Ötərxan Eltac
Min dərdin dərmanı, şəfakarı olan Sirab kəndi və yerin yeddi qatından qaynayıb çıxan sirli, sehrli su… Neçə-neçə ağrı-acının məlhəmi olan təbiət möcüzəsi… dərdlərə dərman, könüllərə rahatlıq gətirən loğman bulaq…
Səndən bir qurtum içən oxxay deyib Tanrıya şükür etdi. Səndə şəfa tapanlar tərifindən səltənət qurdu. Beləcə, adın dildən-dilə keçib şeirləşdi, bayatılaşdı, dastanlaşdı. Hər damlanda hikmət aradılar, “fəzilətli sudur” dedilər.
Bəllidi ki, bu torpağın altı da, üstü də loğmandı, təbibdi, şəfa qaynağıdı. Elə haqqında söz açacağımız, cəsarəti ilə qəhrəmanlıq tarixi yazan, yaralansa da ölümə can verməyən igidimiz İqbal Zülfəli oğlu da bu şəfa qaynağı adlandırdığımız Sirab bulağının ətrafında – Babək rayonunun Sirab kəndində dünyaya göz açdı.
Naxçıvan şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirən İqbal ali təhsil almaq üçün paytaxta üz tutdu. Azərbaycan Dövlət Neft Akademiyasını qırmızı diplomla bitirdikdən sonra isə həqiqi hərbi xidmətə yollandı. Qeyd edək ki, İqbal mahir tenisçi olmaqla yanaşı, həm də peşəkar cüdoçudur. Tarixə, coğrafiyaya olan marağı onu həm də bir səyyah olmağa sövq edib. Bu gənc yaşda dünyanın bir çox ölkələrini gəzən İqbal həm də həzin, ürəyəyatımlı səs sahibidir.
İqbal ordu sıralarından tərxis olunduqdan sonra Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Zabit hazırlığı” kursunu bitirib “N” nömrəli hərbi hissədə motoatıcı taqım komandiri kimi xidmətə başladı. Ehtiyata buraxıldıqdan sonra ixtisası üzrə işləyən gənc leytenant 2020-ci il sentyabrın 27-də könüllü olaraq antiterror əməliyyatlarına qoşuldu.
İqbal Səfərov Füzuli istiqamətində qanlı toqquşmalarda düşmənə meydan oxuyan taqımların birinə rəhbərlik edirdi. Ən az itki verməklə, daha çox düşməni məhv etmək onun əsas amalı idi. Xocavənd, Tağ, Tuğ istiqamətində də düşmənə ölümcül zərbə vuran bölüklərin əsas məqsədi Şuşa –Laçın yoluna doğru irəliləmək idi. Dumanlı havadan istifadə edərək düşmənin daxilinə doğru hərəkət edən (dərinliyinə sızan) bölük ağır hücuma məruz qalsa da, arzusuna çata bildi, hətta komandir Səfərov iki gün ərzində mühasirədə tək-tənha, ac-susuz qaldığı halda, düşmənin gözündən yayınaraq Xüsusi Təyinatlılara qoşuldu. Aldığı yaraların ağrısına baxmayaraq, Şuşanın azad edilməsi üçün təpərinə güvəndi. Üçrəngli bayrağımızın Şuşada dalğalanmasında fədakarlıq göstərənlərdən oldu.
Zamanın yüyrək atı bizi doğma studiyada (FM-105 radiosu) görüşdürdü.
-Salam, İqbal bəy, 44 günlük amansız savaşdan elə də uzun zaman ayırmır bizi, hətta müharibənin ağrılarını hər birimiz öz varlığımızda hiss edirik, əsasən də siz döyüşçülər. Ağrılı günlərin ağrısını yenidən hiss edək bəlkə?
-Öncə Vətənimizin azadlığı uğrunda öz canlarından keçən övladlarımıza uca Tanrıdan rəhmət diləyirəm, nur içində yatsınlar, hər bir zaman onları anmağa borcluyuq. Onların qanı tökülən hər qarış torpaq müqəddəsdir, müqəddəsi qorumaq, sevmək isə insani keyfiyyətdir.
