Milli Məclisin üzvü, iqtisadçı Əli Məsimli “AzPolitika.info”-ya müsahibəsində ölkədəki mövcud sosial-iqtisadi vəziyyət, problemlər və onların yaranma səbəbləri, çıxış yolları, habelə 2024-cü il büdcəsindən gözləntilərlə bağlı sualları cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Əli müəllim, əvvəlcə başa çatmaqda olan bu ilin sosial-iqtisadi yekunlarını dəyərləndirməyinizi xahiş edirik. Rəsmi məlumatda iqtisadi artımın proqnozdan aşağı, orta maaşın isə gözlənildiyindən daha az olduğu qeyd edilir. Sizcə səbəb nədir?
– Azərbaycan üçün 2023-ci il daha çox antiterror əməliyyatı həyata keçirib, suverenliyimizin tam təmin edildiyi, müqəddəs Azərbaycan Bayrağının ölkəmizin işğaldan azad edilmiş bütün ərazilərində dalğalandığı şərəfli bir tarixin yazılması ili kimi yadda qaldı. İşğal altına düşmüş torpaqların geri alınması dünya tarixində çox nadir hadisə, MDB məkanında isə ilkdir. Azərbaycanın bu möhtəşəm qələbəsi sözlə ifadəsi çox çətin olan milli qürurun və milli iradənin təntənəsidir.
Ümumiyyətlə götürdükdə, bu il iqtisadiyyatda da bir sıra müsbət yüklü məqamlar özünü göstərib. Cari ilin 10 ayının statistikasına görə, qeyri-neft – qaz Ümumi Daxili Məhsulu (ÜDM) 3,1%, qeyri-neft-qaz sənayesi 15% artıb. Kənd təsərrüfatında artım 3% olub. Sərmayə qoyuluşları 17 faiz, kredit qoyuluşları 16,8 faiz artıb. 2023-cü ilin yanvar-oktyabr aylarında büdcə xərcləri 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 15 faizə yaxın artıb.
– Bunlar müsbət məqamlardır, bəs mənfi tendensiyalar nədən ibarətdir?
– Əlbəttə, bu il iqtisadi sahədə özünü göstərən bir sıra meyllər düşündürücüdür. Belə ki, beynəlxalq təşkilatların proqnozuna əsasən, 2023-cü ildə qlobal iqtisadi artımın 2.5-3.% arasında olacağı gözlənilir. Azərbaycanda isə hökumətin rəsmi proqnozlarına görə, əvvəlcə bu il ÜDM-in 3,5 faiz artacağı gözləntisi var idi. Sonra həmin proqnoza yenidən baxıldı və ilin sonuna 1,8 faizlik artım proqnozlaşdırıldı. Cari ilin 10 ayı ərzində ölkədə neft-qaz ÜDM 1.5% azalıb, qeyri-neft-qaz ÜDM 3% artıb. Amma neft-qaz ÜDM-nin həcminin aşağı düşməsinin təsiri ilə bu ilin 10 ayı ərzində ÜDM cəmi 0.5% artıb və qlobal iqtisadi artmın altına düşüb. Neft bumu dövründə Azərbaycanda orta illik artım tempi qlobal artım tempini 4-5 dəfə, bir neçə il ərzində isə 7-9 dəfə üstələyib. Təbii ki, bu, neft amilinin dominant rolunun hesabına baş verib. İndi isə ölkəmizdə neft hasilatının aşağı düşməsi digər göstəricilərə, o cümlədən Ümumi Daxili Məhsulun artım tempinə də mənfi təsir göstərməyə başlayb. ÜDM-in artım tempinin kəskin surətdə aşağı düşməsi isə adambaşına ÜDM-in aşağı enməsinə gətirib çıxarıb. Proqnozlara görə, bu ilin sonuna qlobal orta illik inflyasiyanın 6.9% olacağı gözlənilir.
– Bəs Azərbaycanda?
