image-rt-reklam
image-1backend

“CƏNUBİ QAFQAZIN TALEYİ UKRAYNADA HƏLL OLUNUR” – “Qərb Rusiyanın məğlubiyyətinə imkan vermir”

image-728x90

Hərbi ekspert Azad İsazadə “AzPolitika.info”-ya müsahibəsində Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mümkün perspektivləri, Qərbin Ermənistana artan dəstəyi, Rusiya-Ukrayna müharibəsindən gələcək gözləntilər, eləcə də regionda gedən digər proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Azad bəy, Ermənistan cəmiyyətində gedən müzakirələrə nəzər yetirdikdə müxalifət, qismən də hakimiyyət və cəmiyyət üçün Qarabağ münaqişəsinin hələ bitmədiyini görürük. Hüquqi baxımdan da Ermənistan sülhə hazır deyil. Yəni, onun Müstəqillik Aktında, Konstitusiyasında ərazi iddiaları var, İrəvan hətta haqqında gen-bol danışılan Alma-Ata deklarasiyasına da Qarabağa dair şərtlərlə qoşulub. Təbii ki, bu faktorlar sülhün önündəki hüquqi əngəllərdir. Keçmiş siyasi elitanın bir qismi isə revanş haqqında illüziyalara qapılıb, şərti sərhəddə Azərbaycanın nəzarətində olan yüksəkliklərin güc yolu ilə ələ keçirilməsindən danışırlar. Ermənistandakı bu atmosferi necə dəyərləndirirsiniz? Bu məsələdə Azərbaycanın adekvat yanaşması varmı?

– Ermənistandakı bu mərhələni biz də 1990-cı illərdə yaşamışıq. Onlar indi bir-iki yüksəklikdən, kənddən danışırlar. Biz isə həmin vaxt 7 rayonumuzu itirmişdik. Ona görə revanşizm təfəkkürü bizdə də var idi. Hətta belə bir fikir də var idi ki, “Bizə danışıqlar yolu ilə torpaq qaytarmaq lazım deyil, biz torpaqlarımızı silah gücü ilə almalıyıq”. İndi Azərbaycan cəmiyyəti sakitləşib, söhbət anklavlardan, kommunikasiyaların açılmasından gedir. 44 günlük Vətən müharibəsindəki qələbədən sonra ürəyimizdə olan ağrı yüngülləşib, bir az sakitləşmişik. Ermənistanın isə problemi təkcə Azərbaycanla bağlı deyil. Onlar uzun illərdir revanşist düşüncələrlə yaşayırlar. Təsəvvür edin, orta statistik bir İrəvan sakini hər gün yuxudan oyanır və öz pəncərəsindən baxanda Ağrı dağını görür. Bu dağ ermənilərin nənələrindən, babalarından onların iliyinə “Ararat simvolu” kimi işləyib. Hər gün oyanır və “simvol”larını özlərinə düşmən hesab etdikləri Türk ölkəsində görürlər. Deməli, o revanşizm daim onların şüurlarında olub. Söhbət təkcə qeyd etdiyiniz yüksəklikləri güc yolu ilə götürməkdən getmir, Ağrı dağını götürməkdən gedir. Onlar daim bu fikirlə yaşayıblar. Uzun illərdən sonra ermənilər 44 günlük müharibədə məğlub olaraq, böyük məyusluqla üzləşiblər. Bu məğlubiyyət onlar üçün gözlənilməz idi. Müharibənin son gününə qədər inanırdılar ki, əks-hücumla hansısa nailiyyətlər alacaqlar. Lakin bu, baş vermədi və birdən-birə hər şeyi itirdilər. Həmin vaxt ermənilər bu müharibədən çox qorxmuşdular. İstəyirdilər ki, sülh olsun. Paşinyana da ona görə ikinci dəfə səs verdilər. Məntiqlə onlar Paşinyanı devirməli idilər…

– Paşinyan bu yaxınlarda düşdükləri durumla bağlı maraqlı fikir səsləndirdi. Dedi ki, “Biz hər iki tərəfində öküzlərin olduğu yolla gedirik, əynimizdə də nənələrimizin, babalarımızın geyindirdiyi qırmızı paltar var. Biz özümüzü qorumaq üçün bu paltarı əynimizdən çıxarmalıyıq”…

– Paşinyan “dəmir yumruq”dan sonra bunu hiss etməyə başlayıb. Çünki o yumruğa qədər “Qarabağ Ermənistandır, nöqtə!” deyirdi. İndi paltarı da, gerbi də, Konstitusiyanı da dəyişməyə hazırdır. Ancaq az da olsa, Paşinyanda da revanşizm hissi var. Sadəcə, başa düşür ki, indi gücləri yoxdur və vaxt qazanmaq lazımdır.

