image-rt-reklam
image-iran-xeritebackend

“İran” adlı “ölkə” Əfqanıstanda yerləşib – Sensasion fakt

image-728x90

Kult.az ədəbiyyatşünas Pərvanə Məmmədlinin tərcüməçi Əli Şükrü ilə elmdə və ədəbiyyatda İran terminin yaranması, ilkin coğrafi hüdudları, İranı idarə edən şahlar və s. ilə bağlı müsahibəsini təqdim edir:

– “İran” sözü necə yaranıb? “İran” istilahı ilk dəfə hansı əsrdə, harada və kim tərəfindən söylənilib və ya yazılıb? Bununla bağlı mənbə göstərə bilərsinizmi?

– “İran” sözünü, əgər səhv etməsəm, birinci dəfə indiki Əfqanıstan torpağında yaşamış, bəzi rəvayətlərə görə Firdovsinin ustadı olmuş Əsədi Tusi və daha sonra Əbülqasim Firdovsi işlədib. Firdovsi yazdığı “Şahnamə” əsərində İran kəlməsi işlədib və bu da çox maraqlıdır ki, onun şəhərlərini və hüdudlarını da müəyyən edib.

Dediyim kimi, mən bildiyim qədər, Əsədi Tusi bu sözü birinci dəfə işlədib. Firdovsi X-XI əsrdə Sultan Mahmud Qəznəvinin hakimiyyətdə olduğu dövrdə yaşayıb. O zaman Bağdad xəlifəsi, Abbasi xəlifəsi də mövcud idi. Amma əslində de-fakto ölkəni idarə edən Qəznəvi hökmdarı Sultan Mahmud idi. Bağdadda onun sözü keçirdi. Türk dünyası o zaman çox üzdə idi. Elə Firdovsi türk dünyasının, türk hökmranların sarayında yetişdirilmiş bir fiqur, şair olub. O tarixdən daha çox, məncə, türklərin tarixini qabardıb. Hər şey onun əlində idi. Hətta Bağdad xəlifəsi də onunla hesablaşırdı. Buna rəğmən gəlib bir dənə fars şairinə icazə verib ki, farsları götürüb göylərə qaldırsın. O isə türkləri müəyyən yerdə təhqir edib, alçaldıb. Hökmdarlar o zaman təkcə güclərilə, varlıqlarıyla, dövlətləri ilə deyil, daha çox çevrələrində olan ədiblərlə fəxr edirdilər. Bu çox əhəmiyyətli idi. Firdovsi birinci dəfə İran məsələsini o zaman ortaya qoyur. Onun təsvir etdiyi İran hazırki İran coğrafiyası ilə üst-üstə düşmür. Sonradan Firdovsi yazırdı: “Ço İran nəbaşəd təni mən məbad…” (İran olmasa, mən də olmayım. Mənim də canım olmasın. Əgər İran olmasa, bu ölkədə heç bir nəfər də sağ qalmasın).

– “Şahnamə” əsəri dövrümüzdə, xüsusilə pan-irançılar və pan-farslar tərəfindən tarixi əsər kimi qələmə verilir, bir çoxlarına görə isə bu bir əfsanədir və real həyatla əlaqəsi yoxdur. Sizin bu haqda fikriniz?

– Firdovsinin “Şahnamə”si əslində bir nağıldır, əfsanədir və real həyatla heç bir əlaqəsi yoxdur. Firdovsi bu əfsanəni o qədər gözəl deyib ki, hər kəs onun vurğunu olub və orada baş verənlərin real olması və onun öz tarixi olmasını arzulayıb. Firdovsi “Şahnamə” əsərinin 14-cü hissəsində, 12-ci dastanında, 29-cu bənddən başlayıb İranın hüdudlarını göstərir. Həmin hüdudlar dağla başlayır və “Qaf” dağına qədər davam edir. Firdovsinin əsərində yazıb vəsf etdiyi İranının coğrafi hüdudlarında heç bir dəniz və ya göl belə yoxdur. Burada İran ərazisi daxilində olan və Firdovsinin İran torpağında olmasını arzuladığı bir neçə şəhərin adı çəkilib (ümumilikdə 27 şəhər). Bunların heç biri indiki İran ərazisində deyil, Əfqanıstan və onun qonşu ölkələri (Özbəkistan, Pakistan və b.) ərazisində yerləşir. Firdovsi indiki Əfqanıstan torpağına olduqca yaxın bir yerdə yerləşən Kirman şəhərini belə İranın bir hissəsi hesab etmir. “Şahnamə” 6-cı fəslin 21-ci beytində (Daray Drabın şahlığı) Firdovsi belə yazır: “Dara İrandan Kirmana çatanda ordu başçılarının 2 hissəsini görmədi…”

Eyni qaydada indiki İran deyilən ərazidə yerləşən bir neçə şəhərin adı çəkilsə də, heç biri İranda yox, başqa ölkənin hüdudlarında göstərilib.