Sualınıza gəldikdə, qeyd etdiniz ki, müharibənin ağrılarını hər birimiz hiss edirik. Əslində, bu acıların mahiyyətini təfərrüatı ilə izah etmək, yaxud müharibənin yazılmayan qanunlarına bir-iki cümlə ilə şərh vermək çətin məsələdir. Amma qısaca deyim ki, müharibə mənim üçün faciədən başqa bir şey deyil. Müharibədən öncəki illərə nəzər salsaq, qisas hissi ilə alışıb-yanmaq, düşməni yuvasında ikən məhv etmək düşüncələri od üstünə od atmaq deyildimi?! Televiziya verilişlərindən, oxuduqlarımızdan görüb anlayırdıq, valideynlərimizdən, müəllimlərimizdən eşidir, müharibənin nə demək olduğunu dərk etməyə çalışırdıq. Onu da qeyd edim ki, atam Zülfəli də müharibə iştirakçısıdır. Birinci Vətən müharibəsində hətta əliyalın olduğu halda düşmən üzərinə yeriyən oğullardan biri olub. Yaxınlarımızın, doğmalarımızın əksəriyyəti xalqımızın digər övladları kimi Birinci Vətən (1-ci Qarabağ) müharibəsində – qanlı döyüşlərdə iştirak ediblər. Onların arasında şəhidlik məqamına ucalanlar da az olmayıb.
Müharibənin içində böyüdük. Güllənin, topun, mərminin səsi ilə yatıb-durduq. Qırıcıların səsinə alışdıq. Adiləşdi gözümüzdə. Ona görə də müharibəni başqa cür anlayırdım. Döyüşlərə qatılandan sonra isə faciənin nə qədər böyük olduğunu dərk elədim. Ritorik səslənsə də, düşüncəmə görə müharibədə heç kəs qazanmır, hər kəs nəsə itirir. Sülhün isə alternativi yoxdur. O səbəbdən də bütün dünyaya, xalqımıza sülh arzulayıram. Bir daha bu coğrafiyada müharibə yaşamayaq, sülh boy atsın bu torpaqlardan.
-Az öncə qeyd etdim ki, bu torpaqlar uğrunda saysız-hesabsız oğullar öz canlarından keçdilər. Himnimizdə deyildiyi kimi: “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu”. O qəhrəmanlıq tarixi yazanlardan biri də siz idiniz İqbal bəy. Özü də hansısa bir sahədə çalışdığınız halda vəzifənizdən, tutduğunuz mövqedən imtina edərək, taqım komandiri kimi döyüşlərə qoşuldunuz. Təbii ki, illərdən bəri qəlbinizdə düşmənə qarşı hansısa bir hiss boy atmışdı. O hisslər sizi ora aparmalı idi. Xocalıda baş verənlərin və ümumiyyətlə, illərdən bəri itirdiklərimizin qisasını almalı idiniz, bunu da bacardınız. İlk döyüşünüz hansı istiqamətdən başladı?
-İlk döyüş haqqında danışmazdan öncə bir məqamı xatırlatmaq yerinə düşər. Siz dəqiq vurğuladınız ki, Xocalıda baş verənlər və illərlə yığılmış qisas hissi… Fürsətdən istifadə eləyərək cənab Ali Baş Komandana təşəkkür eləmək istəyirəm. Bilirsiz ki, hər bir ordunun nə qədər güclü olmağından asılı olmayaraq, “irəli!” komandası verilməyənədək hərəkət edə bilməz. Təşəkkürümün mahiyyəti ondan ibarətdir ki, artıq illərlə aşıb-daşan səbrimiz tükənmiş, güclü ordumuz tam hazır vəziyyətə gətirilmişdi. Belə bir zamanda Baş komandan irəli əmrini verdi, biz də üzərimizə düşəni layiqincə yerinə yetirdik. Çünki Azərbaycan xalqının bizdən nə gözlədiyini yaxşı bilirdik.
İlk döyüşümüz Füzuli istiqamətində başladı. Oktyabrın əvvəlləri idi. Artıq ordumuz bir çox istiqamətlərdə nailiyyətlər əldə etmişdi. Biz də onlara qoşularaq Xocavəndə doğru hərəkətə keçdik.
-İqbal bəy, siz o zaman döyüşlərə qoşulanda artıq Suqovuşan da, Cəbrayıl da düşmənlərdən təmizlənmişdi.
-Elədir ki var. Bir çox ərazilər azad olunmuşdu. Bu da bizə qürur verirdi, daha da irəli atılaraq düşmənin kökünü kəsmək istəyirdik bu torpaqlardan.
Döyüşdə hər hansısa bir əsgərin, yaxud zabitin ovqatı nə qədər yüksək olursa-olsun, böyük bir ağrıların içərisindən keçərək yüksəlir. O ağrılar az öncə yanımızda olan, çiyin-çiyinə dayanan silahdaşlarımızı itirməkdən keçir. Az öncə düşmənə qarşı birgə vuruşduğumuz cəbhədaşlarımızı itirməklə hansı əzablara, hansı ağrılara dözürük, onu yalnız özümüz hiss edirik.
