image-rt-reklam
image-999backend

İLK PİANOÇU, POLİQLOT VƏ FƏDAKAR HƏKİM QADINLARDAN BİRİ

image-728x90

(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)

O, Tiflisdə Birinci Qadın Gimnaziyasının səkkiz sinfini və bütün Qafqazda məşhur olan Müqəddəs Nina Qızlar Məktəbini bitirən ilk müsəlman qızlardan biri, Azərbaycanın ilk pianoçu, ilk poliqlot qadınlarından idi. Doğulduğu kübar ailədə təhsilinə və dünyagörüşünün zənginləşməsinə xüsusi diqqət yetirilmiş, mədəni inkişafına hər cür şərait yaradılmışdı. XIX yüzilin sonu – XX yüzilin əvvəllərində Rusiyada yaşayıb fəaliyyət göstərən, adları bu gün geniş ictimaiyyətə bəlli olmayan azərbaycanlı aydınlar, mədəniyyət, incəsənət xadimləri içərisində onun da xidmətlərini yada salmaq, dəyərləndirmək mənəvi borcumuzdur.

Nəsillərə örnək ömür yaşayan, qadınlarımızın maneələrlə, sonsuz çətinliklərlə məhdudlaşdırılan inkişaf yolunda inamla addımlayan, böyük işlərə imza atan Nəzirə Yaqubovanın adını nəsillərə tanıtmaq önəmlidir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi, millətinə, torpağına olan hədsiz məhəbbəti, gözəlliyi və Azərbaycan xalqının xüsusiyyətləri ilə tanınmışdır”. Bütün bu özəllikləri şəxsiyyətində cəmləşdirən yüzlərlə qabaqcıl fikirli, maarifpərvər azərbaycanlı qadınların bir çoxu haqqında geniş bilgi yoxdur, bəzilərinin həyat və fəaliyyəti isə tamamilə araşdırılmayıb.

Azərbaycanın ilk pianoçu xanımlarından biri, dövrünün tanınmış həkimi və mədəniyyət xadimi olmuş Nəzirə Yaqubova da onlardan biridir. Nəzirə Qulamşah Qacar qızı Yaqubova (Şah-Mirzə) 1898-ci ildə Tiflis şəhərində anadan olub. Yüksək istedad və bacarığı erkən yaşlarda özünü biruzə verən Nəzirə yeddi yaşından musiqi ilə maraqlanıb, royalda ilk ifaları ilə ailəsini sevindirib. 12 yaşında Tiflis Musiqi məktəbinə daxil olub. 1914-cü ildə isə onu Petroqrad (indiki Sankt-Peterburq) Qadın Tibb İnstitutuna və ünlü Petroqrad Konservatoriyasına qəbul ediblər. O, Konservatoriyada ünlü musiqi pedaqoqu Adolf Yakovleviç Şteygerin ən sevimli tələbəsi idi. Sonra Sankt-Peterburq Tibb İnstitutunda da təhsil alan Nəzirə xanım musiqiçi fəaliyyəti ilə yanaşı, həkimliklə də məşğul olub. Həyatın çox çətin olduğu, mürəkkəb ictimai-siyasi vəziyyətin insanların güzəranını ağırlaşdırdığı iyirminci illərdə o həkim işləyirdi.