– Azərbaycan hökuməti bu il əvvəlcə inflyasiyanın 6,9 faiz, sonra 10,4 faiz olacağını proqnozlaşdırmışdı. Son aylar bu proqnoz da dəyişdirildi və bu ilin sonuna 9,5 faiz inflyasiya olacağı proqnozlaşdırılıb. 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin 10 ayı ilə müqayisədə 10,2 faiz təşkil edib. Yəni inflasiya 10,2 faiz olub.
Amma bu, inflyasiyanın 500-dən artıq mal və məhsul, xidmət və sair əsasında hesablanmış səviyyəsinin rəsmi rəqəmidir. Reallıqda ölkəmizdə inflyasiya daha yüksəkdir. Xüsusən də əhalinin çox işlətdiyi mal və məhsulların qiymətlərində daha çox artım var. Sadəcə, inflyasiyanın templəri bir qədər aşağı düşüb. Bu ilin 10 ayının nəticələrinə görə, Azərbaycan iqtisadiyyatı ikirəqəmli inflyasiya şəraitində sürətli artım trayektoriyasından yavaşımış artım trayektoriyasına keçib. Bu tendensiya, eləcə də ikirəqəmli inflyasiya ölkəmizin potensial imkanlarına uyğun nəticələr deyil. İqtisadi artım templərinin minimuma enməsi əhalinin güzəranının yaxşılaşdırılmasının iqtisadi bazasını məhdudlaşdırır. İnflyasiyanın ikirəqəmli olması isə birbaşa əhalinin güzəranına, xüsusən də aztəminatlı təbəqəyə çox ciddi şəkildə mənfi təsir göstərir.
Ona görə də sürtlənmiş iqtisadi artım trayektoriyasına keçidi təmin edən, eləcə də ikirəqəmli inflyasiyadan iqtisadi artımın sürətlənməsinə təkan verən birrəqəmli inflyasiya şəraitinə keçmək üçün zəruri olan islahat xarakterli tədbirlər kompleksi hazırlanıb, həyata keçirilməlidir.
– Bu il manatın alıcılıq qabiliyyətinin daha da azalması müşahidə olunur, bunun müqabilində maaş və pensiyalarda, müavinətlərdə artımlar inflyasiyanı qarşılaya bilmir. Qiymət artımları aşağı templə də olsa davam edir. Bu tendensiya ölkədə sosial-iqtisadi mənzərəni necə şəkilləndirir?
– Rəsmi statistikaya görə, 2023-cü ilin yanvar-sentyabr ayları ərzində 2022-ci ilin eyni dövrünə nisbətən Azərbaycanda orta aylıq əmək haqqı 11.2 % artaraq 919,8 manat təşkil edib və onun bu ilin sonuna 930 manata çatdırılması nəzərdə tutulur. Orta aylıq pensiya 435, yaşa görə orta aylıq pensiya 466, əlilliyə görə orta aylıq pensiya 366, ailə başçısını itirməyə görə orta aylıq pensiya isə 408 manat təşkil edir.
– Amma pensiya və müavinət alanların çoxu bu məbləğləri ala bilmir…
– Əlbəttə, bunlar orta əmək haqqı və orta pensiya göstəriciləridir və real vəziyyəti yetərincə əks etdirmir. İşləyənlərin xeyli hissəsinin maaşı, pensiyaçıların da xeyli hissəsinin aldığı pensiya həmin orta pensiya göstəricisindən aşağıdır. Ona görə də real vəziyyəti orta əmək haqqı yox, muzdla çalışanların yarıya qədərinin orta əmək haqqının 50 faizinə yaxın olan median əmək haqqı məbləği daha aydın göstərir. Eyni sözləri orta pensiyadan aşağı olan median pensiya gösətərici haqqında da demək olar. Regionda yaşayanların xeyli hisssinin əmək haqqı median əmək haqqına yaxın – 450-500 manat, bir hissəsinin maaşları isə ondan da aşağııdr. İki il əvvəl median əmək haqqının məbləği 405 manat idi, sonra 460 manat oldu. Son vaxtlar median əmək haqqının və median pensiyanın məbləğində bir qədər də artım olub. Ölkə üzrə özəl sektorda çalışanların orta aylıq əmək haqqı dövlət sektorundakından yüksəkdir. Regionlarda isə əksinə, özəl sektorda çalışanların orta aylıq əmək haqqı dövlət sektorundakından aşağıdır.
