Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi “Medipoint” klinikasında süni mayalanma əməliyyatı zamanı çəkiliş aparılması ilə bağlı yayılan görüntülərə münasibət bildirib. Oxu.az-ın sorğusuna cavab olaraq mərkəzdən bildirilib ki, məsələ üzrə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzində yaradılmış işçi qrupu tərəfindən ciddi araşdırma aparılacaq və müvafiq tədbirlər görüləcək. “Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə qurumdan qeyd olunub.
Görüntüdə bloger Arifə Məmmədovanın süni mayalanma əməliyyatı zamanı həkimlərlə bərabər otağa çəkiliş qrupu ilə birlikdə girdiyi, proses boyunca orada olduğu yer alıb. Bunu reklam məqsədilə edən klinika və bloger videonun tənqid edildiyini görəndən sonra görüntülər sosial şəbəkələrdən silinib. Əməliyyatı icra edən ginekoloq Vüsalə Rəhimovadır.
Lakin əməliyyat otağında çəkiliş aparılması, sosial şəbəkələrdə paylaşmaq mərəzi ilk dəfə deyil. Bundan əvvəl də əməliyyat otağında çəkiliş aparılması məsələsi müzakirə edilib, həkim cəzalandırılıb. Belə ki, mama-ginekoloq Ləman Əliyeva doğuş zamanı otaqda ad günü edib və buna görə cəzalandırılıb.
Bu hallar getdikcə adiləşir. Sanki bir tendensiya halı alır. Axı nəzərə alınmalıdır ki, əməliyyat otağına kənar şəxslərin girişi qadağandır. Bu, ilk növbədə aseptika, sterilizasiya cəhətdən vacibdir. Lakin ginekoloqlar əməliyyatı zamanı otaqda gah tort kəsdirib ad günü keçirir, gah bloger piar çəkiliş aparır. Sabah da doğuş zamanı xınayaxdı təşkil olunsa, təəccüb doğurmaz. Təbii ki, həm həkimin məsuliyyətsizliyi, həm də çalışdığı tibb müəssisəsi rəhbərliyinin laqeydliyi burada əsas rol oynayır.
Belə halların qarşısını almaq üçün daha hansı tədbirlər görülməlidir? Həkimlərimiz illərlə təhsil almış şəxslər kateqoriyasına aiddir, niyə belə insanlar məsuliyyətsiz hərəkətlərə yol verirlər? Əməliyyat zamanı çəkilişlər, kənar şəxslərin içəri daxil olması pasiyent üçün hansı təhlükələri yaradır?
Qeyd edək ki, dünyada bu kimi hallara yanaşma olduqca sərtdir. Əksər ölkələrdə əməliyyat otağında çəkiliş aparılması üçün xəstənin yazılı razılığı tələb olunur. Bu razılıq olmadan çəkiliş aparmaq, xüsusilə də bu görüntüləri əyləncə və ya şəxsi təbliğat məqsədilə sosial mediada paylaşmaq ciddi etik və hüquqi pozuntu hesab olunur. Bəzi ölkələrdə bu səbəbdən həkimlər lisenziyalarını itirir, işdən çıxarılır və ya peşəkar reyestrdən uzaqlaşdırılırlar. Məsələn, ABŞ-da bir neçə belə hadisə qeydə alınıb. 2017-ci ildə Kolorado ştatında plastik cərrah TikTok üçün video çəkmiş, nəticədə onun tibb fəaliyyəti müvəqqəti dayandırılmışdı. Çikaqoda isə başqa bir həkim pasiyentin razılığı olmadan “Snapchat”a görüntü yerləşdirmiş və işdən azad edilmişdi. Böyük Britaniyada isə Milli Səhiyyə Sistemi bu cür çəkilişlərə yalnız ciddi tibbi-tədris və ya sənədli layihə məqsədilə icazə verir. Hindistanda da oxşar bir hadisə yaşanmış, bir ginekoloq doğuş zamanı xəstə ilə rəqs videosu çəkmiş və bu səbəbdən vəzifəsindən uzaqlaşdırılmışdı.