Füzuli istiqamətində ordumuz qısa zaman kəsiyində “Ohanyan səddi”ni darmadağın etdi. Baxmayaraq ki, həmin istiqamətdə bütün ağaclar tamamilə kəsilmiş, yerinə mina əkilmişdi, hətta betonlaşdırılmış topdağıtmaz səngərlər vardı. Saatlarla həmin səngərləri vursaq da, dağılmırdı ki, dağılmırdı.
-Bəs necə oldu ki, ordumuz o səngərləri yarıb keçdi?
-Düşmən 30 il idi ki, istehkam qurmaqla məşğul idi. İnanmırdılar ki, o torpaqlara Azərbaycan ordusunun ayağı dəyə bilər. Bu torpağın onlara məxsus olmadığını da yaxşı bilirdilər, ona görə də bütün kənd və şəhərləri viran qoymuş, məzarlıqları, tarixi abidələri, məscid və ziyarətgahları yerlə bir etmişdilər. Bir sözlə, Qarabağda nə vardısa, saxtalaşdırmağa – erməniləşdirməyə çalışmışdılar. Bizim isə geriyə yolumuz yox idi, yalnız irəli getməli idik. Nə qədər hiyləgər olsalar da, bir o qədər də qorxaq olduqlarını yaxşı bilirdik. Çətinliyə düşən kimi silah-sursatı, hətta yaralı silahdaşlarını qoyub geri çəkilirdilər. Təbii ki, bu torpaqları azad etmək, topdağıtmaz səngərləri ələ keçirmək asan başa gəlmədi. Bəzən elə oldu ki, beş qarışlıq məsafə üçün neçə-neçə şəhid verdik. Amma ruhdan düşmədik, bir-birimizi atmadıq. Şəhidlərimizi döyüş meydanında buraxmadıq, yaralıları təhlükəsiz yerə çıxararaq, yenə də irəli getdik. Başqa variant da ola bilməzdi, 30 ildən sonra əlimizə düşmüş fürsəti dəyərləndirməli idik. Ona görə də nəyin bahasına olur-olsun son nöqtəyə qədər döyüşməli, düşmənin ayağını kəsməli idik birdəfəlik bu torpaqdan. Bəzən üzbəüz döyüş daha ağır nəticə verir deyə, ağıla gəlməyən yollarla iki saatlıq məsafəni bir günə qət eləyir, düşmənin gözləmədiyi cinahdan hücum edirdik. Savadlı şəkildə hazırlanmış planlar bütün hallarda işimizə yarıyırdı.
-İqbal bəy, xoş xəbərlər məmləkətə yayıldıqca, qürur hissi qəlbimizi bürüyürdü. Öndə olan silahdaşlarımız həm də arxada olanlardan (xalq-ordu-ali baş komandan birliyindən) ilhamlanaraq, irəli şığıyırdılar. Cəbrayıl və Füzuli istiqamətində düşmənin saysız-hesabsız ağır texnikalarının atıldığına dəfələrlə şahidlik etdik. O texnikaların əksəriyyəti də yararlı halda idi.
-Bilirsiz, ordunu ruhlandıran amillərdən biri də, qeyd etdiyiniz kimi xalqın birliyi oldu. Bizə göndərilən məktublar, yardımlar… mahiyyəti fərq eləmir böyükdü, ya kiçik… o qədər ruh yüksəkliyi yaratmışdı ki, ta dayana bilməzdik.
Haşiyə: Bəzən deyirlər ki, düşmən dayanmadan qaçırdı. Əslində, bu fikirlə heç də razı deyiləm, çünki bu ordumuzun əziyyətini düzgün qiymətləndirməməkdir. Döyüşlərin iştirakçısı olaraq, qeyd etmək istəyirəm ki, düşmən də yetərincə müqavimət göstərir, mövqeyini qorumağa çalışırdı. Biz hücum edən tərəf olduğumuz üçün daim hərəkətdə idik. Yəni ölümün üzərinə yeriyirdik. Yollar minalı olduğu halda, necə ola bilər ki, həm də bu qədər topun, mərminin, minaatanın, raketin altında Azərbaycan əsgəri dayanmadan irəliləyir düşüncəsi ilə onlar sadəcə vahimələnirdi. Onlarla təmas xəttimiz yaxınlaşdıqca itkilərin sayından xoflanıb qaçmağı üstün tuturdular. Ona görə də bütün hərbi texnikalar arsenalımıza keçirdi.
–Ələ keçirilən texnikaların böyük əksəriyyəti Qənimətlər Parkındadır.
-Bu böyük fəxrdir. Siz özünüz də yaxşı bilirsiniz ki, bir ara Bakıya qədər tankla gələcəklərini söyləyirdilər. Özləri gəlməsələr də, tankları gəldi. (Gülür…)
-Hətta bu aralarda “qəhrəmanlıq simvolu” kimi Şuşanın yaxınlığında ziyarətgaha çevrilən sonuncu tank da gətirildi.
