O, Almaniya ordusunda yeganə general olub ki, Adolf Hitlerə “mənim fürerim” deyil, “gerr” (cənab) deyə müraciət edib. Ditrix Zaukerin 3-cü Reyx rəhbərinə bu cür müraciəti heç də ona ərkindən irəli gəlməyib. General Hitlerin mütləq hakimliyini, nasistlərin ideologiyasını, siyasi və hərbi strategiyasını daxilən qəbul etməyib. Hitler özü də Zaukerin bu münasibətindən xəbərdar olub. Amma buna baxmayaraq, fürer generalın Almaniyanın silahlı qüvvələrində yüksək vəzifədə olmasını vacib və zəruri sayıb. Belə ki, general Zauker Almaniya ordusunun ən bacarıqlı və ən təcrübəli zabitlərindən biri olub…
1892-ci ildə Fişhauzendə anadan olan Zauker hərbi xidmətə 1910-cu ildə başlayıb, 1912-ci ildə o, ilk zabit rütbəsini alıb. Zauker I Dünya müharibəsində ən mürəkkəb cəbhə bölgələrində bir sıra uğurlu hərbi əməliyyatlara imza atıb. Məhz bu müharibə illərində o, həm nəzəri, həm də praktiki olaraq böyük hərbi təcrübə qazanıb.
Hərbçilər arasında kübarlığı və intellekti ilə fərqlənən Zauker hərbçi olsa da, siyasi proseslərə də böyük maraq göstərib. O, I Dünya müharibəsindən sonrakı illərdə bir müddət Moskvada diplomatik missiyada da çalışıb. Həmin ərəfədə Zauker rus dilini mükəmməl öyrənib.
1933-cü ildə nasistlər hakimiyyətə gəldikdən sonra Zauker təcrübəli hərbçi kimi Almaniya ordusunda bir sıra yüksək vəzifələrdə xidmət edib. II Dünya müharibəsi başlayanda general Polşanın işğal olunmasında əsas fiqurlardan biri olub. Daha sonra o, Hitlerin əmri ilə 4-cü tank diviziyasının komandiri vəzifəsində Şərq cəbhəsində xidmətini davam etdirib.
Vermaxtın qərargahında keçirilən əməliyyat müşavirələrində Zaukerin ordu ilə bağlı qaldırdığı məsələlər həmişə gərgin mübahisələrə səbəb olub. General yerlərdə qaulyayterlərin (nasist partiyasının rəhbərləri) ordunun işinə müdaxiləsini yolverilməz sayıb. Məhz bu məsələnin Vermaxtda müzakirəsi o dərəcədə gərgin keçib ki, ordu rəhbərləri Hitlerə müraciət etmək məcburiyyətində qalıblar. Hitler nasist partiyasının hakim partiya olduğunu önə çəkərək bildirib ki, yerlərdə partiya rəhbərləri bütün sahələrə, o cümlədən orduya nəzarət etmək səlahiyyətindədirlər.
Fürer bu fikrini bildirdikdən sonra Zauker ayağa qalxaraq əlini zərblə Hitlerin iş masasının üstünə çırpıb:
– Mən sizin əmrlərinizi icra etməkdən imtina edirəm. Mülki şəxslər peşəkar hərbçilərin işinə müdaxilə edəcəksə, onda heç bir uğurdan, uğurlu hərbi əməliyyatlardan danışmaq olmaz.
Zaukerin bu qətiyyəti ona baha başa gəlib. General bir müddət hərbi vəzifəsindən kənarlaşdırılıb. Ancaq çox keçməmiş, Almaniya ordusu bir-birinin ardınca məğlubiyyətə uğrayanda Hitler Zaukeri yanına dəvət edib. Ona tank korpusunun komandanı vəzifəsini təklif edərək yenidən cəbhəyə göndərib.
1945-ci ilin fevral ayında Zauker Hitlerə hərbi əməliyyatları dayandırmağı tövsiyə edib:
“Mən sizə yazılı müraciət edirəm. Almaniya ətrafındakı hərbi vəziyyəti tam aydın şəkildə görərək və təhlil apararaq tövsiyə edirəm ki, Vermaxt qoşunları bütün ərazilərdə hərbi əməliyyatları dayandırsın. SSRİ və müttəfiqləri çox yaxın zamanlarda Berlin əməliyyatını keçirəcəklər. Biz şəhəri onlara təhvil verməli olacağıq. Hər birimizə ölümə bərabər olan həmin anları yaşamamaq üçün biz əvvəlcədən hərbi əməliyyatları dayandırmalı, danışıqlara başlamalıyıq. Təbii ki, əgər qarşı tərəf bunu qəbul etsə…”
Əslində Hitler Zaukerin yazdıqlarının həqiqət olduğunu yaxşı anlayıb. Amma fürer onu da yaxşı anlayıb ki, sovet qoşunlarının Berlinə yaxınlaşdığı ərəfələrdə Moskva danışıqlara getməyəcək. Hitler çıxış yolunu da seçib, tam məğlub olduqdan sonra intihar yolunu. Zauker isə 1945-ci ilin may ayının 8-nə qədər Berlin ətrafında mübarizəsini davam etdirib. General mühasirəyə düşəndə həmkarları onu mühasirədən çıxarmağa çalışıblar. Zauker həmkarlarının köməyini qəbul etməyib: “Mən döyüşçülərimi mühasirədə qoyub gedə bilmərəm…”
Elə həmin gün Zauker sovet hərbçiləri tərəfindən əsir götürülüb. Onu bir neçə gündən sonra Moskvaya aparıblar.
Zaukerin məhkəməsi Moskvada keçirilib. Proses zamanı o, hərbi cinayətkar olduğunu etiraf edib. General 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
10 il Sibir düşərgələrində cəza çəkən Zauker 1955-ci ildə azadlığa buraxılaraq Almaniyaya qayıdıb. Ömrünün sonuna kimi əlil arabasında gəzən Zauker 1980-ci ildə, 88 yaşında vəfat edib. General yazdığı xatirələrində məğlubiyyətin əsas səbəbini Hitlerdə görüb:
“…Hitler hərbçi deyildi. Ümumiyyətlə, hərb elmi haqqında anlayışı yox idi. Ətrafına yığdıqları da hərbi sahədə peşəkar deyildilər. Məğlubiyyət də bu qeyri-peşəkarlıqdan başlamışdı. Düzgün çıxarılmayan qərarlar, yersiz əmrlər, qərəzli və anlaşılmayan göstərişlər Almaniyanı məğlubiyyətə apardı. Mən dəfələrlə Hitlerə bu yanlışlıqları izah etmişdim. O isə bunları anlamaq istəmirdi. Şişirdilmiş nasist ideologiyası Hitlerin gözünü elə yummuşdu ki, o, özünü göylərdə sayırdı, iddiası günü-gündən artırdı. Qarşı tərəf isə daha ağıllı və çevik tərpənirdi. Mən hələ 1943-cü ildə, Şərq cəbhəsində olanda Almaniya ordusunun tükəndiyi haqda Hitlerə yazılı müraciət etmişdim. Həmin müraciət də 3-cü Reyx rəhbərləri tərəfindən ciddiyə alınmadı. Son nəticə isə göz qabağındadır…”
İlham Cəmiloğlu,
Musavat.com