image-rt-reklam
image-365660011_1031858454481805_4878594422342072992_nbackend

Dünyaca ünlü universitetdə oxuyan azərbaycanlı xanım: Həyat yoldaşı ona görə nəyi qurban verib?

image-728x90

Dünya reytinqində TOP-20-də olan Avstraliyanın Sidney Universitetində Dövlət Proqramı ilə Təhsilin idarə edilməsi və liderlik ixtisası üzrə magistr təhsil alan Rəbiyyə Müseyibzadə Publika.az-a müsahibəsində uğur yolundan danışıb.

Rəbiyyə Müseyibzadə Avstraliyada Dövlət Proqramı ilə təhsil alan 3 azərbaycanlıdan biridir.

-Avstraliyada Dövlət Proqramı ilə təhsil alan 3 azərbaycanlıdan birisiniz. Bu uğuru necə əldə etmisiniz?

-Dövlət proqramı elan olunduğu zaman iş yoldaşımın tövsiyəsinə əsasən, Avstraliyada təhsilin idarə edilməsi üzrə təhsil verən ali təhsil müəssisələrini araşdırdım. Melburn və Sidney Universitetlərindən müsbət cavab aldım, lakin seçimim Sidney Universiteti oldu. Sidney Universiteti həmin vaxt 1 nəfər beynəlxalq tələbə üçün 20% endirim də təklif edirdi. Lakin göstəricilərim yüksək və bu sahəyə marağım daha çox olduğundan, öz fakültəm üzrə bu endirimi qazanan yeganə tələbə oldum. Sidney Universitetindən qəbul aldıqdan sonra həmin qəbul sənədi ilə Dövlət Proqramına müraciət etdim. Həmin proqramın da öz tələbləri var idi. Bütün tələbləri yüksək göstəricilərlə ödədiyimdən, müsahibə mərhələsinə dəvət olundum. Müsahibədən uğurla keçib Dövlət Proqramını qazananları siyahısında yer tutdum.

-Təhsiliniz necə davam edir?

– Təhsilimi uğurlu şəkildə davam etdirirəm. Belə ki, artıq birinci semestri fərqlənmə ilə başa vurmuşam və hətta dissertasiya işi götürməyə haqq qazanmışam. Keçən semestr Avstraliyanın Milli Ali Təhsil Birliyi (NTEU) və Sidney Universitetinin birgə həyata keçirdiyi “Sidney Siyasət Reformasiya Layihəsinin (Sydney Policy Reform Project)” tədqiqat qrupunun üzvü seçildim. “Şimal-Cənubi Uels (NSW) universitetlərində mövcud idarəetmə sisteminin universitetlərin qanunla müəyyən edilmiş öhdəliklərini yerinə yetirmə qabiliyyəti ilə bağlı məhdudiyyətləri və təsiri” mövzusunda araşdırma apararaq, nəticələrə uyğun siyasət sənədində mümkün dəyişikliklərlə bağlı təkliflərimi təqdim etdim.

Bundan əlavə, Sidney Universiteti tərəfindən Tələbə Təcrübələri üzrə İnnovasiya Qrantları (Student Experience Innovation Grants) müsabiqəsində də iştirak edərək “Meditasiya Seminarı” adlı layihə ilə qrant qazandım. Eyni zamanda, 26 avqust 2023-cü il tarixində İndoneziyanın Dövlət Surabaya Universiteti tərəfindən “Təhsilin idarəedilməsində müasir tələblər, problemlər və imkanlar” adlı seminara qonaq spiker kimi dəvət olunmuşam.

-Həm ana, həm həyat yoldaşı, həm də tələbə olmaq sizin üçün necə hissdir?

-Açığı, ilk vaxtlarda çox çətinlik çəkirdim. Burada bağçalar həddindən artıq bahadır (1 günü minimum 130 AUD), bu səbəbdən həm evdə uşağa baxmaq, həm ev işləri ilə məşğul olmaq, həm də oxumaq çox çətin idi. Xüsusilə imtahan müddəti ağrılı keçdi. Artıq 6 aydır burada olduğumdan, zamanımı və enerjimi düzgün bölüşdürməyi müəyyən qədər öyrənmişəm. Ən böyük arzularımdan biri odur ki, məzun olduqda qızım və həyat yoldaşım məni məzun formasında görüb, birgə əziyyətimizin bəhrəsinə sevinsinlər.

-Çətinlikləriniz əsasən nə də olur?

– Yaşadığım yer universitetə uzaq olduğundan uzun müddət qatarla səyahət etməli oluram. Həmçinin burada yaşayış xərcləri yüksək olduğundan büdcəni idarə etmək bir qədər çətin olur. Əvvəldə də qeyd etdiyim kimi, ailəli və uşaqlı olmağım mənim üçün böyük yükdür. Yenə də həyat yoldaşımın istər maddi, istər mənəvi dəstəyi ilə bütün çətinliklərin öhdəsindən gələ bilirəm. Burada həyat yoldaşıma xüsusi təşəkkür etmək istərdim, çünki mənim şəxsi inkişafım üçün bütün karyerasını Azərbaycanda qoyaraq Avstraliyaya gəlib. Mənə dəstək olmaq üçün əlindən gələni edir.

