image-rt-reklam
image-1backend

“Düşünürəm ki, bütün məsələlərə qarşıdan gələn parlament seçkilərindən sonra aydınlıq gətiriləcək”- Nəsib Məhəməliyev

image-728x90
Milli Məclisin deputatı Nəsib Məhəməliyev “atributinfo.az”ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

-Nəsib müəllim, Ermənistanın sülh prosesini yubatması nəyə xidmət edir?

-Ermənistanın sülh prosesini yubatması, regionda gərginliyin, müharibə ehtimalının artmasına xidmət edir. ABŞ da Tramp administrasiyasının fəaliyyətə başladığı andan, geosiyasi şərtlərin dəyişdiyi, Ermənistanın yenidən Rusiyanın çətiri altına qayıtdığı müşahidə olunur. Paşinyanın reytinqinin aşağı düşməsi, millətçilərin fəallığı, revanşist bəyanatları, bütövlükdə bölgənin təhlükəsizliyini təhdid altına alır. Düşünürəm ki, bütün məsələlərə qarşıdan gələn parlament seçkilərindən sonra aydınlıq gətiriləcək.

-İstanbul görüşü Türkiyənin beynəlxalq mövqelərinə necə təsir edəcək?

-⁠İstambulda keçirilən Rusiya-Ukrayna danışıqları, demək olar ki, nəticəsiz başa çatdı. Üç il bundan əvvəlki danışıqlarda, konkret razılıqlar əldə olunmasına rəğmən, müharibə tərəfdarlarının təzyiqi ilə, barış baş tutmadı. Bu görüşün Türkiyənin beynəlxalq mövqelərinə təsirini o qədər də şişirtməyə ehtiyac yoxdur. Türkiyə öz siyasəti, iqtisadi inkişafı, hərbi gücü ilə, beynəlxalq münasibətlər sistemində aparıcı dövlətlərdən biridir. Regional siyasətdə aktiv rol oynayır. Təbii ki, Rusiya-Ukrayna müharibəsində də, balanslaşdırılmış diplomatiyası, Türkiyənin nüfuzunu artırır.

-Hindistan Pakistan münasibətlərinin perspektivini necə dəyərləndirmək olar ?

-Hindistan-Pakistan münasibətlərində gərginlik davam edəcək. Ancaq, böyük müharibə ehtimalı azdır. Hər ikisi nüvə dövlətidir və aydın məsələdir ki, nüvə müharibəsinin qalibi olmur. Bu iki dövlət arasında müharibə olması, bütövlükdə planetin gələcəyini şübhə altına alır.

-ABŞ prezidentinin Yaxın Şərq səfəri Fələstin probleminin həllinə şərait yarada bilərmi ?

-ABŞ prezidentinin, Yaxın Şərq səfərinin gündəliyində Fələstin məsələsi, axırıncı yeri tuturdu. Əsas məsələ, irimiqyaslı iqtisadi kontraktların bağlanması, qarşılıqlı sərmayələrin qoyulması idi. Prezident Tramp istədiklərini aldı. Hal-hazırda Qəzzada baş verənlər bir daha göstərir ki, Fələstin probleminin həllində ciddi dəyişikliklər baş verməyəcək. Fələstin probleminin həllinin yeganə yolu BMT qətnamələrinin icrasından, yəni iki dövlətin yaranmasından keçir. Bu da, yalnız və yalnız Birləşmiş Ştatların mövqeyindən asılıdır.
-Müsahibə üçün təşəkkür edirəm.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90