– Belə aşağı maaş alanların gələcəkdə pensiya alması çətin məsələdir…
– Bu barədə aidiyyatı orqanların araşdırma aparması məqsədəuyğun olar ki, büdcə zərfinin əhatə etdiyi 2024-2027-ci illərdə median əmək haqqından aşağı və ona yaxın maaş alan insanlar üçün pensiya almaq imkanı nə qədər əlçatan olacaq? Pensiya yaşına çatdıqca, maaşı aşağı səviyyədə olan insanların nə qədəri pensiya ala biləcək və nə qədəri sadəcə qocalıq müavinəti almaqla kifayətlənməli olacaq? Minimum və ona yaxın əmək haqqı kimi, minimum və ona yaxın pensiya da, qocalıq müavinəti də vətəndaşların real minimum ehtiyaclarını belə qarşılamaq üçün yetərli deyil. Bu vəziyyət regionlarda yoxsulluğun dairəsini genişlənirir. Ona görə də bu məsələnin ciddi araşdırılmasına və islahatlar kontekstində müvafiq tədbirlər görülməsinə ciddi ehtiyac var.
– Çıxışlarınızda tez-tez işsizlik məsələsini də qaldırırsınız. Bu sahədə vəziyyət necədir, nə deyə bilərsiz?
– Bəli, işsizlik məsələsini ona görə tez-tez qaldırırıq ki, sosial problemlərin çoxu işsizlikdən və əhalinin xeyli hissəsinin gəlir səviyyəsinin aşağı olmasından – iqtisadi işsizlikdən qaynaqlanır. İnsanlar işsizlikdən çox əziyyət çəkirlər. Əhalinin güzəranını yaxşılaşdırmaqdan ötrü ilk növbədə məşğulluğu artırmaq lazımdır. Hökumət işsizliyin aradan qaldırılması üçün müəyyən işlər görür və çalışır ki, gördüyü işlərin dairəsi ildən-ilə genişlənsin.
– Bu tədbirləri yetərli saymaq olarmı?
– Ölkəmizdəki işsizliyin real vəziyyəti fonunda hökumətin işsizliyin aradan qaldırılması istiqamətində göstərdiyi səylərin miqyası hələ ki, kiçikdir. Son illər özünüməşğulluq proqramının dairəsi xeyli genişlənib. Özünüməşğulluğun nəticəliliyi baxımından müsbət məqamlarla yanaşı, mənfi məqamlar da var ki, bu da onun davamlılıq müddətinə mənfi təsir göstərir. Yaxşı olar ki, bu məsələyə kompleks və koordinasiya olunmuş şəkildə yanaşılsın. Bu sahədə yaxşı nəticələrə nail olub, perspektivli işlər qura bilənlərə mal-qara, avadanlıq və sair aktivlərlə yanaşı, həm də aşağı faizlərlə və əlverişli şərtlərlə kreditlər də verilsin ki, özünüməşğulluğun nəticəliliyi artsın, onarın xeyli hissəsi bir neçə ilə öz təsərrüfatını genişləndirə, ayaqda qala bilsinlər.
