Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzər Şurasının yaradılmasını təklif edib.
Ulusal.az xəbər verir ki, Lavrov bu təklifi Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Moskvada keçirilən görüşü çərçivəsində səsləndirib.
“Biz inanırıq ki, işimizin səmərəliliyini katibliklər kimi bürokratik sxemləri olmayan əməkdaşlıq və dialoq forumu olan Xəzər Şurasının yaradılması ilə artırmaq olar”, o, xarici işlər orqanları rəhbərlərinin görüşü zamanı deyib.
Lavrov qeyd edib ki, Xəzəryanı ölkələrin birgə fəaliyyəti regionda və bütövlükdə Avrasiya məkanında təhlükəsizliyin təmin olunmasına böyük töhfə verir.
Rusiya xarici işlər naziri humanitar əməkdaşlıq, ekoloji təhlükəsizlik məsələləri və infrastruktur layihələri kimi əməkdaşlıq imkanlarını da qeyd edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması məsələsini müzakirə edib. Tərəflər ikitərəfli münasibətlərin aktual məsələlərini də müzakirə ediblər.






