O, belə hesab edirdi ki, iş yeri dəmir yolu fəhlələrinin yanında olarsa, həkim kimi daha çox xalqa fayda verər. Həmin illərdə dəmir yolu xarabalığa çevrilmiş ölkənin əsas və yeganə nəqliyyat arteriyası idi. Həqiqətən də Nəzirə xanımın düşündüyü kimi oldu, o, burada bir çox insanın imdadına çatdı, az müddətdə dəmir yolu xəstəxanasında hamının sevimli həkiminə çevrildi. Lakin həkimlik fəaliyyəti heç vaxt onun bitib-tükənməyən incəsənət sevgisinə mane olmadı. Nəzirə Yaqubova həyatı boyunca bu iki sənəti yanaşı yaşatdı. Özünün “Bechstein Diedirchs” konsert royalının arxasına keçib sevdiyi musiqi əsərlərini ifa edəndə dünyanın bütün qayğılarını unutdu, özkeçmişində, xatirələrində bu royal haqqında böyük sevgi ilə bəhs etdi. Onun ailəsində qonaq olan dövrün ünlü musiqiçiləri – pianoçular Aleksandr Borovskoy və Henrix Neyqauz, professor İppolitov-İvanov və xanımı, bəstəkar Varvara Zavudnaya, violonçel çalan Aleksandr Belousov Nəzirə xanımın royalında onunla birgə əsərlər çalır, musiqinin sehrli aləmində dünyanın bütün dərdlərini, müharibənin gətirdiyi ağrı-acıları bir anlıq da olsa unudurdular…

Nəzirə xanım Şah-Mirzənin işlədiyi xəstəxanada köhnə bir royal vardı, o tez-tez öz pasiyentləri üçün musiqi havaları çalırdı. Özəlliklə müharibə illərində belə “konsert”lərinin sayı çox olurdu. Müharibə illərində bütün xəstəxanalar hərbi hospitallara çevrildiyindən belə konsetlər müalicə alan döyüşçü əsgərlərə ruh yüksəkliyi verir, onları gözəl gələcəyə, aydın sabahlara inandırırdı. Çağdaş dövrdə psixoterapiya forması hesab olunan bu konsertlər Nəzirə xanım üçün qəlbin tələbatı, ruhun ehtiyacı idi. O, royalda ifası ilə insanlara həyat sevinci bəxş etdiyini də görürdü…

Tibb sahəsində yorulmaz və fədakar fəaliyyətinə görə o, Gürcüstanın Əməkdar həkimi adına layiq görülmüşdü. Tədqiqatçı Ənvər Çingizoğlu (10.05.1962–10.07.2022) Gürcüstanın Dövlət Arxivində 1926-cı ildə Tiflisdə nəşr olunan “Veçernıy Tibilisi” qəzetinin saralmış səhifələrində Nəzirə xanım Qulamşah Mirzə Qacar qızı haqqında dərc olunmuş yazı və oxucu məktublarına rast gəlmişdir. Həmin qaynaq Nəzirə xanımın həkimlik fəaliyyəti barədə dəqiq və dolğun təəssürat yaradır. “Zaqafqaziya Dəmir Yol Xəstəxanası”nın pasiyentləri Koroxaşvili və Lomidzenin səmimi məktublarındakı ürək sözləri, dərin minnətdarlıq hissi qayğıkeş və xoşrəftar həkim Nəzirə xanım Şah-Mirzəyə ünvanlanmışdı. Oxucu məktublarından birində yazılmışdı: “Onun təbəssümü və xoş sözləri hər hansı dərmandan daha yaxşı müalicə edir. Onlar öz həkimlərini hər şeydən öncə əsl insan hesab edirlər”.

Bu məktublarda Nəzirə Yaqubova “bütün cəhətlərdən gözəl, məlahətli, əsl insan” adlandırılır, xeyirxah həkim və nəcib qadın aydın kimi yüksək dəyərləndirilirdi. Nəzirə xanım həm də dövrünün ilk poliqlot qadınlarından idi. Geniş dünyagörüşü, incəsənət sahəsində məharəti, universal biliyə malik qadın aydın, səriştəli həkim kimi tanınan Nəzirə Yaqubova bir çox dillərdə danışırdı. O, rus, gürcü, ərəb, fars, fransız, ingilis və alman dillərini bilirdi. Çar ordusu zabiti Qulamşah Mirzə Qacarın qızı olan Nəzirə Şah-Mirzənin təhsilində və mədəni inkişafında atasının çox önəmli rolu olub. Qulamşah Mirzə Qacar böyük tarixçi alim, Fətəli şahın nəvəsi, şahzadə Bəhmən Mirzə Qovanlı-Qacarın oğlu idi. Bəhmən Mirzənin bir çoxu general-mayor olan 17 oğlu içərisində Qulamşah Mirzə də ad-sanı, hörməti ilə seçilənlərdən idi. Atası Bəhmən Mirzə və anası Çiçək xanımın yüksək tərbiyə və təhsil verdiyi Qulamşah Mirzə Moskva Piyada Yunkerlər Hərbi Məktəbini bitirmişdi. 152-ci Həştərxan qrenadyor alayında xidməti zamanı fərqlənmiş, unter-zabit, poruçik rütbələri almış, 1894-cü ildən 1896-cı ilədək müxtəlif hərbi vəzifələrdə peşəkar zabit şərəfi ilə çalışmışdı. 1896-cı ildə 16-cı Minqreli qrenadyor alayına bölük komandiri təyin edilən Qulamşah Mirzə Qacar həmin il III Aleksandrın çarlığının şərəfinə təsis edilmiş gümüş medalla ödülləndirilmişdi.

