MM Mədəniyyət Komitəsinin sədri Q.Paşayeva Vətən Müharibəsi Qəhrəmanlarının ipək üzərində kölgə effektli portretləri sərgisinin təqdimat mərasimində çıxış edib.
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva dekabrın 23-də Vətən Müharibəsi qəhrəmanlarına həsr olunmuş – ipək üzərində kölgə effektli portretlərin sərgisi və təqdimat mərasimində çıxış edib. Bakının Nərimanov rayonu ərazisində yerləşən TEM-ART Sənət Mərkəzində təşkil olunmuş sərginin layihə rəhbəri və müəllifi istedadlı gənc rəssam Elmar Məmmədzadə olub.
Ürək sözlərini bölüşən Komitə sədri diqqətə çatdırıb ki, “Zəfərin kölgəsi” layihəsinin ideyası, məzmunu və layihənin yekunu olaraq keçirilən sərgi təqdirə, alıqışa layiqdir: “Vətən Müharibəsi qəhrəmanlarına həsr olunmuş – ipək üzərində kölgə effektli portretlərin sərgisi “Şuşa İli”nin son ictimai tədbirlərindən biri kimi yaddaşımızda qalacaq, həmişə xatırlanacaqdır. İl içində bir-birindən gözəl xeyli sərgidə iştirak etmişik amma bu sərgini fərqli qılan amillər vardır. Bu, ilk növbədə sənətin zərif gücünü yalnız məzmunda deyil məhz texnikada da nümayiş etdirməklə bağlıdır. Bəli, məhz ipək üzərində kölgə effekti ilə gözəl portretlər yaratmaq parlaq istedadın, gərgin zəhmətin ifadəsidir. Portretlərin Vətən Müharibəsi Qəhrəmanlarına həsr olunması isə Elmar Məmmədzadənin vətəncanlılığının ifadəsidir.
Biz bu layihənin necə gərgin əməyin bəhrəsi olduğunu burada nümayiş etdirilən “Zəfər kölgəsi” adlı videoçarxda da gördük.
Bu layihənin Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə əziz canlarından keçmiş qəhrəmanlarımıza ad edilməsi, 44 günlük müharibədə qazandığımız Zəfərin şanlı tariximizdəki müstəsna yerini, rolunu sənətin dili ilə təcalla etdirməkdədir. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları, siyasi iradəsi, prinsipial mövqeyi, şanlı Ordumuzun yüksək döyüş qabiliyyəti, hərbçilərimizin vətəncanlılığı, fədakarlığı sənətçilərimizə, rəssamlarımıza necə böyük ilham bəxş etdiyi bu sərgidə parlaq şəkildə görünür. Qədirbilən xalqımızın dövlət başçımızın ətrafında Dəmir Yumruq kimi sıx birləşməsi Vətən Müharibəsində qazandığımız tarixi Zəfərin ən vacib elementidir. Mən bu günkü sərgini Dövlət-Xalq birliyinin təsviri sənət dili ilə tarixiləşdirilməsinin bir örnəyi olaraq qəbul edirəm.
Elmar Məmmədzadə indiyədək bir çox tarixi şəxsiyyətin portretini işləyib, o portretlər müxtəlif ölkələrdə sərgilənib. O, ipək üzərində kölgə effektli portretləri ilə incəsənətdə yeni tərz yaratmışdır.
Bu gün də portretlər nümayiş olunur, ancaq necə deyərlər, bu, bir tematik silsilədir və mən Elmar Məmmədzadəni növbəti sənət uğuru münasibəti ilə ürəkdən təbrik edir, yeni uğurlar diləyirəm”!
Arzu edənlər bu linkdən izləyə bilərlər