– Paşinyan bu yaxınlarda Ermənistanda ordu günü ilə bağlı tədbirdə çıxışında dedi ki, milyardlarla dollarlıq silah müqavilələri imzalanıb, müdafiə sənayesinə yüz milyonlarla dollarlıq sifarişlər vermişik. Yəni, hiss olunur ki, Ermənistan həm də revanşa hazırlaşır, müharibədə dağıdılmış ordunu bərpa etməyə çalışır. Üstəlik, Fransa və Hindistan da bu sahədə ona kömək edir. Sizcə, Ermənistanda revanşizm iddialarının güclənməsi hara gətirib çıxara bilər?

– Əslində, Ermənistanda revanşizm heç vaxt zəifləməmişdi. Amma indi sadəcə özlərini qorumağa çalışırlar. Başa düşürlər ki, Azərbaycan istəsə, Zəngəzur dəhlizini də açar, anklav kəndləri də azad edə bilər. Ermənistanı şərti formada qoruyan yeganə şey Qərbin etirazlarıdır. Lakin Qərb real döyüşdə heç nə edə bilməyəcək. Ermənistan başa düşür ki, Azərbaycana sanksiyalar tətbiq etsələr də, beynəlxalq təşkilatlardan qovsalar da, Qərb fiziki baxımdan heç nə edə bilməyəcək. İraq, Suriya və Liviyadakı ssenarinin Azərbaycana qarşı tətbiqi çətin məsələdir. Bu zaman ABŞ aviadaşıyıcıları gəlib Aralıq dənizindən Azərbaycana raket atmayacaq ki… Atmaq istəsə belə, o raketlər Türkiyənin üzərindən keçməlidir. Sizcə, Türkiyə belə bir şeyə icazə verərmi?!

– Yəni, belə bir ssenari mümkündürmü?

– Ermənilər bu ssenariləri fikirləşirlər. Qərb İran ərazisindən istifadə etməyəcək, şimalda da Rusiya öz ərazisini verməyəcək. Ermənilər qorxur ki, Azərbaycan bir az da irəliləyə bilər və nəticədə ona fiziki baxımdan köməyə gələn olmaz. Bu baxımdan, ermənilər çalışırlar ki, silahlansınlar. Çünki doğrudan da onların ordusu, səfərbərlik resursu yoxdur.

– Bu aralar Gürcüstan ilə Ermənistan arasında bir yaxınlaşma hiss olunur, strateji tərəfdaşlıq haqqında bir saziş də imzalandı. Hiss olunur ki, Qərbin bu yaxınlaşmada ciddi rolu var. Biz gördük ki, “Bastion” zirehli texnikaları Ermənistana Gürcüstan vasitəsi ilə ötürüldü. Bu baxımdan, Qərbə verilən dəhliz daha da genişlənə bilərmi?

– Gürcüstanın çıxışı haradır? Türkiyə və Qara dənizə. Qara dənizin də girişi Türkiyə tərəfdən qapalıdır. “Bastion” yüngül zirehli texnikadır. O, polis əməliyyatları üçün yararlıdır…

– Amma Paşinyan deyir ki, yeni müqavilələr də var…

– Yəqin ki, biz də bununla bağlı hansısa tədbirlər görəcəyik.

– Fransa hərbi dairələrinin bəyanatında deyilir ki, Ermənistanın təhlükəsizliyini qorumaq üçün lazım olan bütün avadanlıqlar, müasir texnikalar veriləcək. Strateji müdafiə haqqında sazişin də imzalanması gözlənilir…

– Bu zaman iki ordu bir-biri ilə döyüşəcək. Azərbaycan da silahlar alır, ən əsası, onun səfərbərlik resursu daha yüksəkdir.

– Ermənistanda daxili təlatümlər var. Bu ölkə nə siyasi, nə də hüquqi baxımdan sülhə hazır deyil. Azərbaycanın yanaşması necə olmalıdır? Gözləməliyik, yoxsa təzyiqi artırmalıyıq?

– Hələlik sülh sazişi ilə bağlı təzyiqi artırırıq. Bu sülh müqaviləsi kimlərin arasında bağlanır? Rəsmi İrəvan ilə rəsmi Bakının. Bəs Azərbaycan cəmiyyəti ilə Ermənistan cəmiyyəti bir-biri ilə yanaşı, dinc yaşamağa hazırdırmı? Hər halda, Ermənistandan köçən azərbaycanlılar istəyərlər ki, öz kəndlərinə qayıtsınlar. Amma sülh müqaviləsi bağlansa da, Ermənistanda revanşist təfəkkür var. Yəni, sülh müqaviləsi gələcəkdə pozula bilər. Məsələn, SSRİ ilə Almaniya arasında nəinki sülh müqaviləsi, dostluq, müttəfiqlik haqqında saziş var idi. Nəticədə nə oldu? Və ya Yaponiyanın Rusiya ilə ümumiyyətlə, sülh müqaviləsi yoxdur, amma 70 ildən çoxdur ki, heç bir müharibə yoxdur.