– Xüsusən rayonlarda işsizliklə bağlı vəziyyət kifayət qədər gərgindir…
– Rayonlarda yüksək gəlirli və perspektivli iş yerlərinin açılması istiqamətində görülən işləri əsaslı surətdə genişləndirmək üçün təsirli tədbirlər görmək lazımdır. Regionlara sərmayənin cəlb edilməsinin mexanizmini təkmilləşdirmək, miqyaslarını genişləndirmək, ondan istifadənin səmərəliliyini artırmaq lazımdır. Hər il iqtisadiyyata yönəldilən 18 milyard manatlıq sərmayənin cəmi 10 faizinin, yəni heç olmasa, 1,8 milyard manatının əlverişli şərtlərlə, şəffaflıq və hesabatlılıq şəraitində regionlarda rəqabətə davamlı, perspektivli iş yerlərinin açılmasına yönəltmək lazımdır. Eyni sözləri kreditlər barədə də demək olar…
Azərbaycanda bir sıra qeyri-neft sənayesi sahələri, o cümlədən, kənd təsərrüfatında emal sənayesinin yetərincə potensiala malik olmasına baxmayaraq, sərmayə qoyuluşunun cəmi 2,3 faizi, kreditlərin də elə bir o qədəri kənd təsərrüfatına yönəldilir. Halbuki, bu qəbildən olan sahələrdə dövlətin sistemli təşviq mexanizmləri, sahibkarlığın dəstəklənməsi, əlverişli investisiya mühitinin formalaşdırılması, normal fəaliyyət göstərə bilən istehsal sahəsi quran, yeni iş yerləri açan sahibkarlara aşağı faizli əlçatan kreditlər verilməsini təşkil etmək, vergi və digər istiqamətlərdə işlək mexanizmli güzəştlər tətbiq etmək olar.
– Parlamentdə gələn ilin dövlət büdcəsi müzakirə olundu. Builki büdcə ilə müqayisə etdikdə vətəndaş üçün hansı müsbət yeniliklər gözlənilir?
– 2024-cü il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri 15,8 milyard manata yaxın məbləğdə proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 1 milyard manat və ya 7 faiz çoxdur. Bu sahədə əsas məsələnin iki tərəfi var: bir tərəfi sosialyönlü xərclərin yetərincə artırılması, digər tərəfi isə artan həmin vəsaitlərin inflyasiyanın yeminə çevrilməsinin qarşısının alınması və əhalinin güzəranının yaxşılaşdırılmasına yönəldilməsidir. Son illər inflyasiyanın sürətləndirilməsi, xüsusən də idxal inflasiyasının payının xeyli artması əhalinin güzəranına mənfi təsir edir. Hazırda idxal inflyasiyasını tam aradan qaldırmaq mümkünsüzdür, amma templərini səngitmək olar.
– Buna nə mane olur?
– İnhisarçılıq buna imkan vermir. Bu il inflyasiyanın rəsmi rəqəmləri bir qədər aşağı düşsə də, əhalinin çox işlətdiyi mal və məhsulların qiymətlərində bahalaşma daha yüksək templə davam edir və bir sıra məhsullar üzrə 20 faizin ətrafındadır. Dünya bazarında qiymət artımının səngidiyi bir şəraitdə bu, xeyli dərəcədə inhisarçılığa qarşı mübarizənin səmərəlilik dərəcəsindən asılı olacaq. İnhisarçılıqdan törəyən qiymət manipulyasiyalarının hər faizinə görə əhali ildə 500 milyon manatdan çox ziyan çəkir, bu yolla ailə büdcələrinə milyard manatlarla ziyan dəyir. Təsirli tədbirlər görülməsə, gələn ilin büdcəsində nəzərdə tutulan sosial xərclərin toplam artımının süni bahalaşmanın “yeminə” çevrilməsi üçün qiymətləri cəmi 2 faiz, əməyin ödənişi üçün nəzərdə tutulan 510 milyon manatlıq əlavə xərclərin sıfırlanması üçün qiymətləri cəmi 1 faiz artırmaq kifayət edəcək. Halbuki, bu cür qiymət manipulyasiyaları olmasa, əhali həmin əlavə vəsaiti başqa problemlərinin həllinə yönəldə bilər. Ona görə də son vaxtlar qlobal iqtisadiyyatda başlanan qiymət artımının səngiməsi prosesinin Azərbaycanda da baş verməsinə nail olmaqdan ötrü məlum antiinflyasiya tədbirləri ilə yanaşı, həm də inhisarçılığa və ondan törəyən qiymət manipulyasiyalarına qarşı daha təsirli və nəticəli tədbirlər görülməsini vacib hesab edirik. Operativ tədbirlər görülməlidir ki, ərzaq inflyasiyasının davam etməsinin aztəminatlı, aşağı gəlirli əhalinin güzəranına mənfi təsirini azaltmaq mümkün olsun.
