Nürnberq tribunalının hökmü Hitler Almaniyası rejiminin tarixinə son qoysa da, 3-cü Reyxdə müvəffəqiyyətlə karyera quranların həyatına son qoymayıb.
Əhəmiyyətli sayda “əsl arilər” yeni reallıqlara uğurla inteqrasiya ediblər, minimal cəzadan qaçıblar. Hitlerin silahdaşlarına, nasist cinayətkarlarına təkcə Qərbi Almaniyada deyil, Latın Amerikasında, eləcə də ABŞ-da tələbat olub.
Verner fon Braun
İnsanın Ayın səthinə ilk addımı SS şturmbannfürerinin əməyi nəticəsində mümkün olub. Almaniyada nasistlər hakimiyyətə gələndə Veymar respublikasının ərzaq və kənd təsərrüfatı nazirinin oğlu Verner fon Braunun 21 yaşı olub. Raket texnologiyası üzərində işləyən gənc mühəndis Hitlerin qatı tərəfdarı olub. 1937-ci ilə qədər fürer Braunun istedadını yaxşı qiymətləndirib və alimi Penemyündedə sınaq meydançası və tədqiqat mərkəzi ilə təmin edib.
Nasional Sosialist Alman Fəhlə Partiyasına (NSAFP) üzv olmaqla Verner fon Braun Vermaxt üçün dünyanın ilk uzun mənzilli ballistik raketi “V-2”ni yaradıb.
“V-2”-nin döyüş atışları 1944-cü ildə başlayıb. Londona raket hücumları 3000-ə yaxın insanın ölümünə səbəb olub. “V-2”-nin əsas hissələrini istehsal edən yeraltı Mittelverk zavodunda Dora konsentrasiya düşərgəsindən olan məhbuslar işləyib. Ərazi azad edilən zaman düşərgədə basdırılan 25 000 ölü məhbus aşkar edilib. Nasistlər geri çəkilməzdən əvvəl daha 5000 nəfəri edam ediblər ki, məhbuslar istehsalın sirlərini açmasınlar. 1945-ci ildə xüsusi əməliyyat çərçivəsində Verner fon Braun və onun qrupu ABŞ-a aparılıb.
Onun SS keçmişi və minlərlə edam edilmiş məhbus tərcümeyi-halından silinib. 1969-cu ildə Verner tərəfindən hazırlanmış “Saturn 5” raketi “Apollon” kosmik gəmisini Aya çatdırıb və nəticədə amerikalı Nil Armstronq Yer peykinin səthinə ilk ayaq basan insan olub. Bu uçuşa görə Braun NASA-nın medalına layiq görülüb.
Kurt Cosef Valdheym
Avstriyalı siyasətçi Kurt Valdhaym vətənində uğurlu karyera qurmaqla yanaşı, 1972-ci ildən 1981-ci ilə qədər BMT-nin baş katibi vəzifəsində çalışıb. SSRİ-də Valdheymə münasibət kifayət qədər loyal olub, çünki Avstriya müharibənin qurbanı sayılıb və siyasətçinin özü də onun cəbhəyə səfərbərlik yolu ilə getdiyini, 1941-ci ildə yaralanaraq bir daha döyüş əməliyyatlarında iştirak etmədiyini iddia edib.
Bununla belə, 1980-ci illərin ortalarında “nasist ovçuları” Valdheymin həyatının əsl təfərrüatlarını ictimaiyyətə açıqlayıblar. Məlum olub ki, avstriyalının özü gəncliyində fürerə xidmət etməyə həvəsli olub, hücum qoşunlarında xidmət edib və 1941-ci ildə heç də ordudan tərxis olunmayıb. Valdheym 1943-1945-ci illərdə Yunanıstan və Yuqoslaviyada cəza tədbirləri ilə tanınan general-polkovnik Aleksander Lerinin adyutantı işləyib.
1947-ci ilin fevralında Ler Yuqoslaviya məhkəməsi tərəfindən güllələnib, lakin onun adyutantı nəinki məsuliyyətdən yayınıb, həm də diplomatiyada karyera qurub. Maraqlıdır ki, bu məlumat açıqlandıqdan sonra da Valdheym 1986-cı ildə Avstriyanın federal prezidenti seçilib.
Bundan sonra, ölkənin İsrail və bir sıra digər ölkələrlə münasibətləri pisləşib. Kurt Cosef Valdheym 2007-ci ildə 88 yaşında vəfat edib və Vyanada dəfn edilib.
Teodor Oberlander
Mayninqendən olan Teodor Oberlander Hitlerin təşkil etdiyi “Pivə qiyamı”nda iştirak edib, Reyxin xüsusi əsgərləri sıralarına və NSAFP-a qoşulub. Özü də SS-in zabit olub. Oberlander “Şərqə” kampaniyasının və işğal olunmuş ərazilərdə “yeni nizam”ın yaradılmasının ideoloqlarından biri kimi yadda qalıb.
Nasistlərin məğlubiyyətindən sonra Amerika əsirliyində olan keçmiş SS zabiti müəyyən müddətdən sonra azad edilərək Almaniyada siyasi karyera qurmağa başlayıb. 1953-cü ildə AFR-in ilk federal kansleri Konrad Adenauerun dövründə Teodor Oberlander qaçqınlar, köçkünlər və müharibə qurbanlarının işi üzrə nazir təyin edilib.
Müxalifətin təzyiqi altında olan alman hakimiyyəti Oberlanderi işdən çıxarmaq məcburiyyətində qalıb. Oberlander ADR-də hərbi cinayətlərə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilənə qədər yeddi il bu vəzifədə işləyib.
1993-cü ildə yenidən birləşmiş Almaniyada ADR məhkəməsinin hökmü formal əsaslarla ləğv edilib. Teodor Oberlander 1998-ci ilin mayında 93 yaşında vəfat edib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün