image-rt-reklam
image-1backend

“DÜNYANIN YENİDƏN BÖLÜŞDÜRÜLMƏSİ PROSESİNDƏ İŞTİRAK ETMƏLİYİK” – “Düşünürəm ki, seçki ilə bağlı bir az ciddi olmaq lazımdır…”

image-728x90

Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn “AzPolitika.info”ya müsahibəsində seçki prosesi ilə bağlı sualları cavablandırıb. O, növbədənkənar seçki qərarının səbəbələri, mövcud seçki şəraiti, iddiaçılar və 7 fevraldan sonra gözlənilən dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.

Müsahibəni təqdim edirik:

– Pənah bəy, suallarım 2024-cü ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlıdır. Bu qərarın müxtəlif izahları var, sizcə hökumət niyə bu qərara gəldi?

– Bu barədə heç bir şərh verə bilmərəm. Çünki bu qərarı verən və hazırda Prezident vəzifəsini icra edən cənab İlham Əliyevin məsələyə dair heç bir şərhi yoxdur. Güman edirəm ki, seçki mərhələsində və ya sonra bu məsələyə aydınlıq gələcək. Amma istənilən halda, bu barədə ən düzgün cavabı sərəncamın müəllif verə bilər.

– Amma Yeni Azərbaycan Partiyasının bir izahatı var ki, Qarabağdakı qələbədən sonra daxili amillər və regiondakı durum Azərbaycanda seçkiyə getmək ehtiyacı yaradıb…

– Partiyanın adından verilsə də, bu, subyektiv bir mülahizədir. Mən əminəm ki, sərəncamdan əvvəl hansısa müxalifət nümayəndəsi “növbədənkənar prezident seçkilərinə ehtiyac var” desəydi, YAP yəqin ki, onu vətənə və millətə xəyanətdə ittiham edərdi. Çünki sərəncam verilənə qədər heç bir iqtidar təbliğatçısı, ideoloqu, hətta YAP funksioneri belə bir zərurətdən danışmayıb.

– Partiyanızın seçki ilə bağlı qərarı oldu. Daha sonra bu barədə açıqlama verdiniz. Seçkiyə gedəcəksiz, ya yox?

– Partiyamız bu seçkilərdə öz namizədi ilə iştirak etmir. Amma seçkiləri boykot da etmirik. Mənə səlahiyyət verildi ki, bu barədə qərar qəbul edim. Mən öz təşəbbüsümlə namizədliyimi irəli sürsəm, partiya məni müdafiə edəcəkdi. Həmin qərarın dördüncü bəndində deyilir ki, əgər partiya sədri öz namizədliyini irəli sürməsə, bu halda partiya üzvlərinə sərbəstlik verilir. Onlar hansısa namizədi müdafiə etmək və ya etməməkdə, səs verməkdə, ya verməməkdə, müşahidədə iştirak etmək və yaxud digər başqa məsələrdə azaddırlar.

– Bəs sizin qərarınız necə olacaq?

– Mən öz “Facebook” səhifəmdə bu barədə paylaşım etmişəm. Biz partiya rəhbərliyində və üzvlər arasında bir neçə gün müzakirələr apardıq. Bu zaman müşahidə etdim ki, partiyada yekdil rəy yoxdur. İkincisi, ümumi seçki mühiti ilə bağlı problemlər var idi. Birdən-birə elan olunmuş seçkidə ümumrespublika miqyasında bir siyasi kampaniyanın aparılması ciddi insan və maliyyə resursu tələb edir. Bununla bağlı problemləri həll etmək lazımdır. Yuxarıda qeyd etdiyim kimi, partiyada yekdil rəy olmadığından namizədliyimi irəli sürmədim.

– Bir sıra partiya sədrləri Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir… 

– Mən nə seçkiyə gedənləri, nə namizədliyini irəli sürənləri və ya sürməyənləri motivlərindən asılı olmayaraq, hansısa bir şəkildə ittiham etməyin tərəfdarı deyiləm. Fakt budur ki, seçki elan olunub. Biz də çalışmalıyıq ki, ümumi birliyə və ölkənin indiki problemlərilə bağlı çağırışlara cavab verən seçki olsun və milli həmrəyliyə xidmət etsin. Biz bu istiqamətdə çalışacağıq. Təəssüf ki, iqtidar dairələrindən seçkiyə getməyənlər barədə ittihamlar səslənir. Seçkiyə getməyənlər də bu seçki barədə müxtəlif ittihamlar irəli sürürlər. Lakin biz istərdik ki, bu seçki daxili qarşıdurmaya yox, həmrəyliyə xidmət etsin.

– Bu mövqenin izahı nədir?

– Çünki biz hesab edirik ki, Qarabağdakı qələbələrdən sonra ölkədə köklü dəyişikliklərə ehtiyac var. Düşünürdük ki, ölkədə konstitusiya dəyişiklikləri olacaq, referendum keçiriləcək, çoxpartiyalı seçki sistemi bərqərar olacaq və s. Bu halda düşünürdük ki, əvvəlcə referendum və parlament seçkiləri, sonda isə prezident seçkisi olacaq. Onu da qeyd edim ki, hüquqi baxımdan növbədənkənar seçki qərarı mübahisələndirilə bilməz. Çünki konstitusiyanın birinci maddəsinin ikinci cümləsinə görə, mövcud Prezidentin belə bir hüququ var. Belə fikirlər var ki, fevralın 7-dən sonra yuxarıda qeyd etdiyim islahatlar istiqamətində addımlar atılacaq.

– Yəni referendum ola bilər?

– Ola bilər, ola bilməz, bu qərarı artıq hakimiyyət verəcək.

– Pənah bəy, həmrəylikdən danışdınız. Seçkinin gedişində həmrəylik xatirinə hansısa namizədi dəstəkləməyi düşünürsünüzmü?

– Prinsip etibarilə heç nəyə əvvəlcədən cavab vermək olmaz. Əvvəla, hələ yeni sürpriz namizədlərin olub-olmaması məsələsi açıq qalır. Yanvar ayının səkkizinə qədər yeni namizədlər ola bilər.

– Kimlər ola bilər?

– Hələ vaxt var, sürpriz namizdlərin olacağını istisna edə bilmərik.

– Bəs səsvermədə iştirak edəcəksinizmi?

– Böyük ehtimalla iştirak edəcəm. Amma Siz “kimə səs verəcəksiniz?” sualını vermədən öncə deyim ki, belə bir sualı doğru hesab etmirəm.

– Barışmaz müxalifət, yəni Müsavat Partiyası, Xalq Cəbhəsi Partiyası seçkini boykot edib? Onların arqumentlərinə münasibətiniz necədir?

– Əslində “Siyasi partiyalar haqqında” qanun boykot məsələsi ilə bağlı partiyaların önündə müəyyən məhdudiyyətlər qoyur. Seçki Məcəlləsində də var ki, seçicilərin seçki fəallığına mane olmamaq partiyanın vəzifəsidir. Boykot istər-istəməz ən azı partiya üzvlərinin seçki fəallığına məhdudiyyət kimi şərh oluna bilər. Seçki Məcəlləsində həmçinin belə bir müddəa da var ki, seçkiyə qarşı təbliğat aparmaq olmaz. Fikir verirsinizsə, siyasi partiyaların bəyanatlarında da konkret olaraq “boykot” sözü işlədilmir.

– Onlar iddia edirlər ki, “seçkidə iştirak etmirik, çünki seçki yoxdur”…

– Əlbəttə, onlar öz fikirlərini ifadə edirlər. Bu da onların hüququdur. Bu fikirdə olanların da fikrinə dözümlü yanaşmaq lazımdır.

– Bəs arqumentlərə necə?

– Bizim öz arqumentlərmiz var. Onlar da öz arqumentlərini irəli sürürlər. Mənim mövqeyim ondan ibarətdir ki, bütün fikirlər səsləndirilməlidir.

– Seçkidə təxminən 15-dən artıq iddiaçı var və seçki qərarının elan olunmasından təxminən 20 günə yaxın vaxt keçir. Bu müddət ərzində partiya sədrləri ilə məsləhətləşmələr olubmu?