– Maliyyə naziri Samir Şərifov büdcə müzakirələrində bildirib ki, gələn il büdcəyə neft sektorundan daxil olacaq vergilərdə 2 milyard manat azalma gözlənilir, həmçinin Neft Fondundan ötən ilə nisbətən 1 milyard manat artıq pul götürüləcək. Sizcə, neft-qaz sektorundan kənar sahələrdə yaradılan dəyərin həcmi niyə artmır?
– Neft-qaz sektorundan kənar sahələrdə yaradılan dəyərin həcmi artır. Neft amilinin ləngidici təsiri gücləndiyindən, builki iqtisadi artım da qeyri-neft sektoru hesabına əldə edilib. Bu sahə hesabına büdcəyə daxilolmalar da artır. Amma onun miqyasları potensial imkanlarımızdan geri qalır. Orta perspektivdə onun miqyaslarını potensial imkanlarımız səviyyəsində genişləndirməyə nail olmaqdan ötrü cəmiyyət həyatının bütün sahələrində islahatlar genişləndirilməli və dərinləşdirilməlidir. 2024-cü ilin dövlət büdcəsi postmüharibə dövrünün büdcəsidir. Torpaqlarımız işğaldan azad edildikdikdən sonra qarşıda duran məsələləri həll etməkdən ötrü hələ xeyli müddət böyük maliyyə vəsaitləri tələb olunacaq. Eyni zamanda iqtisadi inkişafın davamlığını təmin etmək və sosial problemlərin həllini sürətləndirməkdən ötrü tələb olunan vəsaitin həcmi də ildən-ilə artır. Ona görə də irəli getməkdən ötrü lazım olan vəsaitin əsas hissəsinin Neft Fondu, yoxsa iqtisadiyyatın sürətlə böyüməsi, onun fəaliyyətinin səmərəliliyinin artırılması, kəmiyyət və keyfiyyət göstəricilərinin potensial imkanlarımız səviyyəsinə qaldırılması hesabına həll edilməsi məsələsi çox ciddi sualdır. İkinci yolla – innovasion vasitələrlə həll edilməsinə nail olmaq perspektivlərimiz baxımından da bu, mühüm əhəmiyyət kəsb edir. Ona görə də qarşıdakı illərdə islahatları dərinləşdirmək yolu ilə büdcə gəlirlərinin davamlı artımının təmin edilməsinin əlavə mənbələrinin işə salınmasına nail olmaqdan, eləcə də büdcə vəsaitindən istifadənin səmərəliliyini artırmaqdan ötrü nəzərə alınmasını vacib hesab etdiyimiz bir neçə məqamı qeyd etmək istərdik:
Birincisi, ölkə qarşısında duran aktual vəzifələrin lazımı səviyyədə reallaşdırılmasının optimal maliyyə təminatına nail olmaqdan ötrü, qarşıdakı illərdə Azərbaycan üçün sağlam iqtisadi artım tempi kimi 5 faizlik səviyyəni hədəf kimi götürüb, ona nail olmaq istiqamətində proqram xarakterli tədbirlər kompleksi hazırlayıb, həyata keçirmək lazımdır. Azərbaycanın bu hədəfə nail olmaq üçün potensial imkanları var. Bununla paralel olaraq həm də ÜDM-in artım tempi ilə büdcə gəlirlərinin artım tempinin sinxronlaşdırılmasını vacib hesab edirik. Çünki büdcə vəsaitindən səmərəli istifadə etməkdən ötrü ilk növbədə büdcədə qarşımızda duran vəzifələrin həllinə yetərli qədər vəsait olmalıdır. Bununla paralel olaraq şəffaflıq, hesabatlılığın gücləndirilməsi və sair bu kimi vacib məsələlər optimal həll olunmalıdır.
