Məlum olduğu kimi, Ukraynanın Qərb tərəfdaşları ona verdikləri silahların, xüsusilə də uzaq mənzilli raketlərin Rusiya ərazisini vurmaq üçün istifadəsinin əleyhinədir. Ona görə də Ukrayna Rusiya ərazisindəki obyektləri yalnız özünün o qədər də güclü imkanlara malik olmayan hərbi dronları ilə vura bilir. Rusiya isə öz raket arsenalından Ukraynaya qarşı tam istifadə etməkdədir.
Ancaq Kiyev bu əlverişsiz vəziyyətdən çıxış yolu tapmaq üzrədir. Belə ki, Ukraynanın Rusiya ərazisini öz istehsalı olan raketlərlə vurmağa hazırlaşdığı görünür.
Ulusal.az Ukrayna mətbuatına isinadla xəbər verir ki, ölkədə yerli “Neptun” raket sisteminin yeni modifikasiyası hazırlanır. Ukrayna Müdafiə nazirinin müavini İvan Qavrilyuk yerli KİV-ə müsahibəsində deyib ki, hazırda “uzun Neptun” adlanan modifikasiyanın yaradılması üzərində iş aparılır:
“Söhbət “Neptun” kompleksi üçün raketin yeni modifikasiyasından gedir… Həmçinin, Strateji Sənaye Nazirliyi ilə birlikdə hava hücumundan müdafiə sisteminin gücləndirilməsi istiqamətində fəal iş aparılır.
İndi bu barədə ətraflı danışa bilmərik, mən yalnız “Buk” və “S-300” zenit-raket komplekslərinin modernləşdirilməsi üzrə işlərin davam etdiyini söyləyə bilərəm”.
Qavrilyuk yeni “Neptun”la bağlı əlavə detalları açıqlamayıb. Lakin mütəxəssislər hesab edirlər ki, söhbət Rusiya ərazisindəıki hərbi obyektləri vura biləcək raketlərdən gedir. “Military” portalı qeyd edir ki, “RK-360MC Neptun” kompleksi ilkin olaraq düşmənin döyüş gəmilərini məhv etmək üçün hazırlanıb. İndi isə söhbət yer hədəflərini vurmaq üçün “R-360” qanadlı raketinin yeni versiyasından gedir.
Xatırladaq ki, Ukraynanın Rusiyanın Qara dəniz Hərbi Donanmasını Sevastopoldan qova bilməsində və onun Qara dənizdəki hegemonluğuna son qoymasında “Neptun” raketlərinin xüsusi rolu olub.“AzPolitika.info”






















