image-rt-reklam
image-1backend

Gəncliyim orada darmadağın oldu, amma bu gün… – Dayanmış zamandan çıxan Qoçaq

image-728x90

Onunla ilk tanışlığımız təxminən 18 il əvvələ təsadüf edir. O vaxtlar “Televiziya muğam müsabiqəsi-2005”in iştirakçılarından biri də məhz Qoçaq Əsgərov idi. Ona çox vaxt səsi ilə insanları ovsunlayan xanəndə də deyirlər. Çünki barmaqla sayıla biləcək qədər nadir sənətkarlardandır ki, dünyanın dörd bir yerində Azərbaycan muğamını əcnəbilərə sevdirə bilib. Bu gün 45 yaşını qeyd edir Əməkdar artist, Prezident mükafatçısı, istedadlı xanəndə Qoçaq Əsgərov. Fürsət düşmüşkən sənətkarı doğum günü münasibəti ilə təbrik etdim, özəl günü ilə bağlı əhvalını xəbər aldım. Nəticədə qısa da olsa, maraqlı müsahibəmiz alındı.

Ulusal.az həmini müsahibəni sizə təqdim edir.

– Qoçaq Əsgərov 45 yaşında özünü necə hiss edir? Deyirlər ömrün ən gözəl çağıdır bu yaş. Geriyə və gələcəyə baxmaq üçün kifayət qədər təcrübən olur. Maraqlıdır, Qoçaq Əsgərov bu yaşı necə dəyərləndirir?

– 45 mənim üçün keçirdiyim ən gözəl doğum günümdür. Bilirsiniz niyə? Çünki mən 1993-cü ildən bu yana nə ad günü, nə yeni il, nə Novruz bayramı, nədə ki başqa bir önəmli tarixi qeyd etməmişəm. Ən gözəl günlərim o vaxta qədər olub. Doğulub böyüdüyüm kəndim, torpaqlarımız işğal olunandan sonra mənim üçün zaman dayandı sanki. Uşaqlığım, gəncliyim hamısı orda darmadağın olmuşdu. Bu gün Qarabağın işğaldan azad olunması, bərpası hər gün mənə ad günü hissi yaşadır. Bundan gözəl hədiyyə yoxdur. Hər dəfə xarici ölkələrdə konsert proqramı ilə çıxış edəndə qəlbimizin bir hissəsi sanki yarım idi. İndi isə başı uca, məğrur, qürurlu, qalib xalqın sənətkarı kimi gedirəm hər bir ölkəyə.

– Kəndinizdən söz düşmüşkən işğaldan azad olunan torpaqlara gedən ilk sənətkardan biri də siz olmusunuz. Hansı hissləri keçirdiniz uzun illərdən sonra Fizuliyə, torpaqlara qayıdanda?

– İlk olaraq kəndimizə getdim, dağın ətəyində Camal bulağı deyilən bir bulaq var. Dünyanın harasını gəzirəmsə gəzim, hər yerdən gözəl, doğma şirin yer məhz bu bulaqdır mənim üçün. Orda mən bir anlıq keçmişə qayıtdım sanki. Gözlərim önündə uşaqlıqda bu bulağın ətrafındakı mənzərə dayandı. Mal-qara otlayır, uşaqlar atılıb-düşür, qaynar kənd həyatı öz axarı ilə davam edir… İlk günki kimi xatırladım o vaxtları…

– 2011-ci ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Füzuli şəhərinin ziyalıları ilə görüşündə siz də iştirak etmisiniz. O görüş yadınızda necə qalıb?

– Səfərlə bağlı təəssüratlarım o qədər yüksəkdir ki. Çox xoş, səmimi bir görüş oldu. Çətin ki, o günü, o tarixi unudum. İstər dövlət başçımızın, istərsə də mədəniyyətimizin hamisi Mehriban Əliyevanın xoş rəftarı, hər birimizə xüsusi diqqəti nəyə desən dəyər. Bizə bu günləri bəxş edənlərə – Şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimiz sağ olsun, dövlətimiz, Ali Baş Komandan var olsun.