İkincisi, Azərbaycanın sürətli iqtisadi artım trayektoriyasına keçməsinin magistral yolu islahatlarin dərinləşdirilməsindən, innovasiyalı inkişaf modelinə keçidin sürətləndirilməsindən, inhisarçılığa qarşı mübarizənin sistemli şəkildə güclədirməkdən keçir. Eyni zamanda sağlam rəqabət mühitinin yaradılmasından, kölgə iqtisadiyyatının dairəsini daraltmaqdan, maliyyə-kredit-pul siyasətinin fiskal, monetar, istiqamətləndirici və stimullaşdırıcı rollarının effektiv kombinasiyasına nail olmaqdan, qeyri-neft istehsal sahələrinə sərmayə qoyuluşunun həcminin və keyfiyyətini artırmaqdan və ondan istifadənin səmərəliliyini yüksəltməkdən, perspektivli yeni iş yerlərinin sayının artırılmasından və sair bu kimi davamlı tətbiqindən keçir.
Üçüncüsü, hər bir ölkənin iqtisadi gücü xeyli dərəcədə onun sənaye potensialı, onun sahə quruluşu və istehsalda innovasiya məhsullarının payı ilə müəyyən olunur. Azərbaycan sənayesi ölkə iqtisadiyyatında ən böyük payla aparıcı rol oynayır. Amma sahə strukturu, coğrafiyası və innovativ göstəriciləri arzuolunan səviyyədə deyil. 1990-cı illə müqayisədə 2022-ci ildə Azərbaycanda emal sənayesinin payı 90 faizdən 21 faizə, yüngül və yeyinti sənayesinin payı isə 42 fazidən 6,3 faizə enib. Ölkədə istehsal olunan sənaye məhsulunun 90 faizindən çoxu Bakı və Abşeronun payına düşür. Belə bir şəraitdə yerli resurslardan səmərəli istifadə edilməsi və ölkədə yaranmış bir sıra sosial və iqtisadi problemlərin səmərəli həllinin ən mühüm şərtlərindən biri, fikrimizcə, sənaye istehsalının ərazi quruluşunun təkmilləşdirilməsidir.
Yenilik səviyyəsinə görə Azərbaycan sənayesində innovasiya məhsullarının həcmi toplam 40 milyon manatın altındadır ki, bu da bütövlükdə sənaye istehsalının 0,05 faizini təşkil edir. Bu rəqəm innovasiyalı inkişaf modelinə keçməyimizin sürətləndirilməsinin nə qədər vacib olması barədə zəngin material verir. Regionlarda insan kapitalına və qabaqcıl texnologiyaya əsaslanan istehsal sahələri yaradanlara, yeni perspektivli iş yerləri açanlara, kənd təsərrüfatı məhsulları və onun emalı ilə məşğul olanlara əlverişli şərtlərlə aşağı faizlə kreditlərin verilməsi vacibdir. Eləcə də aqrar sahə üçün məqbul sayıla biləcək kreditə zəmanət mexanizminin yaradılması obyektiv tələbata çevrilib. Regionlara verilən kreditlər üçün girov problemi optimal şəkildə həll edilməlidir.