– Bu, bizim arzu etdiyimiz, istədiyimiz, xüsusən də bu böyük qələbələrdən sonra təsəvvür elədiyimiz seçki kampaniyası deyil. Ola bilsin, 30 namizəd olacaq. Xalq Partiyasının İdarə Heyətində məsləhətləşmələr aparanda əsas arqumentlərdən biri 40 min imza məsələsi idi. Bu, olduqca çətin bir məsələdir. Düşünürəm ki, bir az ciddi olmaq lazımdır. Bu cür kampaniyaların təşkilatçılarına deyərdim ki, proses ciddi idarə olunsun. Bir sıra partiyalar var ki, az-çox təşkilati struktura, tərəfdara, insan və maddi resursa malikdir, amma onlar Prezidenti dəstəkləmək haqda qərar qəbul ediblər. Amma zaman-zaman da müxalif mövqedən çıxış edirlər. İndiki siyasi, sosial, iqtisadi vəziyyətlə bağlı fərqli alternativ mövqelərini ifadə edirlər. Amma indiyə qədər mövcud Prezidentin siyasətini qeyd-şərtsiz dəstəkləyən, onu alternativsiz sayan, hətta ona qarşı hansısa tənqidi fikri qəbahət hesab edənlər indi Prezidentə qarşı alternativ namizədliklərini verirlər.

– Maraqlıdır, həmin namizədlər seçicidən nə adla imza istəyəcəklər?

– Onlar seçicidən imza istəməyəcəklər…

– Bəs seçkidə iştirak üçün necə qeydiyyatdan keçəcəklər?

– Yuxarıda da qeyd etdiyim kimi, bu zaman ortaya qeyri-ciddi bir nəticə çıxır…

– Sosial şəbəkələrdə belə fikirlər səsləndirilir ki, namizədlərin bir çoxuna seçkidə iştirak etməyi “yuxarıdan” məsləhət görüblər…

– Mənim bu fikri təkzib etmək üçün əsaslarım yoxdur. Baxın, necə ola bilər ki, kifayət qədər strukturu, seçki aparmaq təcrübəsi olan Ümid Partiyası və onun sədri namizəd kimi iştirak etmir və Yeni Azərbaycan Partiyasının namizədini, mövcud Prezidenti dəstəkləyir. Yaxud, Haqq və Ədalət Partiyasının sədri Əli İnsanov, ya da Akif Nağı kimi şəxslər namizəd olmurlar. Digər tərəfdən, Xalq Cəbhəsi və Musavat kimi kifayət qədər siyasi fəaliyyət təcrübəsi olan partiyalar namizəd irəli sürmürlər. Amma bəzi siyasi partiyalar çox cəsarətli şəkildə seçkiyə gedirlər. İstər-istəməz bu zaman qeyd etdiyiniz məsələ ilə bağlı fikir formalaşır.

Hesab edirəm ki, indiki məqamda hakimiyyət dəyişikliyi dövrü deyil. Söhbət konkret olaraq dünyadakı və regiondakı vəziyyətdən gedir. Azərbaycan-Ermənistan məsələsi tam həllini tapmayıb, şimaldan, cənubdan, şərqdən, qərbdən təhdidlər var. Bu, seçkidən daha çox prosedur məsələ kimi görünür. Təbii ki, bu zaman da müxtəlif versiyalar irəli sürülür. Bəzi fikirlərə görə, yaxın bir ildə hakimiyyət üçün seçki məsələsi indikindən problemli ola bilər. Açığı, belə bir fikir mənim üçün inandırıcı görünmür. Başqa bir versiyaya görə Rusiya ilə məxfi razılaşmalar olub və seçkidən sonra açıqlanacaq. Bu fikrin əksi olaraq həm də bildirilir ki, 2025-ci ilin aprelində rus qoşunlarının Qarabağdan çıxıb-çıxmama məsələsi həll olunmalıdır. Bu səbəbdən də seçki erkən keçirilir.

– Son olaraq seçkidən gözləntiniz nədir? İqtidar komandasında və idarəçilikdə nələr dəyişə bilər?

– Yuxarıda qeyd etdiyim kimi, 7 fevraldan sonra müyyən dəyişikliklərin olma ehtimalı var. Amma bu sadəcə bir ehtimaldır. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu dəyişikliklərin olmasını zərurət hesab edirik. Lakin eyni zamanda seçki prosesinin sözügedən dəyişikliyə hansısa şəkildə təsir edəcəyini düşənəcək qədər sadəlövh deyilik. 7 fevral tarixini gözləyək. Bu gün Azərbaycan yeni keçid mərhələsindədir. Azərbaycanın coğrafi və siyasi baxımdan böyümə şans var. Gürcüstan və Ermənistanın belə bir şansları yoxdur. Strateji hədəf bu olmalıdır. Biz böyüməsək, bizi kiçildəcəklər. Biz dünyanın yeni bölüşdürülmə mərhələsində iştirak etməsək, bizim özümüz bölünmənin obyekti olacağıq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90