– Bəs, anklavlarla bağlı nə düşünürsünüz? Prezident demişdi ki, dörd kənd dərhal qaytarılmalıdır və delimitasiya komissiyasının növbət iclasında məsələ müzakirə olunmalıdır…

– Düşünürəm ki, anklavlar qayıdacaq. Məsələ burasındadır ki, biz o anklavlardan necə istifadə edəcəyik. Ermənilərin Azərbaycan ərazisində bir anklavı var. Bu, Gədəbəydə yerləşən Başkənddir. Biz bu kəndi qaytarsaq, ermənilər gedib orada yaşamalı, İrəvana gedib-gəlməlidirlər. Ermənistana gedən zaman sərhədi keçməlidirlər. Bu əhali üçün “Şengen zonası”na uyğun bir saziş bağlana bilər ki, Başkənddə yaşayan ermənilər sərhədi keçərkən yoxlanılmasınlar. Eyni üsulu Qazax zonası üçün də tətbiq emək olar. Amma onlar buna getmirlər. Çünki əmin deyillər ki, ermənilər Başkəndə qayıdacaqlar. Amma bilirlər ki, biz qayıdacağıq. Həmçinin, bizim kəndlər strateji yolların üzərində yerləşir. Kərki İrəvan-Gorus yolunun, hansı ki, buradan İrandan gələn yüklər daşınır, Qazax kəndləri isə Gürcüstana gedən yolun üzərindədir. Azərbaycanın burada vizual nəzərətinin olması erməniləri çox narahat edir. Onlar istəmirlər biz bilək ki, bunlar nə daşıyırlar.

– Sülh müqaviləsinin qarşısındakı maneələrdən biri də Rusiyanın bölgədəki ambisiyalarıdır. Rusiya-Ermənistan münasibətləri kifayət qədər qəlizdir. Necə görürsünüz, Ermənistanda Rusiyanın çevriliş imkanları varmı və yaxın gələcəkdə bu iki “müttəfiqin” münasibətləri necə aydınlaşacaq?

– Belə risk həmişə var. Çünki Ermənistanda ruspərəst qüvvələr mövcudur. O cümlədən də ordunun içində. Amma bu imkan real olsaydı, yəqin ki, çoxdan Rusiya bunu edərdi. Niyə edə bilmir? Bunu dəqiq deyə bilmərəm. Bəzi mənbələrə görə, dünyada ən böyük ABŞ səfirliyi İrəvanda yerləşir və orada Paşinyan hakimiyyətini qoruyan qüvvələr var. Bu gün Rusiyanın Ermənistana iqtisadi təsiri daha güclüdür. Həmçinin, Moskvanın əsas problemi Ukrayna ilə bağlıdır və İrəvanda çevriliş yaratmağa imkanları yoxdur. Yəqin ki, təzyiqlər iqtsadi formada davam edəcək. Rusiya sözsüz ki, Cənubi Qafqazı itirmək istəməyəcək. Cənubi Qafqazın taleyi isə Ukraynada həll olunur.

– Növbəti sual da məhz bununla bağlı idi. Qərb müttəfiqləri ilə Ukraynanın münasibətlərində tam aydınlıq yoxdur. ABŞ Konqresində yardımla bağlı qanun layihəsi dalana dirənib, Respublikaçılar Ukraynaya yardımdan qəti şəkildə imtina edirlər. Zelenski isə bildirir ki, artıq hərbi ehtiyatlar tükənməyə doğru gedir. Eləcə də Ukraynada hakimiyyət daxilində vəziyyət sabit deyil. Ordu komandanlığı ilə Zelenski arasında konflikt var və bu yaxınlarda Zalujnının və başqalarının idarəetmədən kənarlaşdırılacağı gözlənlir. Bu situasiyanı necə dəyərləndirirsiniz?

– Qərb birmənalı şəkildə imkan vermir ki, Ukrayna qələbə qazansın. Həmçinin, Rusiyanın qalib gəlməsini də istəmir.

– Yəni, Qərb müharibəni ssenariləşdirib?

– Birmənalı olaraq. Ötən il silahı gec verdi. Vaxtında hamısını versəydi, yaz-yay hücumları daha effektiv olacaqdı. Amma həm də o qədər silah verdi ki, Ukrayna məğlub olmasın. Qərb həm də imkan verməyəcək ki, Ukrayna məğlub olsun.

– Bu, nə vaxta qədər belə davam edəcək?

– İllərlə davam edə bilər.