Dördüncüsü, sərmayə qoyuluşlarının ÜDM-ə nisbətinin 14 faiz, kreditlərin ÜDM-ə nisbətinin 15 fazi olduğu şəraitdə sürətli artım trayektoriyasına keçmək mümkün deyil. Ona görə sərmayə qoyuluşlarının və kreditlərin ÜDM-ə nisbətini 25 faizin üstünə qaldırmaq istiqamətində təsirli tədbirlər görülməsi ilə yanaşı, həm də dövlətin borclanmasını artırmaqdan əlavə, qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi istiqamətində də ciddi tədbirlər həyata keçirilməsi vacibdir. Ona görə ki, kreditdən fərqli olaraq xarici sərmayə borc deyil, qaytarılması tələbi yoxdur, qabaqcıl texnika və texnologiya, mütərəqqi istehsal mədəniyyəti, rəqabət qabiliyyətli iş yerlərinin və məhsul istehsalının dairəsinin genişləndirilməsi, daxili tələbatın yerli istehsal hesabına ödənilən hissəsinin payının artırılması, qeyri-neft sektorunun eksport imkanlarının genişləndirilməsi, büdcəyə əlavə vəsait axınının etibarlı mənbəyi və sair bu kimi vacib nəticələrin əldə edilməsi deməkdir.
– Gələn ilə pensiyaçıları, aztəminatlı ailələri, muzdla çalışanları nələr gözləyir, büdcədə onlar üçün artımlar hansı fazilərlə ölçülə bilər?
– Rəsmi statistikada göstərilir ki, 2023-cü il oktyabrın 1-nə olan məlumata görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olub, onlardan 890,9 min nəfəri dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Qeyd etdiyimiz kimi, 2023-cü ilin yanvar-sentyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 919,8 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Bu ilin sonuna orta aylıq əmək haqqının 930 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2024-cü ildə pensiyaların orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacaq. Gələn il isə orta əmək haqqının 980 manata çatacağı proqnozlaşdırılır. 2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəsaitlərinin 651,9 milyon manat və ya 10,4% artırılaraq 6 milyard 919,9 milyon manata çatdırılacağı proqnozlaşdırılır ki, bu da dövlət büdcəsi xərclərinin təxminən 20 faizinə yaxın bir məbləğdir. Bu əsasda əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ildə 483 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq 454 manata yüksəlməsi proqnozlaşdırılır.
– Bəs 2024-cü ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərclərində artım olacaqmı?
– Fondun xərcləri və gəlirləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulur ki, bu da cari ildəkindən 20,3 milyon manat, yaxud 9,3% çoxdur. Növbəti ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 13 istiqaməti əhatə edəcək. Xərclərin 30,7%-i özünüməşğulluq tədbirlərinin, 23,1%-i məşğulluq xidməti orqanının saxlanmasının, 18,9%-i sosial sahədə xidmətlərin əmək haqqının müştərək ödənilməsinin, 14,7%-i peşə hazırlığı və əlavə təhsilin təşkili xərclərinin maliyyələşməsinə yönəldiləcək. 2024-cü ildə də özünüməşğulluq layihəsi davam etdiriləcək və bu proqram çərçivəsində 10.000 nəfərin İşsizlikdən Sığorta Fondunun xərcləri hesabına, daha 6.000 nəfərin isə Dünya Bankının layihəsi ilə özünüməşğulluq təlimlərinə cəlb olunması nəzərdə tutulur. Beləliklə, özünüməşğulluq proqramı ilə məşğulluğu təmin olunanların sayı 80.000 nəfərə çatacaq. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə uyğun olaraq, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə növbəti il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində nəzərdə tutulur.
Göründüyü kimi, sosial proseslərin tənzimlənməsi məqsədilə hökumətin həyata keçirdiyi tədbirlər gələn il də davam etdiriləcək. Bununla belə ölkəmizdə məşğulluğu, əhalinin əmək haqqı, pensiya və digər ödənişlərinin potensil imkanlarımıza uyğun səviyyəyə çatdırmaqdan ötrü islahatları genişləndirmək və dərinləşdirməklə hələ çox iş görülməlidir.