image-rt-reklam
image-hikmet_hesenovbackend

“General dedi, ürəyin nə istəyir, eləyim sənin üçün, amma…” – “Tərtər işi”ndə dəhşətli faktlar

image-728x90

“Tərtər işi” ilə bağlı həbs edilən Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun məruzəsi, Zeynal Ağayevin sədrliyi ilə Sumqayıt Məhkəmə Kompleksində baş tutan iclasda işgəncə görmüş zərərçəkmiş Nicat Abbasov ifadə verib.

O bildirib ki, mərhum polkovnik Saleh Qafarov onun yanında işgəncəyə məruz qalıb və həyatını itirib. Özü isə 1 ay 17 gün işgəncəylə üzləşib: “Bütün bədənim yanıq, tok yeridir. Başıma gələnlərdən başım pozulub. Gözlərimizi, əllərimizi bağlamışdılar. Tabor komandirimiz Saleh Qafarov idi. Onu bizim yanımızda döyüb öldürdülər. Mənim başıma gələnlərdən sonra yenə qardaşım 2020-ci ildə Vətən müharibəsində gedib şəhid oldu. Bizə zülm elədilər. Kişi kişiyə qarşı elə hərəkət eləməzdi”.

Digər zərərçəkmiş Etibar Əhmədov bildirib ki, özü işgəncəyə məruz qalmaqla yanaşı, bibisi oğlu Elçin Quliyev həmin hadisələr zamanı işgəncə nəticəsində dünyasını dəyişib.

Etibar Əhmədov taborda sürücü işlədiyini deyib: “Çimmək üçün icazə istədim. İki saat gözlədəndən sonra çağırdılar, qəfildən vurub yıxdılar. Döyməyə başladılar. Məni bibim oğlu ilə birləşib, erməniyə işləməkdə ittiham edirdilər. Bibim oğlunu döyə-döyə, işgəncə altında öldürdülər, maşına mindirəndə boynunu sındırdılar. Məni dəfələrlə toka veriblər, döyüblər. Onlara izah eləməyə çalışırdım ki, mən Xocalıdanam, məndən erməniyə işləyən, xain olmaz”.

Etibar Əhmədovun sözlərinə görə, uzun müddət davam edən işgəncələrdən sonra onu xidmətə yararsız adıyla ordudan tərxis ediblər.

Zərərçəkmiş İsrafil Ələkbərzadə isə başına gələnləri belə danışıb: “Bizə deyirdilər ki, komandiriniz sizi düşmən tərəfə aparıb. Halbuki belə şey olmamışdı. Bizə yalan ifadədən ötrü nə qədər işgəncə verdilər… Yalan ekspert rəyi aldılar. Ekspert rəyində göstərilirdi ki, guya dörd ay əvvəl aparılmışam. Bu, mümkün deyildi. Çünki mən cəmi iki ay idi posta çıxırdım. Ümumi hərbi xidmətə gəlməyim heç beş ay olmamışdı”.

Zərərçəkmişin sözlərinə görə, məruz qaldığı işgəncələri, bu ifadənin yalan olduğunu Hərbi Prokurorluğun müstəntiqinin nəzərinə çatdıranda onun hədələrilə üzləşib: “Dedi ki, zəng eləyib valideynlərinə deyərəm, oğlun ermənilərlə əlaqədə olub”.

Daha bir zərərçəkmiş Zeynalabdin Hacıyev işgəncə faktlarından danışıb: “Bizi diz çökdürdülər. Hədələdilər ki, əks halda, silahdan istifadə olunacaq. İşgəncələr onların tələb etdiyi ifadələri verməyə razılaşana qədər davam elədi. Mən döyülənlərin üstündə korpus komandiri Hikmət Həsənovu görmüşəm. Ona dedim ki, cənab general, bu nədi başımıza gətirirlər? Göstəriş verdi ki, aparın bunu, ağlı başına gəlsin. Sonralar işgəncələr səngisə də, gələn-gedən yenə qapaz vururdu. Əsəbi olan əsəbini bizdən çıxarırdı. Yeməyə də silahlıların nəzarəti altında gedirdik”.

Bir ay ailəsinin ondan xəbər tutmadığını deyən Zeynalabdin Hacıyevin sözlərinə görə, sonradan onları məzuniyyətə göndəriblər. Qeyd edib ki, həmin vaxt Müdafiə Nazirliyinə məktub yazıb və başına gələnləri çatdırıb: “Məni Müdafiə Nazirliyinin Hüquq İdarəsindən Rauf Kişiyevin yanına çağırdılar. Orada olanları danışdım, dedilər ki, xəbərimiz var. Onda hansı vəkilə deyirdik, yaxın durmurdu.

Mənim ifadəmdə yazılmışdı ki, guya tağım komandiri məni düşmənə verib. Halbuki belə şey olmamışdı. Ona görə ifadələr üst-üstə düşmürdü. Sonra hərbi hissə komandiri Vüsal Ələsgərovun yanına gəldim. Ona dedim ki, axı olmayan bir şeylə adamları şərləmək doğru deyil. Onun “Makarov” silahı var, məni otağında onunla hədələdi. Ardınca neçə dəfə Hərbi Prokurorluğa müraciət elədim.

