26-27 sentyabr 1968-ci il, sovet ordusunun iki əsgəri silahla hərbi hissədən qaçaraq Kursk şəhərində kütləvi qətl törədirlər.
Sıravi Viktor Korşunov Kursk şəhərində yerləşən hərbi hissədə xidmət edirdi. Müddətinin (2 il idi) bitməsinə az qalmış sevdiyi qızdan başqasına ərə getməsi barədə məktub aldı. Bundan sonra o, böyük bir cinayət törədərək ölmək qərarına gəldi. Amma “cəhənnəmə gedənin yol yoldaşı” ifadəsinə uyğun olaraq qərargahda mirzə işləyən yefreytor Yuri Surovtsevi də özünə qoşulmağa inandırdı.
İki əsgər sentyabrın 25-də iki avtomat silah, xeyli sayda güllə götürərək hərbi hissədən qaçdılar. Əvvəlcə Kursk partiya komitəsinin binasını ələ keçirmək istəyirdilər, amma sonra vaz keçdilər.
Əvəzində dəmiryol vağzalının yaxınlığında dördmərtəbəli binanın dördüncü mərtəbəsində bir mənzilə daxil oldular. Burada səkkiz nəfərdən beşini öldürdülər. Yalnız bir ana və iki uşağı sağ qaldı. Ananı araq dalınca göndərdilər, bildirdilər ki, əgər qayıtmasa və ya milisə xəbər etsə, uşaqlarını öldürəcəklər. Ana araq alıb qayıtdı, amma uşaqlarını artıq öldürmüşdülər. Əsgərlər qadını zorladılar, vanna otağına bağladılar, sonra da içməyə başladılar.
Sentyabrın 27-də dəmiryol vağzalı qarşısındakı meydanda çoxlu adam topaşdığını görüb kütləyə atəş açdılar. Bu zaman daha 6 nəfər öldürüldü, 11 nəfər yaralandı.
Tezliklə bina həm milislər, həm hərbçilər tərəfindən mühasirəyə alındı. Amma danışıqlar aparmaq mümkün deyildi, çünki canilərin irəli sürdükləri tələb, istək yox idi. Diviziya komandiri yefreytor Surovtsevə rütbəcə daha böyük kimi Korşunovu güllələməyi və təslim olmağı əmr edir. Qəribə də olsa, Surovtsev bu əmri yerinə yetirir.
Təslim olan əsgəri qəzəbli kütlədən qorumaq üçün milis forması geyindirirlər və bu yolla hadisə yerindən uzaqlaşdırırlar. Surovtsev məhkəmə tərəfindən edam cəzasına məhkum edildi və 1970-ci ilin mayında güllələndi.
Yadigar Sadıqlı