image-rt-reklam
image-1backend

Manat 2025-ci ilə necə keçdi: qarşıdakı aylarda devalvasiya olacaq? Tarif Şurasının qərarı…

image-728x90

Manatın real bahalanma sürətinin artması 2022-ci ildən start götürüb və 2024-cü ilin sonlarında özünün pik nöqtəsinə çatıb
Azərbaycan iqtisadiyyatı 2025-ci ilə ciddi çağırışlarla daxil olub. Ötən ilin 11 ayında ölkədə 4,1 faizlik iqtisadi artım qeydə alınsa da, kənd təsərrüfatında, xüsusilə də ixracyönümlü sayılan bitkiçilik sahəsində artım sürətinin kəskin zəifləməsi diqqəti cəlb edib. Bundan əlavə, Azərbaycan iqtisadiyyatına kapital qoyuluşunda da azalma qeydə alınıb. Ötən ilin ilkin yekunları bu il Azərbaycan iqtisadiyyatına nələr vəd edir? Əhalini ən çox düşündürən məsələlərdə – manatın məzənnəsi, inflyasiya və sair sahələrdə gözləntilər nələrdir?

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, 2024-cü ilin makroiqtisadi yekunları ilə bağlı diqqəti çəkən ən vacib məqam Azərbaycan manatının qeyri-neft çəkili nominal effektiv məzənnəsinin tarixində görünmədiyi ən yüksək səviyyədə bahalanmasıdır: “”Qeyri-neft çəkili” termini o deməkdir ki, manatın əsas ticarət tərəfdaşı olan ölkələrin valyutalarından formalaşan valyuta səbətinə münasibətdə orta məzənnəsi hesablanarkən Azərbaycanın qeyri-neft xarici ticarətinin xüsusi çəkisi tətbiq edilir.

Mərkəzi Bankın məlumatına görə, son devalvasiyadan sonra (2016-cı illə müqayisədə) manat nominal olaraq 2 dəfə bahalanıb. Baza ilinə (2000-ci il) nisbətən manatın nominal effeltiv məzənnə indeksi 180,4-ə bərabər olub – 2016-cı ildə bu göstərici 96,3-ə enmişdi. Hətta sərt devalvasiya ilində (2015-ci il) həmin indeksin səviyyəsi tarixi maksimum olaraq 173,1-i görmüşdü. 2024-cü ildə isə yeni bir maksimum qeyd alındı. Qida və geyimdən tutmuş istehsal təyinatlı mllara qədər idxaldan yüksək asılı ölkənin hökuməti sosial baxımdan bunu özü üçün çox əlverişli sayır. Amma bu amil “resurs lənətin”dən xilas olmaqla yerli istehsalı qura bilməyən iqtisadiyyata orta və uzun zamanda öldürücü zərbə vurur. Məlumat üçün deyim ki, manatın nominal və real effektiv məzənnəsinin hesablanması üçün xarici ticarətdə əsas tərəfdaş olan ölkələrin 14 valyutasından ibarət səbətdən istifadə edilir”.

Ekspert bildirir ki, manatın qeyri-neft çəkili real effektiv məzənnə indeksi də 2014-cü ildə yüksəldiyi tarixi zirvəyə çatmasa da, ötən il son 10 ildə özünün ən yüksək həddinə yüksəlib: “Baza ilinə (2000-ci il) nisbətən manatın real effektiv məzənnə indeksi 119-a bərabər olub. 2014-cü ildəki qərarlaşdığı nöqtədən (140,7) sonra həmin göstərici 86,3-118,8 intervalında hərəkət edib.

