Əvvəlki yazılarda HƏMAS-ın İsrailə hücumunun arxasında dəhlizlər uğrunda mübarizə yatdığını, digər məqsədlərin isə ərəb-yəhudi anlaşması ilə İranın meydandan çıxarılmasının qarşısını almaq və İsrailin İranla həmhüdud ölkələrlə əməkdaşlığının güclənməsinə cavab ola biləcəyini qeyd etmişdik. Digər hədəf isə İsrailin hərbi qüdrəti, İsrail təhlükəsizlik xidmətinin üstünlükləri haqda yaranmış təsəvvürləri dağıtmaq, İranı Yaxın Şərqin ən qüdrətli dövləti kimi göstərməkdir.
Dünya mediasının da təhlilləri bu istiqamətdədir. Müşahidəçilər diqqəti başqa fakta da yönəldirlər: İran Səudiyyə Ərəbistanı-İsrail razılaşmasının Ər-Riyadın Tehranla gərginliyi azaltmaq səylərinə zərbə vuracağına dair əvvəldən siqnal göndərib. Belə ki, İranın dəstəklədiyi husi qruplaşması Səudiyyə ilə Yəmən sərhədində dörd bəhreynli əsgəri qətlə yetirib. Bu hücum Yəməndə səkkiz ildir gedən münaqişədə sülh danışıqlarına təhdid yaradıb . “Reuters” qeyd edir ki, ki, HƏMAS İsrailə hücum edərkən yeni regional təhlükəsizlik nizamı təşəbbüslərini hədəfə alıb. Bu hücum son on illərin ən böyük analoji halıdır və ABŞ-ın Səudiyyə-İsrail münasibətlərinin normallaşdırılması cəhdləri fonunda baş verir. Qeyd olunurdu ki, Vaşinqtonla Ər-Riyadın müdafiə sazişi qarşılığında atılan bu addımlar İranla yaxınlaşmanı poza bilər. Fələstin rəsmiləri və regiondakı mənbənin sözlərinə görə, bu hücumun bir mesajı da odur ki, İsrail sülh istəyirsə, fələstinliləri nəzərə almalıdır. (Azadlıq radiosu).”Sizin (ərəb dövlətləri) İsraillə imzaladığınız bütün razılaşmalar bu münaqişəyə son qoymayacaq”, – Qəzza zolağını idarə edən HƏMAS-ın lideri İsmayıl Haniyə “Əl-Cəzirə” televiziyasına deyib. O, İsraillə anlaşmağa çalışan Səudiyyəyə, eləcə də bu normallaşmanı və İsraili dəstəkləyən amerikalılara mesaj verib: “Fələstinlilər bu tənlikdən kənar saxlandıqca, bütün regionda təhlükəsizlik bərqərar olmayacaq”.
Vaşinqtondakı Con Hopkins Beynəlxalq Araşdırmalar Məktəbinin Yaxın Şərq üzrə analitiki Laura Blumenfeld deyir ki, HƏMAS daha geniş İsrail-ərəb sazişləri fonunda əhəmiyyətsiz göründüyünü hiss etdiyi üçün hücuma keçə bilərdi: ” HƏMAS israillilər və səudiyyəlilərin razılaşmaya doğru irəlilədiyini görüncə qərar verdi: Masada yer yoxdur? Onda yeməyə zəhər qat”.
Yaxın Şərq üzrə keçmiş ABŞ diplomatı Riçard LeBaron isə bildirib ki, HƏMAS-ın hərəkətləri səudiyyəlilərə aydın şəkildə xatırladır ki, Fələstin məsələsi normallaşma danışıqlarında daha bir alt-mövzu olmamalıdır”.
İran mediası HƏMAS-ın İsrailə qarşı təşkil etdiyi “kortəbii” hücumu dəstəkləyib. Tehran şənbə hücumunu “fələstinlilərin özünümüdafiə aktı” adlandırıb. İranın Ali dini liderinin müşaviri Yəhya Rəhim Səfəvi deyib ki, Tehran “Fələstin və Qüds azad olunanadək” fələstinli döyüşçülərin yanında olacaq. Oktyabrın 8-də İranın Baş Qərargah rəisi Məhəmməd Baqeri verdiyi açıqlamada HƏMAS-ı “ilhamverici olduğu qədər də mürəkkəb” adlandırdığı əməliyyata görə təbrik edib. Baqeri bildirib ki, HƏMAS İsrailin “qüdrətinin yalan olduğunu” “bir daha sübut edib”.
İranın rəsmi mediasında da oxşar şadlıq tonu hökm sürür. Ali Milli Təhlükəsizlik Şurasının orqanı olan “Nur News” İsrailin hava hücumundan müdafiə sistemi olan “Dəmir Qübbəni “qum qalası üzərində qurulmuş saxta günbəz” kimi ələ salıb. Gündəlik “Sharqdaily” qəzeti hücumun baş verdiyi günü İsrail üçün “Qara şənbə” kimi qiymətləndirib (BBC).
