İraqın Kürd Regional Rəhbərliyindən (KRR) neft tədarükünə nəzarətin İraq Dövlət Neft Şirkətinə (SOMO) təhvil verilməsindən cəmi üç gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kərkük-Yumurtalıq neft kəməri ilə bağlı 50 illik razılaşmanı ləğv edən fərman imzaladı.
Analitiklərin fikrincə, bu iki qərar regionda əsaslı paradiqma dəyişikliyinə işarə edir: söhbət təkcə texniki dəyişikliklərdən deyil, həm də əsas siyasi oyunçuların mövqelərinin yenidən müəyyən edilməsindən və iqtisadi tarazlığın dəyişməsindən gedir.
Enerji və geoiqtisadi manevr: Ərdoğanın qərarı
1973 və 1985-ci illərdə imzalanmış razılaşmalar əsasında inşa edilən Kərkük–Yumurtalıq boru kəməri İraqın Kərkük və Mosul neft yataqlarını Türkiyənin Ceyhan limanı ilə birləşdirirdi. Lakin son onilliklərdə bu infrastruktur geosiyasi qarşıdurmalar və hüquqi çəkişmələrin mərkəzinə çevrilmişdi. Kəmər dəfələrlə təxribat və terror hücumlarına məruz qalıb. 2014-cü ildə KRR nefti federal hökumətin nəzarətindən kənar Türkiyəyə ixrac etdiyinə görə, Bağdad Ankaranı beynəlxalq arbitraja vermiş və nəticədə Türkiyə təxminən 1.5 milyard dollar təzminat ödəməyə məcbur olmuşdu.
Son illər isə Türkiyə-İraq münasibətlərində normallaşma müşahidə olunur. Ərdoğanın ötən il Bağdada səfəri bu prosesdə dönüş nöqtəsi oldu. Həmin səfər zamanı neft sektorunda koordinasiya və PKK-nın terror təşkilatı kimi tanınması barədə razılıqlar əldə edildi.
Ərbilin enerji muxtariyyətinin sonu
Bağdad hökuməti bölgənin müstəqil enerji siyasətini sona çatdırmaq üçün mühüm addım atıb. Yeni sistemə əsasən, Kürd Regional Rəhbərliyi hasil etdiyi neftin gündəlik azı 230 min barelini SOMO-ya verməlidir. Daxili tələbat üçün cəmi 50 min barel qalır. Bütün hasilat və logistik xərclər isə regional hakimiyyətin üzərinə qoyulub və bu, onların hər bareldən əldə etdiyi xalis gəliri cəmi 16 dollara endirib. Beləliklə, 2007-ci ildən bəri mövcud olan enerji muxtariyyəti faktiki olaraq ləğv olunur.
2023-cü ilin martından etibarən Kərkük və Mosulu Türkiyəyə birləşdirən boru kəmərlərinin fəaliyyəti dayandırılıb və bu, gündəlik 400 min barel neftin ixracının qarşısını alıb. Nəticədə İraq Kürdüstanının büdcəsinə ciddi ziyan dəyib: maaşlar gecikdirilib, infrastruktur layihələri dayandırılıb, federal mərkəzlə münasibətlər dalana dirənib.
Ankaranın yeni siyasəti: Bərzanidən yan keçmək
Ankaradakı ekspertlər bildirirlər ki, Türkiyə Ərbillə deyil, birbaşa Bağdadla qarşılıqlı əlaqə modelinə üstünlük verir. Bu yanaşma Kürdüstan rəhbərliyinin həm iqtisadi, həm də siyasi təsirini məhdudlaşdırmaqla daxili ziddiyyətləri dərinləşdirə və Türkiyə ilə region arasında əvvəllər qurulmuş əməkdaşlığı zəiflədə bilər. Bu isə türk şirkətlərinin regionda həyata keçirdiyi iri layihələrin taleyini də sual altına qoyur.
Müəllif Ruslan Bəşirli
Haqqın.az
Tərcümə Ulusal.az