– Bu yaxınlarda Almaniya kansleri bəyanatında “sonu görünməyən müharibə” ifadəsini işlətdi. Bu, nə deməkdir?

– Bu, o deməkdir ki, müharibə nə qədər davam etsə də, Qərb qan itirmir.

– Amma Ukrayna tükənir axı…

– Ukraynanın hesabına Rusiyanı zəiflədirlər. Qərb bilir ki, iki il də belə davam etsə, Rusiya iqtisadi baxımdan çökəcək. Həmişə yazırlar ki, müharibənin uzanması Rusiyanın xeyrinədir. Reallıqda isə belə deyil. Rusiya insan resursunu itirir, büdcədən hərbiyə gedən vəsaitlər çoxalır və ən əsası, daxili narazılq yüksəlir. Qərb silah verdi-vermədi, Ukrayna döyüşəcək. Çünki özünü qorumalıdır.

– Bir hərbi ekspert kimi necə qiymətləndirirsiniz, son zamanlar keyfiyyət baxımından müharibədə nə dəyişib?

– Rusiyanın sonuncu mühüm qələbəsi Baxmutun işğalıdır. Hansı ki, bu döyüşlərdə 20 mindən çox “Vaqner” hərbçisi həlak oldu. Ruslar 6-8 ay döyüşdülər və 50 minlik bir şəhəri götürdülər. İndi həmin şey Avdeyevkada təkrarlanır. Rusiya neçə aydır döyüşür, amma hələ də Avdeyevkanı götürə bilməyib. Rusiya ildə 40-50 minlik bir şəhər götürürsə, deməli, onlara Ukraynanın bütün ərazisini işğal etmək üçün uzun illər, xeyli vaxt və güc lazımdır. Bu, Ukraynanın uğurudur. 2022-ci ildə deyirdilər ki, “ruslar Kiyevi bir həftəyə götürəcəklər”. Həmin vaxt rus təyyərələri sərbəst şəkildə Ukraynada uçurdu. İndi praktiki olaraq Ukrayna ərazisinə rus təyyarələri girə bilmir. Qara dəniz rus donanmasından təmizlənib. Qara dənizdə bütün qonşu ölkələrə meydan oxuyan donanma, indi bir limandan, o biri limana gedə bilmir. Çünki həmin dəqiqə yolda onu vururlar.

– Sizcə, Ukrayna daxilindəki gedişat prosesə necə təsir edəcək?

– Gedişat komandanlıqda dəyişikliyin olub-olmamasından asılı olacaq. Mən buna normal bir şey kimi baxıram. Hər bir müharibə aparan orduda belə hallar olur. Rusiyada 5 dəfə komandanlıq dəyişib. Bizdə də 44 günlük müharibədə belə bir hal yaşandı. Baş Qərargah rəisi vəzifəsindən uzaqlaşan kimi, Azərbaycan ordusunun uğurları başladı. Deməli, problem var idi və onu həll elədilər. Burada da problem var. Zalujnı da, Zelenski də vətənpərvər insanlardır. Onların müharibəni aparma baxışları fərqlidir. Amma bu, uzun müddət belə qala bilməz. Baş komandanlar sözsüz ki, birgə fəaliyyət göstərməlidir. Ya biri o birisini dinləməlidir, ya da ikisindən biri dəyişməlidir. Hər halda, bir razılığa gələcəklər. Məsələn, Stalin özü bir neçə dəfə marşallarını dəyişib. Bir yerdən götürüb, obiri istiqamətə göndərib ki, “get, döyüş”. Mən Zalujnının dəyişdirilməsinin tərəfdarı deyiləm. Amma biz hər şeyi bilmirik. Zelenski istəsə, dəyişəcək. Bu zaman Ukrayna cəmiyyətində hansısa reaksiya olacaq. Onlar buna səssiz qalmayacaqlar. Yeni komandan gəlsə, yaxın günlərdə ondan hansısa nailiyyətlər tələb olunacaq. Çünki Zelenski subut etməlidir ki, o, dəyişikliyə getməkdə doğru qərar verib. Yox, sadəcə öz adamını gətirəcəksə, eyni vəziyyət qalacaqsa, Zelenski sözsüz ki, zəifləyəcək. Düşünürəm ki, Xarkov və Xerson əməliyyatları, Kiyevin müdafiəsi göstərdi ki, Ukraynada kifayət qədər bacarıqlı generallar var. Amma inanmıram ki, bu il Ukrayna əks-hücum edib bütün problemləri həll etsin. ABŞ-nin qeyri-müəyyən mövqeyi davam edir, orada da prezident seçkiləri var. Fikrimcə, ABŞ-dəki seçkidən sonra Ukrayna məsələsi ilə məşğul olmağa başlayacaqlar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90