Elm adamları, demək olar ki, Yerlə eyni ölçüdə, ulduzu isə demək olar ki, bizim Günəşimizlə eyni boyda olan bir planet kəşf ediblər. Sözügedən ekzoplanet Yerdən 10 dəfə gəncdir, çox istidir və səthində lava dənizləri var.
Ulusal.az xarici mediaya istinadən xəbər verir ki, astronomlar HD 63433d adlı yeni planeti NASA-nın TESS zondu ilə kəşf ediblər. TESS (Transiting Exoplanet Survey Satellite) peykinin missiyası kosmosdakı ən parlaq ulduzların ətrafında fırlanan minlərlə ekzoplanetləri kəşf etməkdir.
Cəmi 73 işıq ili uzaqlıqda olan bu “yanan Yer” bizə məlum olan ən kiçik və ən yaxın ekzoplanetdir. Elm adamları bu planetin yaşının 400 milyon il olduğunu düşünür, bizim planetimizin isə 4,5 milyard il yaşı var. Bu kəşf ilə təsdiqlənmiş ekzoplanetlərin sayı 5569-a yüksəlib.
HD 63433d çox maraqlı planetdir, çünki bir tərəfi həmişə öz ulduzuna tərəf çevrilir. Üstəlik, o, öz ulduzuna Yerin Günəşə olan məsafəsindən qat-qat, Merkuridən Günəşə olan məsafədən isə səkkiz dəfə yaxındır. Bu, ekzoplanetin orbitini o qədər kiçik edir ki, bir il cəmi dörd gün davam edir.
Astronomlar planetin öz ulduzuna baxan tərəfində temperaturun 1260 dərəcəyə çatdığını düşünürlər. Lakin işıq görməyən tərəfin vəziyyəti sirr olaraq qalır və tədqiqat qrupu gələcəkdə bu məsələyə aydınlıq gətirəcəyinə ümid edir. Düşünülür ki, Ceyms Uebb Kosmik Teleskopu bu gənc dünya haqqında daha çox təfərrüatları ortaya çıxara və hətta atmosferinin izlərini axtara bilər.
Araşdırmanın həmmüəlliflərindən biri olan Endryu Vanderburq X hesabında verdiyi açıqlamada deyib:
“Gənc planetlər həyəcanvericidir, çünki onlar bizə planetlərin zamanla necə dəyişdiyini öyrənməyə imkan verir. Biz bunu onların müxtəlif yaşlarda xassələrini ölçməklə edirik. Necə ki, körpə, uşaq, yeniyetmə və böyükləri ayrı-ayrılıqda müşahidə edərək insanların necə qocaldığını öyrənirik…”Musavat.com