Əməliyyat otağında çəkiliş yalnız konkret şərtlər daxilində, yəni pasiyentin yazılı razılığı və etik komitələrin təsdiqi ilə, elmi və ya tədris məqsədilə aparıla bilər. Bu zaman pasiyentin üzünün görünməməsi və şəxsiyyətinin tanınmaması da təmin olunmalıdır. Tibbi etika pasiyentin hüquq və məxfiliyinin qorunmasını əsas prinsip kimi müəyyən edir. Əməliyyat otağında qeyri-ciddi davranışlar, sosial şəbəkələrə yönəlik şüavari görüntülər tibb peşəsinə olan ictimai etimadı zədələyir və bu sahədə çalışan digər həkimlərin də nüfuzuna xələl gətirir. Azərbaycanda da bu məsələyə daha ciddi yanaşılmalı, qanunvericilik çərçivəsində müvafiq mexanizmlər sərtləşdirilməli, etik komitələrin rolu artırılmalıdır. Əks halda, əməliyyat otaqları həyat qurtaran məkan olmaqdan çıxıb şəxsi PR məkanına çevriləcək. Bu isə cəmiyyətin sağlamlığı üçün təhlükəli trendlərin başlanğıcı ola bilər.
Cərrah-alim, professor Adil Qeybulla mövzu ilə bağlı deyib ki, təbabətdə xeyli prinsiplər var ki, onlara əməl olunmalıdır: “Bunlardan biri təbabətin texniki prinsipləridir. Məsələn, steril şəraitin qorunması, aseptik və antiseptik tədbirlərin görülməsi, müəyyən tibbi qaydaların gözlənilməsi bu prinsiplərə daxildir. Digər bir qisim isə etik prinsiplərdir. Etik prinsiplər mənəvi prinsiplərə əsaslanır. Bu zaman xəstənin şəxsiyyətinə hörmət, onun müalicə prosesində razılığının alınması və çıxılmaz vəziyyətindən sui-istifadə hallarına yol verilməməsi vacibdir. Belə sui-istifadə hallarının özü hüquqi məsuliyyət doğuran məsələlərdir. Azərbaycanda həkim etikası kodeksi mövcud deyil. Halbuki dünyanın əksər ölkələrində belə bir sənəd var. Bu, həkimlərin xəstələrlə, tibbi və digər personalarla münasibətlərini tənzimləyən hüquqi sənəddir, yəni qanunvericilik aktıdır. Bizdə belə bir kodeks olmadığı üçün bu sahədə ciddi boşluqlar yaranır”.
Professor qeyd edir ki, bu gün müşahidə edilən bəzi halların nə etik, nə də texniki baxımdan izahı var: “Məsələn, əməliyyat otağına, orada iştirak etməyə ixtiyarı olmayan şəxslərin daxil olması qətiyyən yolverilməzdir. Digər tərəfdən, xəstənin məxfiliyi daim qorunmalıdır. Həkim bu qaydalara əməl etməlidir. Xəstənin şəxsi razılığı olmadan heç bir tibbi manipulyasiya, heç bir prosedur və ya çəkiliş aparıla bilməz. Bəs bütün bunlar nədən qaynaqlanır? Əsas səbəb – ölkədə akkreditasiya sisteminin olmamasıdır. Kiminsə ağlına gəlibsə, nə vaxtsa bir sertifikasiya imtahanı keçirib və bu sistem illərlə inersiya ilə davam edir. Amma artıq heç kim fikirləşmir ki, bu sistemi ləğv edib yenidən və sivil əsaslarla qurmaq lazımdır. Halbuki bütün dünyada akkreditasiya sistemi mövcuddur. Akkreditasiya sistemi ondan ibarətdir ki, həkim baza tibb təhsili və rezidentura mərhələsini başa vurduqdan sonra müəyyən saatlarla klinik təcrübə keçməli və yalnız bundan sonra ixtisas üzrə işləmək üçün lisenziya almalıdır. Bu lisenziya müddətlidir və hər il və ya müəyyən aralıqlarla təkrar yoxlamadan sonra yenilənməlidir. Amma bizdə bu sistem ümumiyyətlə tətbiq olunmur.
Lisenziya verilməmişdən əvvəl həmin həkimin yetərli olub-olmadığı yoxlanılmalıdır: nə qədər təcrübə toplayıb, nə qədər elmi və peşəkar konfranslarda iştirak edib, özünü necə təkmilləşdirib, hansı çətin və mürəkkəb hallarla qarşılaşıb və onlardan necə çıxıb? Bütün bunlar qiymətləndiriləndən sonra qərar verilməlidir – bu həkimin lisenziyası saxlanılacaq, yoxsa ləğv ediləcək? Əgər bu qiymətləndirmə və nəzarət sistemi olsa, yalnız peşəkar və məsuliyyətli şəxslər tibbi fəaliyyət göstərə bilərlər. Məsələ bundan ibarətdir. Hər şeyin sivil və qanuni yollarla həlli mümkündür”.“Yeni Müsavat”