image-2000x150
image-1backend

LƏYAQƏT VƏ ŞƏRƏF MƏSƏLƏSİNDƏ GÜZƏŞT OLMUR    

image-728x90

 Fransa Senatının Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini növbəti dəfə şübhə altına alan 17 yanvar tarixli qətnaməsinin ardınca Avropa Şurası Parlament Assambleyasının (AŞPA)  nümayəndə heyətimizin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüsü, eyni gündə Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin ölkəmizə qarşı qərəz və böhtan dolu şantaj xarakterli açıqlaması əyani şəkildə göstərir ki, bu proseslərin hamısı eyni mərkəzdən idarə olunur. 

Cəmiyyətimizdə ən çox ikrah doğuran odur ki, Ermənistan-Azərbaycan münaqişəsi istər Avropa Parlamentində, istərsə də AŞPA-da müzakirə edilərkən  dini və etnik ayrı-seçkiliyə söykənən erməni təəssübkeşliyi nəinki gizlədilmir, hətta bu cür rüsvayçı bölücülüyə ümumbəşəri dəyərlərdən don geyindirmək mövqeyi üstünlük təşkil edir. Avropa Parlamentinin əksər deputatlarının çıxışında səslənən “Azərbaycan xristian qardaşlarımıza hücum edib və biz buna imkan verməməliyik, xristian qardaş və bacılarımızın yanında olmalıyıq” kimi orta əsrlər təfəkkürünə söykənən cəfəng fikirləri eşitdikdən sonra cəmiyyətimizdə bu cür suallar yaranır: inkişaf etmiş Avropa ölkələrinin təmsilçiləri belə  cahil fikirləri necə səsləndirə bilirlər? Yaxud, demokratiya və insan haqlarının qorunmasını özlərinə şüar edən beynəlxalq təşkilatlar açıq-aşkar dini və etnik ayrı-seçkiliyi necə təşviq edə bilərlər? Avropa Parlamentinin Cənubi Qafqaz üzrə komitəsinin sədri, Estoniya təmsilçisi Marina Kalyurandın yanvarın 19-da “AzadlıqRadiosu”na verdiyi müsahibə qərəzin və ədalətsiz yanaşmanın köklərinə kifayət qədər işıq saldı. Onun səsləndirdiyi fikirlər, əslində, Fransa Senatının, ardınca Avropa Parlamentinin Azərbaycana qarşı indiyədək qəbul etdiyi qətnamələrində əksini tapmış  qərəzli iddiaların bəsit və avtomatik təkrarıdır. Yəni, müsahibə yalnız  bir deputatın subyektiv mövqeyi kimi dəyərləndirilməməlidir. Həmin müsahibə də göstərdi ki, avropalı deputatlar insan haqlarını gündəmə gətirərkən yalnız etnik ermənilərin hüquqları müstəvisindən çıxış edirlər. Xanım deputat təkcə öz adından deyil, bütövlükdə Avropa Parlamentinin adından bu bəyanatı verdi: ”Bu binada, Avropa Parlamentinin binasında Azərbaycanı heç kim dəstəkləmir”. Estoniya təmsilçisi nə qədər pərdələməyə çalışsa da, Azərbaycana qarşı qərəzin  gerçək səbəblərini gizlədə bilmədi və növbəti etirafları etdi: “Mən Azərbaycanın Dağlıq Qarabağda atdığı addımlarla razı deyiləm. İkinci Qarabağ müharibəsinin bəraəti yoxdur”. Xanım deputat Avropa Parlamentinin qətnamələrində olduğu kimi, suveren hüquqlarımızın bərpasına xidmət edən ötənilki antiterror tədbirini şübhə altına alaraq əlavə etdi: “Bu, mülkilərə qarşı silah işlətməyə haqq qazandırmır… İnsan tələfatı Laçın dəhlizinin blokadasından başladı. Bu, ermənilərin əzab çəkməsinə, hüquqlarının pozulmasına səbəb oldu”.

32 il ərzində milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətində ağır məhrumiyyətlər içərisində yaşamasına  göz yuman avropalı deputatların antiterror tədbiri zamanı guya mülki ermənilərə qarşı zor tətbiq edilməsi ilə bağlı uydurmaları təkcə həqiqəti təhrif etmir, bu yalan həm də ədavətin qızışdırılması və onun qalıcı olması məqsədini güdür. Bu  cür əsassız iddianı irəli sürənlər məqsədli şəkildə onu da unudurlar ki,  BMT missiyası onların iddialarını dəfələrlə təkzib edib, hətta N.Paşinyan belə etiraf edib ki, antiterror tədbiri zamanı mülki infrastruktur və mülki erməni əhalisi birbaşa təhlükəyə məruz qoyulmayıb. Amma görünən odur ki, Fransa Senatının qərəzli qətnamələrini sözbəsöz təkrarlayan Avropa deputatlarını həqiqət maraqlandırmır, onlar üçün vacib olan siyasi talelərinin asılı olduğu siyasi mərkəzlərin pərdəarxası göstərişidir.