-Albertin ruhu şad olsun, lap uşaqlıqdan mən onun heyranıyam. O bizim üçün ölməyib, daim qəlbimizdə, yaddaşımızda, xatirələrimizdə yaşayır. O bir daha isbat elədi ki, haralı olmağından asılı olmayaraq, yaşadığın torpağı qorumaq nə deməkdir.
Televiziya ekranlarından o tankın götürülməsinə baxanda həqiqətən də çox təsirləndim. “Mən bu torpaqlarda yaşayıram, bura mənim vətənimdir, buranı qorumalıyam” kəlməsi əslində, çox böyük bir ifadədir. Onu da yalnız Albert kimi cəngavər, yurda, torpağa bağlı igidlər deyə bilərdi. Həmin tank da hələ Birinci Vətən müharibəsində Albert Aqarunovun məhv etdiyi tanklardan biri idi. Yəhudi əsilli Azərbaycan oğlu göstərdiyi rəşadətə görə elə o vaxtdan “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdü.
Son günlərdə ələ keçirilən silah-sursatın sayı da bəlli deyil. Nəinki Qafqazda, eləcə də dünya orduları sırasında layiqli yerini tutan ordumuz 44 günlük savaşdan sonra dünya tədqiqatçılarının, strateqlərin müzakirəsinə çevrilib. İldırımsürətli döyüşün qələbə ilə sona çatması bütün ehtimalları alt-üst edib. Ordumuzun hansı bir gücə sahib olduğuna tək Ermənistan deyil, dünya dövlətləri də şahidlik etdi. Əhalinin sayını, ərazi ölçüsünü böyük dövlətlərlə müqayisə etdikdə və çönüb baxdıqda ki, dünyanın ən güclü orduları Qarabağda apardığımız döyüşləri saf-çürük etməklə məşğuldurlar, onda qürur hissi bürüyür vücudu. Bu yurdun oğlu olduğu üçün fəxr edir adam. Hətta deyərdim ki, müharibənin bir mədəniyyət olduğunu ordumuz bütün dünyaya sübut etdi. Silahsız insanlara toxunmadan, yaşayış evlərini dağıtmadan və yazılmayan qaydalara riayət edərək nümunə olduğunu bir daha göstərdi.
-Xocavənd istiqamətində döyüşlər davam etməkdə ikən qruplar fərqli cinahlara üz tutdu. Bir hissəsi Qırmızı Bazar tərəfə, sizin də daxil olduğunuz bölük isə başqa tərəfə yol aldı. Növbəti hədəfə işıq tutaq, sirr deyilsə?
-Qızğın döyüş gedirdi. Hansı bir istiqamətdə cəmlənirdiksə, düşmən hədəfə alır, qarşımıza sədd çəkməyə çalışırdı. Daxil olan əməliyyat-kəşfiyyat məlumatlarına əsasən tez-tez aldadıcı manevrlərlə yerdəyişmələr edirdik ki, düşməni çaşdıraq. Ona görə də qüvvələri fərqli istiqamətlərə böldük. Öncə Tağ və Tuğ kəndlərini azad elədik. Düşmən ağır itkilərə məruz qaldı. Baxmayaraq ki, orada hərbi hissə də vardı. Təəssüf ki, itkisiz ötüşmədi o döyüş.
Ümumiyyətlə, bütün döyüş əməliyyatları çətin keçirdi. İstər Füzuli və Xocavəndin kəndləri, istərsə də digər bölgələrimiz olsun azad olunan hər qarış torpaq qanla alınırdı.
-Tağ və Tuğ kəndlərinin azad edilməsindən sonra növbəti hədəfə doğu hərəkətə keçdiniz…
-O günü yaxşı xatırlayıram. Hava qatı duman, həm də çiskin idi. On-on beş metrlik məsafədən uzağı görmək mümkün deyildi. Bu bizim işimizə çox yarıyırdı. Çünki hücum eləyən tərəf olduğumuza görə düşmənin bizi müşahidə etməsi çətinləşirdi. Demək olar ki, düşmənlə üzbəüz idik, hətta bir çox istiqamətdə düşmənin içərisində mövqelənmişdik. Daha dərinlərə irəlilədikcə, risklərimiz də artırdı. Artıq qaranlığa bürünmüşdük. Gecə saat 10 radələri olsa da, döyüş səngiməmişdi. Fürsəti fövtə vermədən irəliləyir, hədəfə tələsirdik. Hədəfimiz isə düşmənin yuvasına çevrilən, ağır texnika və canlı qüvvənin cəmləşdiyi Laçın dəhlizi idi.
-Laçın dəhlizinə qədər də sıx meşələrdən, uçurumlardan, dərin dərələrdən keçməli idiniz…
-Ötərxan müəllim, yaxşı xatırlatdınız, bu yaxınlarda Zəfər yolu ilə Şuşaya getmişdim. Enli asfalt yolla şütüyən avtomobilləri gördükdə həm qürurlandım, həm də gözlərimə inana bilmirdim ki, aman Allah, doğrudanmı bu həmin kol-koslu, uçurum yoldu, doğrudanmı silah-sursat daşımaqda çətinlik çəkdiyimiz kələkötür, nahamar, ot basmış dar çığırlar indi bu qədər göz oxşayan, çıraqban yollarla əvəzlənib. Həqiqətən də o qədər qürurlu idi ki, sözün gücü çatmaz təsvir etməyə.
Qeyd edim ki, o gecə avtomobillərin heç biri işıqdan istifadə etmirdi. Zülmət qaranlıq, qatı duman irəliləməyə mane olsa da, təyin olunan məntəqəyə çatmaqda israrlı idik. Bir yandan da yağış yağır, palçıq adamın əhədini kəsirdi. Uzunboğaz çəkmələrin çəkisi beş dəfə artmışdı. Dar cığırların bizi hara apardığını kəsdirmək çətin olmasa da, qarşıda nələrlə rastlaşacağımızdan xəbərsiz idik. Amma 30 ildən bəri düşmən caynağında inləyən o yerlər – itib-batmaqda olan ot basmış cığırlar, böyürtkən, qaratikan kolları, gün düşməyən meşəliklər, vıyıltıdan qulaq tutulan gədiklər, sıldırım qayalıqlar, sərt və nəfəs kəsən eniş-yoxuşlar bir yana, istənilən anda rastlaşa biləcəyimiz düşmən yuvalarını darmadağın etmək gücündə idik. Yolumuz Laçın dəhlizinə idi. Texnikaların hərəkəti isə mümkünsüz həddə çatmışdı. Hərbi karvan çətinliklə də olsa irəliləyir, dayanmırdı. Dan yeri ağarandan sonra duman da çəkilib getmişdi. Demək olar ki, tam açıqlıqda idik. Bəlkə də bizi izləyir, atəş açmaq üçün məqam gözləyirdilər. Qarşıdakı meşəyə girməyə tələssək də, ani ləngimə bizi artilleriyanın hədəfinə tuş gətirdi. İki yük maşını sıradan çıxarıldı və iki əsgər minaya düşdü. Amma uca Tanrının köməkliyi ilə hər ikisi ölümün cəngindən qurtuldu. Dərhal təhlükəsiz yerə çəkilərək mövqeləndik. Ta maşınlarla hərəkət etmək mümkün deyildi, çünki müşahidə nöqtəsində idik. Göydən od yağır, minaatanların, artilleriya qurğularının mərmiləri torpağın bağrını yarırdı. Çətinliklə də olsa, toparlanıb tapşırığa doğru hərəkətə keçdik. Çünki nəyin bahasına olur-olsun hədəfə çatmalı idik.
Növbəti komandaya əsasən dağ yollarını düşmənin içərisi ilə hərəkət etməli olduq. Silah-sursatımız çox ağır idi. Minaatanlar aparırdıq özümüzlə, hər birimizin daşıdığı yük ən azı 56 kiloqrama çatırdı. Bir yandan da qida çatışmazlığı vardı, susuzluq da ki, nəfəs kəsirdi. Həm də başdan-ayağa su içində idik. Bütün bunlara baxmayaraq, həmin o ağır çəkilərlə dağ yolunu aşmalı idik.
-Və heç biriniz həmin dağ yollarına bələd deyildiniz, daşlı, qayalı, sıldırım, uçurum, keçilməz sərt eniş-yoxuşlar…
-O anları xatırladıqca, duyğulanıram. Şanlı yürüş adlandırram o günləri. Hər birimiz dəfələrlə yıxılsaq da, bəzən dizimiz, bəzən əlimiz yaralansa da fərqinə varmadan irəliləyir, düşmən duyuq düşmədən hədəfə çatmaq istəyirdik. Qaranlıq gecədə çayın dərinliyini bilmədiyimiz halda əl-ələ tutub keçməyə çalışırdıq. Hava soyuq, su da buz kimi.
-Bütün çətinliklərə sinə gərərək düşmənin dərinliyinə varmağı bacardınız. Kirs dağı kimi strateji bir nöqtəni və Daşaltını keçmək çətin olmadı ki?