– Bəs o zaman Firdovsi məşhur əsərində “İran” deyəndə, coğrafi ərazi kimi haranı nəzərdə tuturmuş?

– Firdovsinin həmin fəsildə “İran şəhərləri” kimi qed etdiyi şəhərlərin adları belədir: Qərçəqan, Bost, Taliqan, Faryab, Bəlx, Əndərab, Güzəgan (Cuzəcan), Pənchir (Pənşir), Bamyan, Mulian, Bədxəşan (Bədəxşan), Amo, Zəm, Xotlan, Şeqnan, Tərməz, Veysəgərd, Buxara, Soğd (son iki şəhəri ələ almağı tövsiyə edir – faktiki olaraq İran torpağında yerləşməyib), Nimruz, Hendovan, Kəşmir, Kabil, Qəndahar, Alanan. Gördüyünüz kimi bu şəhərlərin heç biri indiki İran ərazisində deyil, demək olar ki, çoxu indiki Əfqanıstan ərazisində yerləşir.

“Şahnamə”də olan başqa bir maraqlı fakt şəhərlərin adının neçə dəfə çəkilməsidir. Mən kiçik bir araşdırma aparmışam, nəticə etibarı ilə Kabil 159, Zabul (bu, İranda olan Zabul şəhəri deyil, Əfqanıstanda zaman-zaman Zabulistanın mərkəzi olan – Kabilə yaxın yerdə yerləşən bir şəhərdir), Bəlxin adı 63, Kəşmirin 17, Nimruzunki 32 dəfə çəkilsə də, qədim İran şəhərləri olması iddia olunan Həqmətanə 0, Pasarqad 0, Mərvdəşt 0, Ekbatan 0, Həmədan 1, Sepahanın 2 dəfə adı çəkilib. Mazandaranı Firdovsi İrana aid etmir.

Tarixə nəzər salsaq, İran coğrafi baxımdan Əfqanıstan ərazisində yerləşirmiş və indiki İrana heç bir aidiyyəti olmayıb. Firdovsinin “İran” deyə adlandırdığı, özünə vətən saydığı İran indiki Əfqanıstanın ərazisi ilə üst-üstə düşür.

– İran dünya siyasi xəritəsində nə zamandan görünməyə rəsmi tanınmağa başladı? Bəzi siyasətçilərimiz, ya da İrana müxaliflər “İran adlanan ölkə” məfhumu işlədirlər…

– Burada iki məsələyə aydınlıq gətirmək istəyirəm. Əfsanədə olan İran barədə danışdıq, lakin İran bir ölkə kimi demək olar, məhz Nadir Şahdan sonra ara-sıra işlənib. Qacar dövründə “Məmaliki-Məhrusə (qorunmuş məmləkətlər)” və bəzən də “Məmaliki-Məhruseyi Qacar (Qacara mənsub məmləkətlər)” adlanıb. Bu, sadəcə, bir ad olub – millət və xalq deyil. Siyasət aləmində isə bu keçən əsrin 30-cu illərində baş verib. Birinci əslən özbək millətindən olan Səid Nəfisi adlı tanınmış alim bu haqda bir məqalə yazır və təklif edir ki, ölkənin adı “İran” olsun. Bu təklif savadsız Rza şaha xoş gəlir və 27 dekabr 1934-cü ildə 60 ölkəyə məktub yazaraq xahiş edir ki, bundan sonra başçılıq etdiyi ölkənin adını “Persiya”, “Pers”, “Perse”… yox, məhz “İran” adlandırsınlar. Hətta bundan uzun müddət sonra Türkiyə səfirliyi ilə qarşılıqlı razılığa gəlirlər ki, Türkiyə “Osmanlı” deyil, Türkiyə adlansın və onun müqabilində Türkiyə də qəbul edir ki, indiki “İran” deyilən əraziyə “Əcəm” yox, “İran” adı verilsin.

– Bu addəyişmə yəqin ki, hakimiyyətə Pəhləvilərin gəlişi ilə, Rza şahın vaxtında başladıldı.

– Bəli, Rza şahın vaxtından, hakimiyyətə gələndən təxminən 10 il sonra. Şərait yaranmışdı, başqa millətləri susdurmağa nail olmuşdu. Öz hakimiyyətini təsbit eləmişdi və başlamışdı istədiyi işləri görməyə. Mədəniyyət, ictimai sahədə “islahatlar”a başladı. Camaata necə və nə cür paltar geymək qaydaları tətbiq elədi.