Səudiyyə mediası isə HƏMAS-ı sərt şəkildə tənqid edib, bəzi şərhlərdə bu əməliyyatda İranın əli ola biləcəyi vurğulanıb. “HƏMAS İranın ambisiyalarına xidmət edən, Səudiyyənin regionda sülh yaratmaq cəhdlərini pozmaq istəyən bir qrup” kimi təqdim edilib.
İran əleyhinə fikirləri ilə tanınan ABŞ dövlət katibinin keçmiş müavini Devid Şenker “Əl-Arabiyyə” kanalında çıxışında hücumun İranın təşviqi ilə təşkil edildiyini iddia edib. O, iddiasına sübut kimi HƏMAS-ın Livandakı nümayəndəsinin İranın paytaxtı Tehrana son səfərini göstərib. Şenker, İranın Səudiyyə Ərəbistanı və İsrailin normallaşma prosesinə görə ” HƏMAS-dakı nümayəndələrindən İsraili qızışdırmağı” tələb etdiyini iddia edir. Şenker hücumların məqsədinin normallaşma razılaşmasını 5-6 ay “gecikdirmə” ehtimalının olduğunu deyir.
“Aş-şarq əl-Ausat” qəzetinin keçmiş baş redaktoru Tariq Əlhomayed “Qəzza və faydasız müharibə” adlı yazısında müharibəni “faydasız” adlandırmasını belə izah edib: “Faydasız müharibələr deyirəm, çünki onlar strateji məqsədi olmayan, İran və ona bağlı olan dövlətlərin dəstəklədiyi müharibələrdir, fələstinlilər üçün daha yaxşı həyat şəraiti təmin edəcək İsraillə sülh fürsətinə zərbədir. Üstəlik, Misir seçki ərəfəsindədir və ABŞ da seçki kampaniyasının başlanğıcındadır… İran əsl sülh və ya xüsusilə Səudiyyə-İsrail sülhü arzulamır, çünki bu baş verərsə, bölgənin simasını dəyişəcək”.
Rus mediası bölgədə artan gərginliklə bağlı ABŞ-ı tənqid edib (BBC). Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev verdiyi açıqlamada, İsrail və Fələstin arasında gərginliyin artmasının “gözlənilən” bir hadisə olduğunu bildirib. Medvedev Vaşinqton və onun “müttəfiqləri”ni ittiham edərək yazıb ki, “onlar bizim işlərimizə qarışmaqdan və Ukraynadakı nasist tərəfdarlarına kömək etməkdənsə, Fələstin və İsrail yaşayış məntəqələri ilə məşğul olmalı idilər. “Rossiya 1” telekanalının Fələstindən reportaj hazırlayan müxbiri HƏMAS-ı tərifləyərək onun “günahsız hərbi hərəkət etdiyini” və İsrailin buna cavab olaraq “300-dən çox günahsız mülki vətəndaşı” öldürdüyünü bildirib.
Çin Mərkəzi Televiziyasının (CCTV) 7 və 8 oktyabr tarixlərində xəbər bülletenlərinin əsas mövzusu Fələstinin İsrailin hava hücumlarına necə cavab verməsi olub. “ABŞ və bəzi Qərb ölkələrinin tez bir zamanda tərəf tutmaq qərarı nəinki problemin həllinə kömək etmir, həm də odun üstünə yanacaq qatır”, – dövlətə məxsus “Global Times “ qəzeti 8 oktyabr tarixli Çin və ingilis redaksiyalarında yazır.
Hindistanda media hökumətin mövqeyində “əhəmiyyətli dəyişikliyə” diqqət çəkib. Hindistan mətbuatının yazdığına görə, Dehli administrasiyası İsrail-Fələstin münaqişəsi ilə bağlı “diqqətlə nümayiş etdirilən balanslaşdırma mövqeyindən” uzaqlaşıb və İsrailin tezislərini dəstəkləyib.
Hindistan və Çinin mövqeyi fikrimizcə, bu məsələdə xüsusi olaraq maraq doğurur. Çünki İMEC (Hindistan-Yaxın Şərq-Avropa) dəhlizi ilk növbədə Hindistanın, “Orta dəhliz” isə Çinin marağındadır. Əvvəlki yazılarda İranın Zəngəzur dəhlizi ilə bağlı mənasız gərginlik yaratma təşəbbüslərinin Dehlini Cənub –Şərq dəhlizi layihəsindən uzaqlaşdıraraq başqa layihələrə meyilləndirdiyini qeyd etmişdik. Eyni zamanda Çinin İraq üzərindən daşımalara kapital yatırımlarına diqqət çəkərək süni gərginlik davam edəcəyi halda, Pekinin də başqa marşrut seçə biləcəyini təxmin etmişdik. HƏMAS-ın İsrailə hücumu yalnız Misir və ABŞ seçkilərinə təsir etmir və ya ərəb-yəhudi sülh anlaşmalarını pozmur, bu, həm də İMEC-in reallaşmasını sual altında qoyur və İranın dəhlizlərlə bağlı aktuallığını artırır.
Cəmaləddin Quliyev, siyasi ekspert