-Ümumiyyətlə çətinliklər həddən artıq çox idi. Çünki düşmən hər an bizi müşahidə edə bilərdi, dərinliklərə doğru irəlilkədikcə təhlükə daha da artırdı. Plana əsasən Laçın dəhlizinə girməli, düşməndən təmizləməli, Şuşaya gedən yolu açmalı idik. Artıq Şuşa göz önündə idi. Sağ cinahda güclü döyüş gedirdi. Xankəndi-Daşaltı-Şuşa yolunu kəsməli idilər ki, biz dəhliz istiqamətində uğurlu olaq.
-Yəqin ki, əsas məqsəd təminat yollarını bağlamaq idi?
-Bəli, bəli. Bayaq dediyim kimi bütün əməliyyatlarımız savadlı şəkildə aparılırdı. Elə ona görə də qısa zaman ərzində düşmənə diz çökdürmək mümkün oldu.
-Birinci Vətən müharibəsində minlərlə övladımız şəhid olub. Başsız bir ordu və başsız bir ölkə nə edə bilərdi axı, ona görə də o zaman uduzduq. 44 günlük savaşda isə vəziyyət başqa idi. 30 ilin köklü hazırlığı, modern ordu quruculuğu, müxtəlif təyinatlı ordu birləşmələri, xalq və ordu birliyi və dəmir yumruqlu Ali Baş Komandanın əzmi, iradəsi bizi Qələbəyə səsləyirdi. Bütün ordunun kompleks əməyini qeyd etmək istəyirəm. Burada artilleriya öz işini görür, koordinatlar dəqiqliklə məhv edilirdi, minaaxtaran qruplarımız çətinliklə də olsa, güllə yağışı altında dayanmadan, yorulmadan çalışırdı. Burada fərdi qəhrəmanlıqdan söhbət gedə bilməz, bütün ordu qəhrəmandır. Döyüş əməliyyatlarının hər biri çox mükəmməl şəkildə idi.
-Və beləcə, dəhliz adlandırdığımız Laçın yoluna daxil oldunuz. Nələr baş verdiyinin təfərrüatına varaq.
-O günləri həqiqətən də qürurla xatırlayıram. O gün təyin olunan nöqtəyə çatmaq üçün çox çətinliklərdən keçməli olduq. Mövqeləndiyimiz ərazidə, dəqiq desək, başımızın üstündə düşmənin PUA-ları uçuşurdu. Görüntü verməmək üçün maskalanmağa məcbur idik. Amma düşmənin ağlına gəlmirdi ki, onların arxasına keçmişik. Ona görə də gözlənilməz həmlələrlə demək olar ki, Laçın yolunun Şuşaya girişinə qədər olan hissəsini ələ keçirdik, təminat yolunu tamamilə bağladıq.
Dəhlizdə keçirdiyimiz uğurlu əməliyyatdan sonra növbəti tapşırığı yerinə yetirmək üçün plan cızıldı. Düşmən artilleriyası irəliləyişimizə əngəl olmağa çalışsa da, ovqatımız sanki bir qalxan kimi bizi qoruyurdu. Qarşıdakı yüksəkliyə doğru hərəkət edərkən ağır artilleriyanın hücumuna məruz qaldıq. Bunu əvvəlcədən təxmin etmişdik. Ərazidən yalnız sürünərək çıxmağın mümkün olduğu qənaətinə gəldikdən sonra zabit və gizir heyəti bölünərək hissə-hissə əsgərlərin arasında durduq. İtki vermədən ərazini tərk etmək ən böyük uğurumuz ola bilərdi. Mən arxa tərəfə düşdüm. Əsgərlərin böyük bir hissəsini çıxarandan sonra endirilən zərbələr daha da intensivləşdi. Ən dəhşətli an da o zaman baş verdi. Ətrafıma sancılan mərmilərdən qurtulmaq üçün hərəkətsiz vəziyyətdə bir ağacın kötüyünə sığındım. Artıq silahdaşlarımla əlaqəm kəsilmişdi. Hər kəsdən ayrı düşmüşdüm.
-Nə yola bələdsiniz, nə də silahdaşlarınızın aqibətindən xəbəriniz yoxdur.
-Nə baş verdiyinin fərqində deyildim. Bir neçə saat mövqeyimi tərk etmədim. Bölükdən ayrı qalmaq, daha doğrusu, itkin düşmək həyəcanı vahimə yaratsa da, silahdaşlarımın geri dönəcəyi düşüncəsi bir qədər rahatlıq verirdi mənə. Amma vaxt ötdükcə, rahatlıq yoxa çıxır, içimdə xof yaranırdı yavaş-yavaş. Əksər hallarda qorxunun üzərinə getməyi bacarsaq da, o gün qorxmamaq mümkün deyildi.
