Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən “Sirun jan” adı altında mənimsənilərək ifa edilməsi və yutub yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.
Bu barədə Əqli Mülkiyyət Agentliyinin məlumatında bildirilir. Qeyd olunur ki, ilk növbədə, Azərbaycanın Xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğuna dərhal reaksiya veriblər. Agentliyin ekspertlərinin təhlilinə əsasən müəyyən edilib ki, B.Nəsibovun “Qarabağ” əsəri muğamın çahargah ladında yazılıb və erməni ifaçının səsləndirdiyi “Sirun jan” adlı mahnı B.Nəsibovun “Qarabağ” əsəri ilə tam üst-üstə düşür. Ermənilər isə mahnını özününküləşdirməyə çalışırlar. Ekspertlər bir daha təsdiq edirlər ki, B.Nəsibovun “Qarabağ” əsərinin adı ermənilər tərəfindən “Sirun jan” adı ilə dəyişdirilərək təhrif edilib.
Agentlik bildirir ki, “Qarabağ” əsəri Bəhram Nəsibovun mətn və musiqi müəllifi olduğu və ilk dəfə Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmiş mahnıdır. Bu mahnı bəstəkarın ən məşhur əsərlərindən biridir. Musiqisi və sözləri Bəhram Nəsibova aid olan “Qarabağ” mahnısı 1972-ci il iyunun 2-də Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqisi kimi tanınır.
Bununla yanaşı, Bəhram Nəsibovun vərəsələri bəstəkarın bir çox mahnılarını, o cümlədən “Qarabağ” mahnısını 2004-cü il iyulun 21-də Əqli Mülkiyyət Agentliyində (Agentlik həmin vaxt Müəllif Hüquqları Agentliyi adlanırdı) qeydiyyatdan keçirib və onlara əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilib.
“Qarabağ” mahnısı 2009-cu ildə TRT-nin təşəbbüsü ilə “Türk dünyasında savaşlarin müzikteki izleri” adlı alboma daxil edilib. Albomdakı mahnını Ali Haydar Gül ifa edib.
Bütün arxiv sənədləri “Qarabağ” mahnısının Azərbaycan müəlliflinə məxsus olduğunu göstərir. Aygün Bəylər, Aygün Kazımova, Könül Xasıyeva, Brilliant Dadaşova, Mənsum İbrahimov və digər məşhur ifaçılar televiziya və radiolarda, xarici ölkələrdə qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa ediblər.
Erməniəsilli ifaçı Gor Yepremyan isə Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” mahnısını mənimsəyərək onun sözlərini dəyişib və “Sirun jan” adı ilə oxuyub. Yutub kanalında yerləşdirilmiş “Sirun jan” adlı musiqi əsəri haqqında verilən məlumatda Bəhram Nəsibovun adı göstərilməməklə müəllifin şəxsi hüquqları, yutub kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi-nəzərdən isə Bəhram Nəsibovun əmlak hüquqları pozulub.
Bu hal milli qanunvericiliyin müddəaları ilə yanaşı, Azərbaycan və Ermənistanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin də pozulmasıdır. Belə ki, ÜƏMT-nin məqsədi “dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir”. Həmçinin Azərbaycan və Ermənistanın iştirakçısı olduqları “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır.
Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir.
Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, mediada yayılır.