Onlar məni ailəmlə hədələdilər. Orada müstəntiq mənə dedi ki, qardaşın universitetdə oxuyur, atamla hədələdi. Üzləşdirmə videosu çəkiləndə ağladım. Dedim ki, mən bu yalanı necə danışım? Yenə necə ifadə verim? Orada da ailəmlə hədələdilər”.

Təqsirləndirilən polkovnik Vüsal Ələsgərov məhkəmədə ifadə verməkdən, eləcə də indiyədək zərərçəkmişlərin onun ünvanına səsləndirdiyi ittihamları cavablandırmaqdan imtina etsə də, bu dəfə zərərçəkmişin ifadəsinə reaksiya verib.

Vüsal Ələsgərov deyilənlərin həqiqətə uyğun olmadığını deyib. Qeyd edib ki, ortada ifadə verənin özünün etirafı və ekspertiza rəyi var.

Zeynalabdin Hacıyev həmin etiraf ifadəsinin işgəncə altında alındığını, ekspertiza rəyinin isə saxta olduğunu və reallığı əks etdirmədiyini deyib.

Daha bir zərərçəkmiş Tahir Mahmudov Tərtər hadisələri dövründə manqa komandiri olduğunu deyib. Onun sözlərinə görə, “Ural”a mindirərək onları işgəncə yerinə aparanlar kəşfiyyatçı hərbi qulluqçular olub: “Hər otaqda işgəncə vermək üçün xüsusi şərait yaradılmışdı. Bizi soyundurdular, gözlərimizi, əllərimizi bağladılar, üzümüz divara saxladılar və döyməyə başladılar. MAXE Elxan Ağazadəni ikinci mərtəbədən atdıqlarını eşitdik. Mehman Hüseynovu işgəncə ilə öldürdülər.

Hərbi Prokurorluğun müstəntiqləri ora gəlmişdilər. Bizdən düşmənlə işləməyimiz haqda ifadələr tələb edirdilər. Əsgərlərə işgəncə rütbəlilərdən daha az idi. İşgəncələr altında Hərbi Prokurorluğun müstəntiqləri bizə ifadələrə imza atdırıblar”.

Zərərçəkmiş Fərzəli Cahangirov deyib ki, işgəncələr zamanı bir neçə dəfə bədəninə elektrik cərəyanı qoşulub, nəticədə huşunu itirib. Qeyd edib ki, general Hikmət Həsənovu görüb və bu işin düzgün araşdırılmasını istəyib: “Mənə dedilər ki, general çağırır. Onun yanına apardılar. Mənə dedi ki, videomateriallar var, etiraf elə. Dedim ki, olmayan şeyi necə etiraf edim? Sizdən xahişim budur ki, bu iş düzgün araşdırılsın. Qayıtdı ki, aparın, bunun ağlı başına gəlsin. Elə vəziyyətdə idim ki, məni əvvəl Sarıcalı hospitalına apardılar, sonra Bakıya – Biləcəriyə gətirdilər”.

Zərərçəkmiş Emin Məmmədli də deyib ki, işgəncələrdən sonra xidməti uyğunsuzluq adıyla işdən çıxarılıb və o vaxtdan işsizdir: “Guya Emçiyev 10 əsgəri satıb, biz də onu görmüşük. Bunu deməkdən ötrü mənə o qədər əzab verdilər. Bu qədər yalan olar? 10 əsgəri satasan, bundan hərbi hissə rəhbərliyinin xəbəri olmaya, belə şey olar? Olmayan şeyi deyirdilər ki, olub. Sonra da idman normativləri keçirirdilər, yararsız sənədi verirdilər, çıxarırdılar. Neçə ildir işləyə bilmirik. Dəymiş ziyanın ödənilməsini tələb edirəm”.

Zərərçəkmiş İlqar Əliyev isə bildirib ki, bu hadisələrdən sonra valideynləri xəstəliyə düçar olub. Həmin dövrdə manqa komandiri olduğunu deyən zərərçəkmişin sözlərinə görə, işgəncə nəticəsində qabırğası sınıb: “Bizi soğan kisəsi kimi ora-bura atırdılar. Məni döyənlər arasında mülki polis də vardı. Danışığından bildim. Həmin mülki polisdən də şikayətçiyəm. O kimdir ki, gəlib hərbidə məni döysün, qabırğamı sındırsın?”

“Tərtər işgəncələri” ictimailəşəndən sonra general Hikmət Həsənovun ona razılaşma təklif etdiyini deyən zərərçəkmişin sözlərinə görə, razılaşma baş tutmayıb: “Mənə dedi ki, ürəyin nə istəyir, eləyim sənin üçün, amma sən də çəkiliş elə, de ki, döyülməmişəm, işgəncə olmayıb”.

Qeyd edək ki, Rəşid Niftəliyev, Ramil Qarayev, Vüsal Ələsgərov və Rüstəm Ələsgərovun barəsində Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham verilib.

Bu cinayət işi üzrə 192 nəfər zərərçəkmiş qismində tanınıb.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Bir nəfər isə axtarışdadır.

İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artıb və 452 nəfərə çatıb.

İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb.

Onlar haqqında hökm 2022-ci ilin noyabrında ləğv edilib, işlər istintaqa qaytarılıb, 5 il sonra onlara bəraət verilib.Teleqraf.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90