Azərbaycanın Laçında sərhəd-keçid məntəqəsini qurması və bununla ermənilərin “miatsum” xülyasını tarixə gömməsi Fransanın siyasi elitasını hansı səviyyədə məyus edibsə, Avropa parlamentariləri də ən azı o qədər məyus olublar. Fərq ondadır ki, Fransanın hərəkət təşəbbüskarlığı siyasi elitasının özündən, Avropa parlamentarilərinin fəallığı isə daha çox kənardan, ilk növbədə, Fransa rəhbərliyinin diktəsindən qaynaqlanır. Elə buna görə AŞPA-nın əsas narazılıqlarından biri onunla bağlıdır ki, guya Azərbaycan  “Laçın koridorunda” ona monitorinq aparmağa imkan verməyib. Amma AŞPA təmsilçilərinin qəsdən unutduğu həqiqət ondan ibarətdir ki, Ağdamdan keçməklə Laçın yolunda monitorinq aparmaq təklifindən elə özləri imtina etmişdi. İndi bunu etiraf etmək onların işinə yaramır, çünki etiraf etsələr, Azərbaycanla bağlı təhrif etdikləri həqiqətlər üzə çıxacaq. İnsan hüquq və azadlıqlarının müdafiəsini əlində bayraq edən AŞPA etnik zəmində ayrı-seçkiliyə yol verirsə, bu, o deməkdir ki, onun dəyərlər adı altında apardığı mübarizə görüntü xarakteri daşıyır və yalnız məlum dairələrin siyasi ambisiyalarının Cənubi Qafqazda leqallaşmasına  xidmət edir. Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miatoviçin qış sessiyasındakı məruzəsi bu mənada istisna təşkil etmədi. Komissar Qarabağı könüllü şəkildə tərk edən ermənilərin hüquqlarının müdafiəsini məruzəsində xüsusi olaraq qabartdığı halda, Ermənistandan qovulmuş 300 minə qədər azərbaycanlının hüquqlarına bir cümlə belə ayırmadı. Bu cür ədalətsiz məruzələr əsasında Azərbaycanı qərəzli şəkildə hədəf seçən bir təşkilatdan obyektivlik ummaq əbəsdir. AŞPA son təşəbbüsü ilə yalnız ona nail oldu ki, cəmiyyətimizdə bu təşkilata az-çox bəslənilən ümidlər  heçə endi, dəyərlərin aliliyinə göstərilən ictimai etimada isə növbəti dəfə sarsıdıcı zərbə vuruldu.

Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrelin Azərbaycan əleyhinə şantaj xarakterli son açıqlamasına gəldikdə isə, o da ənənəvi olaraq eyni siyasi mərkəzdən güc alır. “Ermənistanın xilasını” özünün əsas hədəfi elan etmiş Prezident Makronun diktəsindən kənara çıxa bilməyən Avropa siyasətçiləri nədənsə unudur ki, böyük siyasətdə başqasının iradəsindən asılı olmaq, məhz belə asılılğa görə həqiqətləri təhrif etmək  məcburiyyətində qalmaq nə siyasətçinin özünə, nə də təmsil olunduğu təşkilata nüfuz gətirmir. Qərəzin arxasında həm də şəxsi, fərdi maraqlar dayanırsa, bu artıq dəyərlərə hörmətsizlik deməkdir. Belə siyasət nə Avropanın, nə də dünyanın təhlükəsiz nizamına xidmət etmir, əksinə, daha böyük qarşıdurmaya, fərqli coğrafiyalarda yeni toqquşmalara rəvac verir. Təəssüf ki, bu cür yanaşma Cənubi Qafqazda sülh gündəliyini də şübhə altına alır, ona bağışlanılmaz zərbələr vurur.

Azərbaycan cəmiyyətini haqlı olaraq düşündürən sual həm də ondan ibarətdir ki, ölkəmizə qarşı birləşmiş həmlənin səbəbi nədir? Axı, istər ərazi bütövlüyümüzün, istərsə də suveren hüquqlarımızın bərpası istiqamətində atdığımız bütün addımlar beynəlxalq hüquqa və BMT Nizamnaməsinə  tam uyğun şəkildə həyata keçirilib, antiterror tədbiri zamanı bir mülki erməninin burnu belə qanamayıb. 30 il ərzində vasitəçilərin, o cümlədən beynəlxalq institutların etməli olduğu, amma etmədiyi işi Azərbaycan təkbaşına görmək məcburiyyətində qaldı və sonda tarixi ədaləti  özü bərpa etdi.  Prezident İlham Əliyev bu sualın yeganə və həqiqətə söykənən cavabını 2022-ci ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında açıq mətnlə belə ifadə etmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

Tarixi Zəfərimizi həzm edə bilməyənlər birdəfəlik bilməlidirlər ki,  nə qərəzli qətnamələr, nə hansısa sanksiyalar, nə də ciddi siyasətçi təfəkkürünə yaraşmayan şantaj və hədə ritorikası Azərbaycanı haqq yolundan döndərə bilməz. Ölkəmizə qarşı səlib yürüşünə çıxanlar onu da bilməlidir ki, Azərbaycan xalqı və onun şəksiz Lideri-Prezident İlham Əliyev üçün Qarabağ, müstəqillik və suverenlik anlayışları arasında mövcud olan bərabərlik işarəsi milli ləyaqət anlayışı ilə tam eynilik təşkil edir. Ləyaqət və şərəf məsələsində isə  güzəştlər olmur. Üzərimizə gələnlər arasında bunun əksini düşünənlər varsa, deməli, dəyərlərimiz fərqlidir.

Milli Məclisin deputatı                                                                          

Ülvi Quliyev 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90