Manatın real bahalanma sürətinin artması 2022-ci ildən start götürüb və 2024-cü ilin sonlarında özünün pik nöqtəsinə çatıb. Məlumat üçün bildirim ki, real effektiv məzənnə ölkənin aparıcı ticarət tərəfdaşlarının valyuta səbətinə nəzərən milli valyutanın inflyasiyadan təmizlənmiş nominal mübadilə dəyəridir. Real məzənnənin bahalanması o deməkdir ki, yerli məhsulların xarici məhsullarla ifadə edilmiş qiymətləri yüksəlir. Real məzənnənin ucuzlaşması o deməkdir ki, yerli məhsulların xarici məhsullarla ifadə edilmiş qiymətləri enir. Məsələn, Azərbaycan manatının xarici ticarət tərəfdaşımız olan Türkiyə lirəsinə münasibətdə real məzənnəsini hesablamaq üçün 2 ölkə arasında inflyasiya fərqi ilə manat-lirə məzənnəsinin dinamikası arasında fərqi müqayisə etmək lazımdır. Yəni inflyasiya fərqi bizim xeyrimizə 25 faiz (Azərbaycanda 5 faiz, Türkiyədə 30 faiz), manatın lirə qarşısında 20 faiz bahalandığı halda nəticə bu olur ki, manat real olaraq 5 faiz ucuzlaşır. Bu vəziyyət türk mallarının Azərbaycan manatı ilə ifadə olunan qiymətlərinin bizim analoji mallarla müqayisədə daha çox bahalanması deməkdir. Eyni qaydada bütün aparıcı ticarət tərəfdaşlara münasibətdə manatın real məzənnəsi hesablanır. Sonra isə həmin ölkələrin hər biri ilə ayrı-ayrılıqda ticarətimizdə qeyri-neft xarici ticarətinin xüsusi çəkisi nəzərə alınmaqla manatın qeyri-neft çəkil real effektiv məzənnəsi hesablanır.

İndi gəlin son 5 ildə (2019-2024-cü illərdə) manatın ayrı-ayrı valyutalara nisbətən real məzənnəsinin dəyişməsinə baxaq. Bu dövrdə Azərbaycan manatının real məzənnəsi ABŞ dollarına qarşı 14 faiz, avroaya qarşı 19 faiz, ingilis funtuna qarşı 17 faiz, türk lirəsinə qarşı 36 faiz, gürcü larisinə qarşı 1 faiz, yapon yenasına qarşı 48 faiz, Çin yuanına qarşı 38 faiz, İsveçrə frankına qarşı 11,5 faiz bahalanıb. Bu statistik mənzərədən çıxan nəticə budur ki, Azərbaycan məhsullarının yuxarıda sadalanan hər bir valyutada ifadə edilmiş qiyməti son 5 ildə bahalaşıb”.

Tarif Şurasının son artım qərarları Azərbaycanda inflyasiyanı nə qədər artıra bilər? R.Ağayevin dediyinə görə, əgər yanacaq və digər tariflər də artırılmasa, bu qərarın 1,5 faizə yaxın əlavə inflyasiya yarada biləcəyi real görünür: “Yəni məsələn, bu artımlar olmadan Mərkəzi Bank 4-4,5 faiz inflyasiya gözləyirdisə, artımlar nəticəsində həmin rəqəm 5,5-6 faizə yüksələcək güman ki. Əgər yanacaq qiymətləri də artırılarsa, şərtlər dəyişəcək əlbəttə, yəni təsir daha böyük olacaq”.

Ekspert bildirir ki, iqtisadiyyatın pulla təminatının 2 əsas mənbəyi var: “Mərkəzi bankların çap etdiyi nağd pullar və bankların cəlb etdiyi resurslar (depozitlər) hesabına yaratdığı pullar. Bankların yanına müxtəlif subyektlərdən pul toplayan və iqtisadiyyatın maliyyələşdirilməsində iştirak edən fərqli vasitəçi maliyyə qurumlarını (sığorta şirkətləri, investisiya və pensiya fondları və s.) da qoya bilərsiniz. O ölkədə ki iqtisadiyyatın əlavə dəyər yaratmaq potensialı və texnoloji səviyyəsi çox aşağıdır, qara iqtisadiyyatın payı çox yüksək və istisnasız olaraq bütün institusional vahidlər (biznes, ev təsərrüfatları, maliyyə institutları) bank sektoruna edimad göstərib sərbəst pullarını ona həvalə etmirlərsə, nəhəng pul kütləsini ya sandıqlarda (kassalarda) saxlamağa, ya müntəzəm olaraq ölkədən kənara qaçırmağa çalışırlarsa, pul yaratmağın ağırlığı Mərkəzi Bankın çiynində qalır. Yəni bankın çap maşını davamlı işləməsə, iqtisadiyyat ciddi pul qıtlığı keçirər”.“Yeni Müsavat”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90