-Qorxunu, xofu yenərək cəsarətə çevirə bilirik amma…
-Qaranlıq düşəndən sonra sürünərək qayalığı keçdim. Ərazi düşmənin nəzarətində olduğu üçün riskə getmək istəmirdim. Gecəgörmə cihazları ilə izlənə biləcəyimdən ehtiyat elədim. Əsir düşməmək üçün çıxış vəziyyətini tədbirli olmaqda gördüm. Sürünüb asfalt yola çıxsam da, ərazini tanımadığım üçün hansı tərəfə gedəcəyimə qərar verə bilmədim. Qarağat kolunun arasında bir mövqe seçdim. Göynərtili tikanlar əllərimi nə qədər cızsa da, yerimi rahatlaya bildim. Hələ üstəlik qarağatın dadına da baxdım. Tamını hiss etmək üçün xofa qalib gəlməli idim. Əslində, hər dəfə adı qürurla çəkilən bu torpağa ilk dəfə idi ki, ayaq basırdım. Hər tərəf düşmən caynağında idi. Yola, izə bələd deyildim. Fikir-düşüncələr içində çıxış yolu axtarırdım. Bəzən qorxulu, bəzən də işıq dolu fikirlər bir-birini əvəz edirdi. Amma sonda genetik yaddaşım dadıma çatır, kim olduğumu andırırdı. Bax o zaman doğma elimdə düşməndən gizləndiyim üçün utanırdım özümdən.
Təxminən 36 saat ərzində o qədər qərarlar qəbul elədim ki… Günlərin gətirdiyi yorğunluq, aclıq, susuzluq, şaxtalı havanın illəti bir yana, əynimdəkilər də su içində idi. Fiziki cəhətdən də tükənmişdim xeyli. Hərdən mənə elə gəlirdi ki, psixologiyam çökür. Hər tərəf düşmən və mən tək-tənha. Qəti qərar qəbul etməli idim. Hər bir halda düşmənin əlinə keçmək istisnadır. Etiraf etməliyəm, saatlar irəlilədikcə çalışırdım ki, ağlımı qoruyam. Düşünürdüm ki, yalnız ağlımla qurtula bilərəm, mənfi düşüncələrdən, çaşacağımdan ehtiyat edirdim. Hətta bir anlıq düşündüm ki, düşmənə təslim olum, bəlkə də yaşamaq üçün bir işıq ucu olar, bəlkə əsirlərlə dəyişərlər. Sonra növbəti hiss baş qaldırırdı içimdə, yox, mən zabitəm, təslim ola bilmərəm. Bəlkə özüm özümü öldürüm, onsuz da ələ keçsəm öldürəcəklər. Nə qədər qərarlar versəm də, həyat çox şirinmiş. Gözləyirdim. Bəlkə də ordumuzun hissələrinə çox yaxınam, gəlib tapacaqlar məni. Hisslər məni çox yerə çəksə də, içimdə közərən ümid işığı öləzimirdi. O işıq yaşamaq uğrunda mübarizəyə səsləyirdi məni. Tələsmə, İqbal, bir az da səbr elə, deyə özümə toxtaqlıq verməyə çalışırdım.
İnsan gərək içindəki inam hissini boğmaya, onu öldürməyə. İnam hissi itdisə, o zaman insan ölmüş sayılır.
-Bəli insan inama yenildisə, onu zəfər gözləyə bilməz
-Zatən Zəfərimizin başlanğıcı da, sonu da inama bağlı idi.
-Bəs necə oldu ki, təxmin edə bilmədiyiniz cinahların vahiməsindən qurtula bildiniz?
-Gecə saat 4-5 radələri idi. Hiss elədim ki, haradansa səs gəlir. Qulaq kəsildim. Xeyli yaxınlaşdılar, ara-sıra eşidilən səslər sözə çevrildi, duydum ki, bizim dildə danışırlar. Amma hər birimiz bilirik ki, düşmən dilimizi yaxşı mənimsəyib. Bəlkə ermənilərdir, – deyə düşündüm. Hər bir halda içimdə ümid cücərmişdi ki, onlar bizimkilərdir. Amma yenə də ehtiyatla güllə darağını yerinə oturdub qarşıdan gələn qrupun önünə sədd çəkmək üçün elə Azərbaycan türkcəsində “dayan!” əmri verdim. Artıq ölüm qorxutmurdu məni. Kolda gizlənməkdənsə, döyüşərək kişi kimi ölməyi şərəf sanırdım. Kim olduğumu soruşdular. Qürurla Azərbaycan ordusunun zabitiyəm, – dedim. Şübhə ilə yanaşdılar. Onların kimliyi də mənim üçün şübhəli idi.
Həyəcanlı dəqiqələr idi. Sual sual dalınca yağırdı. Onlara bildirdim ki, əlimdə (F-1) qumbara var, özü də döyüşə hazır vəziyyətdədir. Səhv bir hərəkət eləsəniz, özümlə bərabər sizi partladacağam. O zaman mənə elə gəlirdi ki, tək bir qumbara ilə bütün taqımı məhv edə bilərəm, qorxu, ürkü qeybə çəkilmiş, yerini cəsarətə buraxmışdı.
