Zəngəzur dəhlizi ilə bağlı veriləcək qərar Ermənistanla Rusiya arasındakı münasibətlərdə ən kəskin qırılma və ya yenidən yaxınlaşma nöqtəsi olacaq
Namiq Bilal
Rusiya və Ermənistan arasinda münasibətlərin kəskinləşməsi ilə bağlı məlumatların sayı hər keçən gün artır. Ustəlik, bu kəskinləşmə üstüörtülü diplomatik mesajlar vasitəsi ilə deyil, rəsmi qurumlar tərəfindən media qarşısında söylənən qarşılıqlı ittihamlar şəklində baş verir.
Rusiya XİN Ermənistanın tarixi saxtalaşdirma faktına sərt formada reaksiya verdi. Az sonra nazir Sergey Lavrov mikrofon önündə Paşinyanı üç tərəfli sazişi pozmaqda və Zəngəzur dəhlizini sabotaj etməkdə günahlandırdı.
Ermənistan XİN isə Rusiyanı Cənubi Qafqazda sülhün yaranmasına mane olmaqda ittiham etdi.
Digər yandan, Kremlin az qala rəsmi sözcüsü kimi çıxış edən Vladimir Solovyov öz şousunda bir qədər də irəli gedərək ˝Bu siyasət davam edəcəksə, Ermənistan Leninin türklərdən qopardığı 9 min kvadrat kilometr ərazidə qalacaq˝ ifadəsini səsləndirir.
Еrmənistan və onun kimi ˝proyekt dövlətlər˝ böyük güclərin maraqlarına xidmət etmək üçün yaradılır. Belə maraqlar tükənəndə və ya ˝proyekt dövlətləri˝ quran böyük güclər çökəndə süni yaradılmış dövlətlər də xəritələrdən silinib yox olurlar.
Ermənistanı böyük Türk dünyasına qarşı istifadə etmək üçün Rusiya yaradıb. İndi Rusiya zəifləyir və erməni cəmiyyətində Moskvanin Ermənistanı qoruyub saxlaya bilməyəcəyi barədə şübhələr artır. Şimal qonşumuzun Qarabağı Ermənistan üçün saxlaya bilməməsi həmin şübhələri körükləyən əsas göstərici oldu.
Hərbi qüdrəti böyüyən Türkiyə və Azərbaycan fonunda Cənubi Qafqazda qüvvələr nisbəti türklərin lehinə və Rusiyanın əleyhinə dəyişir. Əslində Qarabağın Azərbaycana qaytarılması da yeni yaranmış qüvvələr nisbətinin məntiqi nəticəsidir.
Ermənilər əndişə içindədirlər və erməni politoloqlarının bu gün baş sındırdıqları ən ağrılı məsələlərdən biri ˝Ermənistanı bir dövlət kimi saxlaya biləcəyikmi˝ qorxusudur. Bu gun erməni cəmiyyətini və diasporasını silkələyən ən önəmli sual da ˝Rusiya ilə davammı, yoxsa yeni havadara-Qərbə sığınmaqmı˝ sualıdır. Erməni cəmiyyəti və diasporası qərbpərəst və rusiyapərəst olmaqla iki radikal cəbhəyə bölünüb.
Əslində hər iki yolun da qaranlıq dalan olduğunu soyuq başla düşünən erməni politoloqları və elitası anlayır. Əvvələr erməni dövlətini tükü də tərpənmədən qoruya bilən Rusiya bu gün öz müttəfiqini sosial, iqtisadi, hərbi və geopolitik təhdidlərdən qorumaq gücündə deyil. Bu fakt Qafqazda erməni kimliyinin sahibsiz qalması deməkdir.
Böyük güclərin təhriki ilə türklərə qarşı dəhşətli qırğınlar törətmiş kiçik erməni varlığı yüz milyondan artıq türkün əhatəsində böyük güclərə söykənmədən uzun müddət davam gətirə bilməz. Bu səbəbdən,˝Rusiya bizi qoruya bilmirsə, Qərbə sığınaq˝ məntiqi ermənilər üçün cəlbedici görünür.
Lakin, Rusyadan ağrısız-acısız səkildə qopub, Moskvanın dağıdıcı cəzalandırması ilə üz-üzə qalmadan Qərbə doğru rahatca çevrilmək mümkünsüzdür və bu reallıq erməni siyasətçiləri tərəfindən anlaşılır. Rusiya əsas gücünü Ukrayna cəbhəsinə yönəltmiş olsa da, Ermənistanda hələ də sanballı hərbi bazaları qalmaqdadır. Erməni iqtisadiyyatının ana damarları da birbaşa Rusiyaya bağlıdır. Bu ölkənin ən böyük infrastrukur obyektləri Rusiya Federasiyasının mülkiyyətidir.
Bütün bu deyilənlərə istinadla söyləmək olar ki, Ermənistan dövləti tarixinin bəlkə də ən böyük qaranlığındadır. Onu yaratmış olan Rusiya öz müttəfiqini yetərincə qoruya bilmir, üstəlik əlindən də buraxmır. Əslində buraxa da bilməz.
Kremlin prizmasından baxanda, Ermənistanın Qərblə və NATO bloku ilə yaxınlaşmasına göz yummaq, Rusiyanın geopolitik maraqlarının Moskvanın özü tərəfindən ayaqlar altına atılmasıdır. Rusiya ictimai rəyində də məsələyə yanaşma oxşardır- ˝Kim öz əli ilə qurduğu qalanı müqavimətsiz-filansız düşməninə hədiyyə edər?˝
Bu məngənədə çabalayan Ermənistan rəhbərliyi ermənisayağı manevrlər etməklə vəziyyətdən çıxmağa şalışır. İrəvan Moskva ilə çarpışırmış kimi görünür, lakin nə Avrasiya İqtisadi Birliyindən, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmır, üstəlik Rusiya ilə ticarət həcmini artırır. Digər tərəfdən, Qərblə yaxınlaşırmış kimi görünür, amma Qərbin istəklərini də tam həcmdə yerinə yetirmir. Belə manevrlər müəyyən müddət işə yaraya bilər. Amma günün birində konkret mövqe seçmək lazım gələcək. Və o gün yaxınlaşır.
Ermənistan üçün “X günü” İrəvanın Zəngəzur dəhlizi ilə bağlı qərar verəcəyi gündur. Rusiya var gücü ilə dirənib dəhlizin Moskvanın şərtləri daxilində açılmasını tələb edir. Ermənistan hələ dirənir. Dəhlizin hansı şərtlər daxilində açılması (və ya açılmaması) ilə bağlı veriləcək qərar Ermənistanla Rusiya arasındakı münasibətlərdə ən kəskin qırılma və ya yenidən yaxınlaşma nöqtəsi olacaq.