İranda qazın kəsilməsi və havaların soyuq keçməsi şəhər və kəndlərə kerosin paylanmasına səbəb olub və bu da neft lampalarının qiymətini 5.5 milyon tümənə yüksəldib. Hətta 40 il əvvələ aid olan neft lampası 5 milyon 800 min tümənə satılır.
“Tejarat News” saytı İranda neft lampalarının qiymətinin 12 dəfə artdığını açıqlayan hesabatında bütün növ yeni və ənənəvi isitmə cihazlarının qiymətinin bahalaşdığını yazıb.
İranda qaz istehlakının kəskin artmasına və nəticədə təzyiqin aşağı düşməsinə və bəzi şəhərlərdə qazın kəsilməsinə səbəb olan soyuq hava şəraiti bir çox insanı köhnə istilik cihazlarından istifadə etməyə məcbur edib. Hazırda İranda köhnə istilik cihazları, məsələn, neft lampaları çox baha qiymətə satılır. İmkanı olanlar isə qızdırıcılar, sobalar və s. kimi yeni istilik cihazlarını alırlar.
Son vaxtlara qədər qaz çatışmazlığının əhatə dairəsi yalnız sənaye sahələrinə təsir edirdi, lakin vəziyyət o qədər ciddiləşib ki, çatışmazlıq ölkədə ofislərin, bankların, məktəblərin, universitetlərin və özəl sektorun bağlanmasına səbəb olub. Ölkənin neft naziri Cavad Oci insanlara qaz istehlakına nəzarət etməyi tövsiyə edib: “Daha çox geyinin. Evimin temperaturu – 21-22 dərəcədir. Evə girən kimi tez isti paltarlar, corablar geyinirəm”.
O, qaz çatışmazlığı böhranının kəskinləşməsinin səbəblərindən birini Türkmənistanla əlaqələndirib və deyib: “Türkmənistanın qaz mübadiləsi tamamilə kəsilib. Amma qaz xəttinin dəyişdirilməsi və cənubda hasilat gücündən maksimum istifadə etməklə biz indiyədək ölkənin qaz təchizatının fasiləsizliyini qoruyub saxlaya bilmişik”.






















