim edilmişdir. Azərbaycan müasir, dünyəvi, dünya birliyinə inteqrasiya edən, bazar iqtisadiyyatı prinsiplərinə, demokratik əsaslara sadiq ölkə kimi inkişaf etməli idi.

Ölkəmiz qısa müddət ərzində bütün sahələrdə əldə etdiyi uğurlarla Cənubi Qafqazın lider dövləti statusuna yiyələnib. İqtisadi imkanlarımızın ildən-ilə əhəmiyyətli dərəcədə artması deməyə əsas verir ki, qarşıya qoyulan bütün məsələlər də tezliklə öz müsbət həllini tapacaqdır.

Fatimə Talıbzadə Astan qızı

Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90