O, dəfələrlə hərbi ezamiyyətlərdə olmuş, hər dəfə baş ucalığı gətirən nəticələrlə geri dönmüşdü. 1897-ci ildə 2-ci dərəcəli “Şiri-Xurşid” ordeni ilə mükafatlandırılmış, 1898-1899-cu illərdə aldığı rütbə, medal və təşəkkürlər bir-birini əvəz etmişdi. 1900-cü ildə ştabskapitan, 1905-ci ildə kapitan rütbələri alaraq öz alayında və ezamiyyətlərdə daşıdığı hərbi vəzifələr zamanı müxtəlif üstün xidmətlərə nail olmuşdu. Qulamşah Mirzə Qacar 1909-cu ildə ordudan tərxis olunanda da təqaüdə deyil, bir hərbi dairədə ehtiyatda olan qoşuna göndərilmişdi. O, burada da fəal hərbi xidmət göstərmiş, 1917-ci ilədək Qafqaz süvari korpusunda müxtəlif hərbi vəzifələr daşımışdı. Qulamşah Mirzə ünlü hərbçi-tərcüməçi polkovnik Şərif bəy Qaytabaşının qızı Mələk xanımla ailə qurmuş, Sərvər Mirzə adlı oğlu, Nəzirə Sultan xanım və Zərifə Sultan xanım adlı qızları dünyaya gəlmişdi. Azərbaycan tarixinə çox sayda generallar, hərbçi zabitlər, ictimai-siyasi xadimlər bəxş edən belə şərəfli və böyük bir nəslin nümayəndəsi kimi Nəzirə xanım mənsub olduğu soy-kökün adını həmişə uca tutmuş, örnək həyatı və fəaliyyəti ilə Qacarlara daim başucalığı gətirmişdir. Gənc çağlarından Güney Qafqazın bütün bölgələrində konsertlərdə uğurla çıxış etmiş, ünlü həkim kimi ad-san qazanmış, ölkəsinin mədəni həyatında öndə olan qadınlardan biri olaraq seçilmişdi. Həyatının ən gərgin illərini müsiqi eşqi ilə ən xoşbəxt illərə çevirməyi bacaran, ali tibb təhsili ilə yanaşı ünlü fortepianoçu professor Droyedovun yanındakı sənət məşğələlərini məharətlə eyni vaxta sığdıran Nəzirə Yaqubova özünün bu fədakarca çalışmalarını vətənpərvərlik, xalqcanlılıq borcu kimi qəbul edib.

O, sənəti, peşəsi, fəaliyyəti ilə daim özünü xoşbəxt hiss edib. Onun ömrünün sovet dövrü araşdırılmadığından fəaliyyət yolu haqqında bilgilər də tam deyil. Nəzirə Qulamşah Mirzə Qacar qızı Yaqubova 92 yaşında, 1990-cı ildə vəfat edib. 92 illik ömür yolunun bizə bəlli olan az hissəsi belə bu gözəl həkim və musiqiçi haqqında dərin düşüncələrə dalmağa yetir.

Ruhu şad olsun!

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90