-Öncə ADU, daha sonra ADA-da təhsil almısınız.

– Hər iki universitet mənim üçün fərqli və gözəl xatirələrlə yadda qalıb. ADU-da dünya ədəbiyyatını xarici dildə oxuduğum üçün həm xarici dil bacarıqlarım, həm də kritik düşüncə, tənqidi yanaşma kimi önəmli bacarıqlarım inkişaf etdi. ADA Universiteti isə mənim nəinki xarici dil, həm də akademik dünyaya ilk addımlarımı atmağımda baza rolu oynayıb. Belə ki, orada təhsil aldığım zaman real tədqiqat işləri aparmış, statistika proqramlarını istifadə etməyi öyrənmiş və təqdimat, debat, özünüifadə, kritik düşüncə, problem həlletmə kimi gələcəyin liderinə lazım olan bacarıqlara yiyələnmişəm. Ümumilikdə, ADA Universitetinin mənim təhsilimdə, karyeramda və dünyagörüşümdə təsiri əvəzolunmazdır. Bu universitetin ən böyük üstünlüklərindən biri də odur ki, öz məzunlarının işlə təmin olunmasına xüsusi önəm verir. Təhsilini Azərbaycanda almaq istəyən hər kəsə ADA Universitetini məsləhət görərdim.

– Həm ölkəmiz, həm də xaricdə təhsil almısınız. Əsas fərqləri nədə görürsünüz?

– Burada gərək 3 universiteti ayrı-ayrı müqayisə edim, çünki ADU və ADA həm təhsil, həm resurs, həm də atmosferinə görə bir-birindən kəskin şəkildə fərqlənir. Əlbəttə, xaricdə təhsil daha üstündür, məsələn, təhsil sahəsində tanınan avstraliyalı məşhur tədqiqatçı-alimlərdən dərs alıram, universitetin kitabxanasının bütün dünyaya çıxışı vardır, bu da milyonlarla resursa çıxış əldə etmək deməkdir. Dərs materialları mövzu cəhətdən ADA ilə oxşar olsa da, daha çətindir. İmtahanların həcmi və çətinlik dərəcəsi də nisbətən daha ağır və zəhmət tələb edir. Müəllimlərin qoyduğu tələbləri ödəmək üçün əlavə resurslar oxumalı və araşdırmalar aparılmalıdır. Bu da əlavə enerji və vaxt tələb edir. Yenə də bu tipli çətinlik mənim öz sahəmi daha dərindən öyrənməyimə və gələcəkdə təhsil üzrə lider və tədqiqatçı kimi formalaşmağıma təkan verir.

-İllər öncə tələbə adını qazandığınız zaman dünya reytinqində TOP-20-də olan universitetdə təhsil alacağınızı düşünürdünüz?

– Hər zaman xaricdə oxumaq arzusunda olmuşam, ancaq qismət olmamışdı. Amma yenə də yüksək reytinqli universitetdə təhsil alacağım ağlıma gəlməzdi. 2İnsanın niyyəti haradırsa, mənzili də oradır” deyiblər. ADU-da oxuyan zaman arzu edirdim ki, ADA-da təhsil alım və bir neçə il sonra arzum gerçəkləşdi. 2022-ci ilin əvvəlində də arzulamışdım ki, kaş əvvəlki kimi yenə də Dövlət Proqramı təşkil olunardı və mən iştirak edərdim. 1 ay keçməmiş arzum gerçəkləşdi və Dövlət Proqramı elan olundu. Buna görə çox sevinirəm və təşkilatçılara təşəkkür edirəm. Gəcələkdə dövlət hesabına dünya reytinqində TOP-10-da olan universitetlərdən birində doktorantura təhsili də almaq istəyirəm. Ümid edirəm ki, bu arzum da reallaşar və mən Dr Rəbiyyə Museyibzadə statusu qazanaram.

– Hazırda təhsilinizi ADU-da seçdiyiniz ixtisas üzrə davam edirsiniz?

– ADU-da Filologiya (İngilis dili və ədəbiyyatı) üzrə təhsil almışam. Filologiya maraqlı sahədir, lakin bu sahə üzrə Azərbaycanda karyera imkanları limitli olduğundan, magistr təhsilimi təhsilin idarə edilməsi üzrə almağa qərar verdim. Hazırda isə təhsilin idarə edilməsi və liderlik üzrə təhsil alıram.

-Xaricdə təhsil almaq istəyən vətəndaşlarımıza hansı tövsiyələriniz var?

– Tövsiyəm ondan ibarətdir ki, əgər xaricdə oxumaq arzuları varsa, çox çalışsınlar, zamanlarını və enerjilərini xarici dil öyrənməyə və oxumaq arzusunda olduqları sahə barədə araşdırmalar aparmağa sərf etsinlər. Artıq xaricdə təhsil üçün Dövlət Proqramlarının sayı daha da artmaqdadır. Bu da o deməkdir ki, xaricdə təhsil üçün maddi problemi bir qədər aradan qalxıb. Dövlətin yaratdığı bu imkanlardan yararlanmaq üçün akademik göstəricilərin yuxarı olmasına diqqət göstərsinlər. Uğur əldə etmək çətin olsa da, mümkünsüz deyil.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90