– Səsinizə, sənətinizə həmişə ən yüksək səviyyədə qiymət verilib. Barmaqla sayılacaq sənətkarlardansınız ki, dünya səviyyəsində tanınıb, Azərbaycan musiqisini əcnəbilərə sevdirə bilirsiniz. Bu həm də sizin üçün böyük bir məsuliyyətdir, elə deyilmi?

– Əlbəttə, bu çox böyük bir şərəfdir mənim üçün. Bilirsiniz ki, “BBC”, “CNN”, “Əlcəzirə” kimi dünyanın ən nüfuzlu televiziya kanalları ilə iş birliyim olub. 2007-2008-ci illərdə “BBC 3” kanalı mənim haqqımda geniş veriliş hazırlamışdı. Hətta o zaman onlar məni İrəvandan Qarabağa, doğulub boya-başa çatdığım Horadizə aparmaq istəyirdilər. Mən təbii ki, qəti şəkildə buna etiraz etdim. Dedim ki, mən niyə İrəvandan Qarabağa getməliyəm? Mənim kəndimlə, Horadiz qəsəbəsinin arası 40 km-dir. Təbii ki getmədim. Bilirdim ki, ora qayıdışımız möhtəşəm olacaq. Və belə də oldu. Mən ürəkdən, candan bu Vətənə, torpağa, xalqa bağlıyam. Həmişə də çalışmışam ki, xarici ölkələrdə peşəkarcasına, ən yüksək səviyyədə musiqimizi təbliğ edim. Bu günə kimi 79 solo konsert proqramı ilə çıxış etmişəm. Bilirsiniz ki, mən heç bir konsertə hər hansı bir maliyyə dəstəyi, vasitəsi ilə getməmişəm. Mənim biletlərim satılıb və həmin konsertlərə bilet alanların 99% -i əcnəbi dinləyicilər olub. Bu çox mühüm amildir, bu həm də Azərbaycan muğamının gücüdür, qüdrətidir. Xoşbəxtəm ki, bu missiyanın öhdəsindən layiqincə gəlirəm.

– Bu gün Qoçaq Əsgərov hansı işlər üzərində çalışır? Qarşıda nə kimi yeniliklər var?

– Mən heç vaxt fəaliyyətsiz dayanmıram. Həmişə işimin başındayam, öz üzərimdə hər zaman axtarışdayam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Humanitar Kollecində müəllim kimi fəaliyyət göstərirəm. Çox istedadlı tələbələrim var. Onlara milli musiqilərimizi, muğamın sirlərini sevərək öyrədirəm. Bundan başqa xarici ölkələrdə konsertlərim nəzərdə tutulub. Yeni albom də öz yerində. Qarşıdan gələn ildə bir neçə xarici ölkədə konsert proqramı ilə çıxış edəcəyəm Allahın izni ilə. Hazırda bu səfərlərlə bağlı danışıqlar gedir.

– Konsertlərdən söz düşmüşkən, yəqin ki, ürəyinizdən dədə-baba yurdunuzda konsert proqramı ilə çıxış etmək keçir, düzdürmü?

– Əlbəttə, bu mənim ən böyük arzularımdan biridir. 2 il əvvəl görüş zamanı birinci xanım Mehriban Əliyeva söz verdi ki, Horadizdəki muğam mərkəzi tam yeni standartlara uyğun, ən müasir şəkildə tikiləcək. Hansı ki, biz zamanlar mən o musiqi məktəbinin tələbəsi olmuşam. Bax o günü səbirsizliklə gözləyirəm.

– Arzu edirik ki, çox qısa bir vaxt ərzində xəyal etdiyiniz o möhtəşəm gün yetişsin və bizi Fizulidəki konsertinizə dəvət edəsiniz.

– Amin! Çox təşəkkür edirəm, var olun!

– Sağ olun. Bir daha doğum gününüz mübarək olsun.publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90