“Qarabağ”ın hücumçusu Juninyonun “Sevilya” ilə danışıqlar aparmasından məlumatlısınız. Artıq bir müddətdir braziliyalı futbolçunun transfer məsələsi gündəmdən düşmür.
Ağdam klubunun qoleadoru təkcə İspaniya təmsilçisinin maraq dairəsində deyil. Juninyoya vətəni Braziliyadan da maraq var. Ölkənin köklü klublarından olan “Flamenqo” 28 yaşlı forvardla ciddi şəkildə maraqlanır. “Qırmızı-qaralar” hətta “Qarabağ”a rəsmi şəkildə müraciət edib.
Bunu Publika.az-a açıqlamasında menecer Tural Əsgərov bildirib. “Qarabağ”ın transfer əməliyyatlarında yaxından iştirak edən tanınmış agent real vəziyyətə uyğun olaraq bu məsələ barədə açıq danışmayıb. Lakin proses haqda mümkün olduğu qədər məlumat verib:
“Bildiyim qədər “Flamenqo”bu məsələdə israrlıdır və “Qarabağ”la əlaqə saxlayıb. Ancaq Ağdam klubunun rəhbərliyi həm Braziliya təmsilçisinə, həm də “Sevilya”ya bildirib ki, bu məsələdə Juninyonun fikri önəm kəsb edəcək. Juninyonun nümayəndələri “Flamenqo” ilə də əlaqədədirlər. Mən bu məsələdə tam məlumatlı deyiləm deyə fikir bildirməyəcəm. Məlumatlı olsam da, fikir bildirməyim düzgün olmaz. Həll olunmamış məsələlər olduğuna görə bir az gözləmək lazımdır”.