Son zamanlar İran rejiminin Azərbaycana qarşı təhdidləri və ümumilikdə İran-Azərbaycan münasibətlərində yaranan gərginlik regiondan kənarda da diqqətlə izlənilir.
Ukraynada ən tanınmış hərbi ekspertlərdən biri, Ukrayna Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviç Ukrayna kanallarının birinə açıqlamasında İranın təhdidlərinə və Azərbaycanın mümkün cavab tədbirləri mövzusuna toxunub: “İranlılar tankları ora-bura sürüb Azərbaycanı və Türkiyəni qorxutmağa çalışacaqlar. Amma “problem” ondadır ki, onlar qorxmurlar, hətta bəlkə də özləri istəyirlər ki, İran “dingildəsin”. Belədə ABŞ və İsrailin vəziyyətdən istifadə etmək şansı yaranacaq”.
Arestoviç İran- Azərbaycan sərhədində yaranmış gərginliklə bağlı da fikirlərini bildirib.
“Ermənistan və İran məhsul mübadiləsindən çox asılıdırlar, İran isə bunun üzərindən böyük pullar və imkanlar əldə edir. Əgər Azərbaycan və Türkiyə Zəngəzur dəhlizini inşa etsələr, o zaman Bakı və Ankara şərti olaraq əsas nəqliyyat arteriyasına çevriləcəklər. İran arteriyası isə bu halda nəinki zəifləyəcək, hətta deyərdim ki, bu arteriya kəsiləcək. Bu isə qəti şəkildə İranın maraqlarına uyğun deyil”, – deyə o qeyd edib.
Aresatoviç Güney Azərbaycanda 30 milyona yaxın Azərbaycan türkünün yaşamasını da xatırladıb: “Ancaq unutmaq olmaz ki, vaxtilə Azərbaycanın tərkib hissəsi olan Güney Azərbaycanda çox sayda azərbaycanlı yaşayır, hətta deyərdim, onların sayı on milyonlarladır… Onlar Azərbaycanla döyüşmək cəhdinə necə reaksiya verəcəklər? Bu, eyni xalqdır. Belədə İranın özünün daxilində problemlər yarana bilər. Odur ki, iranlıların öz silahlarını ora-bura fırlamasına baxmayın, bu heç də həmin silahlardan istifadə ediləcəyi demək deyil”.






