-Komandir, həyəcanlanma, biz Azərbaycan ordusunun Xüsusi Təyinatlılarıyıq. İtkin düşməyiniz haqqında məlumatımız var. Sadəcə, əmin olmaq istəyirik ki, həqiqətən də sizsiniz, ya yox, – qarşı tərəfdən kimsə dilləndi.
Uzun-uzadı sorğu sualdan sonra tərəflər bir-birini tanıdı.
-Komandir, yaxınlaş bizə!
-Düzünü deyim ki, çox həyəcanlı idim, onların XTQ olduğuna əmin olsam da, günlərin gətirdiyi həyəcan, tənhalığın xofu hələ də məni tərk eləməmişdi. Bir tərəfdən də ümid və inamın həqiqətə çevrilməsi fonunda özümü o qədər itirmişdim ki, onlara yaxınlaşanda az qala qeyri-ixtiyari qumbaranı buraxacaqdım. O zaman Elşad əlimdən tutmasaydı (adını sonradan öyrəndiyim XTQ mənsubu), nələrin baş verəcəyini təsəvvürə gətirmək dəhşətdir.
-XTQ ilə rastlaşdıqdan sonra içinizdəki xof, vahimə sizi tərk etmişdi. İnandığınız, güvəndiyiniz oğullarla çiyin-çiyinə idiniz. Bu dəfə əsas hədəfə doğru addımlamaq üçün verilən əmr yəqin ki, Şuşanın azadlığı idi?
-Qeyd etdiyiniz kimi, o qədər sevincli, fərəhli idim ki… artıq özümüzünkülərlə bir yerdə addımlayırdım. Düşmən əlinə düşmədən ordumuza qovuşmuşdum. Yaşamağın qiymətini bir daha anladım o zaman. Artıq gücüm, qüvvətim yerində idi. Amalımıza doğru addımlamaq üçün tam hazır idim. Onlarla bərabər qala-şəhərə doğru hərəkətə keçdik.
Təəssüf ki, şəhərə girməzdən öncə baş verən döyüşdə 2 şəhid, 29 yaralı verdik. Artilleriya susmaq bilmirdi, amma yenə də şəhid və yaralıları döyüş meydanından çıxardıq.
O ərəfədə aldığımız xəbər hər birimizi sevindirdi. Düşmən Daşaltıda məğlubiyyətə uğramış, Şuşa bütün istiqamətlərdən mühasirəyə alınmışdı. Sursat dolu əsgər çantaları ilə sərt qayaları dırmaşan oğulların cəsarəti qarşısında heyrət etməmək mümkün deyildi. Düşmən inana bilmirdi ki, bu qədər qısa zaman ərzində Azərbaycan əsgəri sürətli manevr edərək Şuşaya girə bilər. Onu da qeyd edim ki, o zaman artıq bizim “nümayəndələrimiz” səssiz-səmirsiz Şuşaya girmişdilər.
Düşmən bizi qarşısında görəndə böyük bir çaşqınlıq yarandı, çünki hücum hərtərəfli oldu. Artıq onlara heç bir təminat gəlmirdi. Mühasirədə olduqlarını başa düşəndə o qədər vahimələndilər ki, hətta tankı qoyub qaçdılar, baxmayaraq ki, biz avtomatla onların üzərinə yeriyirdik. Əlbəyaxa döyüşlər də az olmadı.
Ordumuzun qarşısında tab gətirə bilməyən düşmən çaşqınlıq içərisində geri çəkildi. O qədər sevinc içində idik ki, o anları ən istedadlı söz sahibi də qələmə almaqda çətinlik çəkər. Sevinc göz yaşları ilə bir-birimizi qucaqlayır, bağrımıza basır, elə hey qışqırırdıq. Hətta yaralılarımız da öz ağrılarını unudub “Qələbə, Qələbə!” – deyə hay salmışdılar.
Azərbaycan ordusu həqiqətən də tarixdə bənzəri olmayan döyüş nisbətində ağır texnikalara qarşı yüngül silahlarla qəhrəmanlıq salnaməsi yazdı. Şanlı qələbəmizin təməlini qoydu. Düşmən bir daha başa düşdü ki, Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyəcək. Beləliklə, bayrağımız Şuşaya sancıldı, düşmən kapitulyasiya aktını imzaladı və təslim olduğunu bəyan elədi.
Qeyd edək ki, baş leytenant İqbal Zülfəli oğlu Səfərov döyüşlərdə göstərdiyi xidmətə görə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.