– Yəni Rza şahın “islahat”ı, diktatorluğu xarici görünüş, geyimlə başladı. Saqqal da saxlamaq olmazdı, hamı Avropa qiyafəli olmalı idi, lap I Pyotrun geyim islahatlarında olduğu kimi. Sonra isə ordakı xalqları bir dil və vahid etnos kimi görmək planları hazırlandı… Və o dövrdən başlyaraq fars şovinistəri olmayan tarix yaradır, mövcud olan tarixi məhv edirlər, hər şeyi mənimsəmək istəyirlər. Onlar qədim türklərin ən önəmli nişanələrindən olan kurqanların talanmasına da göz yumaraq, türk nişanələrini silirlər.

– Bəli, bu hələ başlanğıc idi. Ən təhlükəlisi ölkənin qeyri-fars sakinlərini farslaşdırmağa yönəlmiş plan idi. Rza şahın dövründə əksər türk toponimləri geniş halda dəyişdirilməyə başladı. Tanınmış mason Məhəmməd Əli Furuğinin bünövrəsini qoyduğu Fars Dili Akademiyası məhz bu işlərlə məşğul idi. Bundan əlavə, bir çox tarixi abidələr də məhz həmin dövrdə saxtalaşdırıldı və “İran” deyilən əraziyə tarix yazıldı. Bunda Qərb ölkələrinin də böyük dəstəyi var idi. Misal üçün Təxti-Cəmşid deyilən yer necə yarandı? Təxti-Cəmşid əslində Şumerlərin abidəsi olub. Buna aid tarixi faktlar var. Onun yaranmasında Qərb ölkələrinin birbaşa “köməyi” və iştirakı olub.

Müasir dövrümüzə yaxın əsrlərdə Nadir Şah Muğan düzündə el ağsaqqallarını başına yığır və ələ keçirdiyi ərazini Səfəvilərin sülaləsindən olan birinə keçməsini tövsiyyə edir, lakin həmin şəxs bunu qəbul etmir. Bundan sonra özü taxta çıxır və birinci dəfə özünü “İran şahı” adlandırır. Burada bir neçə məqama diqqət yetirmək lazımdır: 1. Nadir Şah hökmranlıq etdiyi ərazilərin birinci şimal hissəsini azad edib, qalan əraziləri isə taxta çıxandan sonra edir; 2. Nadir Şah özü əslən Xorasan vilayətində yerləşən Kəlat bölgəsindən olub və bu şəhər həmin Firdovsinin İranı hüdudlarında, yaxud ona çox yaxın bir yerdə yerləşir. Məhz ona görə də onun “İran” sözündən istifadə etməsi normal hesab edilir. Hətta Nadir Şah qətlə yetiriləndə onun əsas qoruyucuları məhz indiki Əfqanıstandan olub. Onun yerinə taxta keçən də Əfqanıstan şəhərində hökmran təyin edilmişdir.

– Nadir şahın Kəlatdan olduğunu söylədiniz. Belə adil savaşçı, görkəmli şəxsiyyəti yetişdirən bu məkan necə bir yer olub? Bir də Nadir Şahın milli mənsubluğu haqda nə deyə bilərsiniz?

– Kəlata sonralar Kəlati-Nadiri də deyilirdi. Relyefi sərt olduğu üçün ora gedib çıxmaq olduqca çətin idi. Dağlıq bir ərazidə yerləşirdi. Qeyd edim ki, Nadir Şahın yerinə sonralar qardaşı oğlu gəldi. O özünə “Adil Şah” ləqəbi verən 24 yaşında bir gənc idi. Onun son hökmranlıq yeri Herat olub və Əfqanıstanın Nadir Şah üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərir.

Sözsüz ki, Nadir Şah türk Əfşar elindən olub. Onun ləqəbi də bunu göstərir. Nadir Şahın vətəni olan Kəlatdan 1 km aralı olan Ərğun Şah Dərbəndi deyilən bir yerdə yer səthindən 15 m hündürlükdə Nadir Şahın əmri ilə Gülbün Əfşar adlı saray şairinin Nadir Şahın vəsfinə dediyi şeir daşa həkk olunub. Bu sənəd Nadir şahın hansı millətə mənsub olduğu və hansı dilə üstünlük verdiyini aydın göstərir. Şeir belə başlayır:

İbtida həmdi xudayi əhədü fərdi qədim

Qadiri ləmyəzəli o alimi dana və həkim

O ki, bu kövni-məkani yaradıb qüdrətdən,

O ki, bu bəhri-bəri xəlq eləyib şövkətdən.

İki aləmdə odur bəndələrə yavəri-yar,

Hikmətindən görünür bəndələrə hər asar.

O şahənşahi fələk mərtəbeyi çərxi sərir,

Şah Nadir ki, adı tək yox misl o nəzir.

Demək olmaz o şahənşah, bəlki ola peyğəmbər,

Ya müqərrəb mələk idir olub əz növii bəşər.

Bu türk, özü də həmin dövrdə işlənən əski Azərbaycan şeir dilidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90