Dünya sürətlə dəyişir. Yeni dünya nizamının təşəkkülü zərurəti günbəgün özünü daha aydın və sərt şəkildə göstərməkdədir. Dünya xalqları öz milli inkişaf yollarının seçimində sərbət və müstəqil olmağa can atır, çoxqütblü dünya nizamınının, qlobal maliyyə və ticarət sisteminin ən ədalətli modelini formalaşdırmağa çalışırlar. Bütün bunlara nail olmaq üçünsə barışmaz siyasi dünyagörüşlərin bir araya gətirilməsinə, dünya birliyinin bütün üzvlərinin maraqlarını uzlaşdıra biləcək qlobal konsensusun tapılmasına və nəhayət bəşəriyyətin müharibəsiz, istismarsız, müstəmləkəçilikdən azad bir həyat trayektoriyasına doğru dönüş addımı atmasına ehtiyac var.
Müasir dövrümüzün ən aktual problemlərinə kollektiv həll yollarının axtarışı kimi önəmli bir prinsipə söykənən BRICS üzvləri yaratdıqları təşkilatın təyinatını məhz bu dəyərlərin həyata keçirilməsində görürlər. Bu baxımdan oktyabrın 22-də Tatarstanın paytaxtı Kazanda öz işinə başlamış XVI BRICS sammiti və ardınca gerçəkləşən “Outreach”/BRICS+” formatının ilk plenar iclası dünya siyasi gündəliyinin əsas məsələsinə çevrildi.
2006-cı ildə Rusiya, Braziliya, Çin və Hindistan tərəfindən yaradılmış BRICS hökumətlərarası qurum kimi bu gün qlobal iqtisadiyyatın və siyasətin transformasiyasında mühüm rol oynayır. Dünya əhalisinin təxminən 45 %-ni və qlobal iqtisadiyyatın 37,4 %-ni əhatə edən bu qurum inkişaf etməkdə olan iqtisadiyyatlara dəstək layihəsi kimi ön plana çıxır.
2009-cu ildən etibarən ticarət əlaqələrini inkişaf etdirmək, investisiya və maliyyə əməkdaşlığını artırmaq, elmi-texniki tərəqqi və rəqəmsal-texnoloji innovasiyalar sahəsində birgə əməkdaşlığı inkişaf etdirmək, eləcə də, mədəni, sosial və humanitar mübadiləni təşviq etmək məqsədilə BRICS-ə üzv ölkələrin sıraları genişlənməkdədir. Kazan sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətlərinin gəlişi, 22 dövlət başçısının, eləcə də BMT-nin Baş katibi Antonio Quterreşin bu tədbirdə iştirakı təşkilatın nüfuzunun qlobal miqyasda artdığını göstərən başlıca amildir.
“Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” mövzusunda keçirilən Sammitdə regional münaqişələr, xüsusilə Yaxın Şərq və Ukrayna məsələləri, Fələstin və İsrail arasındakı münaqişə, İran və İsrail arasındakı qarşıdurmalar diqqət mərkəzində oldu. Bu səbəbdən BRİCS sammitini hazırkı mürəkkəb və ziddiyyətli dünya düzəninin müzakirə olunduğu alternativ platforma kimi də dəyərləndirmək olar.
İlkin olaraq sırf iqtisadi blok kimi yaradılmış bu qurumun hazırda geosiyasi reallıqlara təsir qüvvəsinin artması bütün güc mərkəzlərini düşündürməyə başlayıb. BRICS çətinliklərə qarşı müştərək həll yollarının axtarılmasını və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsini prioritet vəzifə hesab edir. Kazan sammiti məhz bu amillərin vurğulanması və mövcud böhranların aradan qaldırılması üçün real mexanizmlərin işə salınması perspektivinin dəyərləndirilməsi baxımından təşkilatın mühüm platformaya çevrilməkdə olduğunu nümayiş etdirdi.
BRICS-in təkamül prosesi onu göstərir ki, təşkilatın qarşısına qoyduğu məqsəd heç də yalnız üzv dövlətlərin ticarət və maliyyə müstəqilliyinin təmin edilməsindən ibarət deyil. BRİCS həm də çoxqütblü və multikultural dünya nizamının yaradılması istiqamətində mühüm addımlar atmaq iddiasında olan beynəlxalq qurum kimi geo-siyasi rəqabət meydanının iştirakçısına çevrilməkdədir. Bütün bunlarla yanaşı BRICS ilk növbədə iqtisadi və siyasi müstəqilliyin tərəfdarı olan ölkələrin əməkdaşlıq mərkəzidir. Kazanda keçirilən Sammitdə daha 30 ölkənin BRICS-ə üzv olmaq və ya tərəfdaşlıq statusu əldə etmək üçün müraciət etməsi bu beynəlxalq platformanın gələcəkdə daha genişmiqyaslı iqtisadi əlaqələrin qurulmasında böyük əhəmiyyət kəsb edəcəyini təsdiqləyir. Üzvlük üçün müraciət edən ölkələr arasında Türkiyə, Pakistan, Qazaxıstan kimi Azərbaycanla güclü iqtisadi-siyasi əlaqələri olan dövlətlər də var. Ona görə də Azərbaycanın üzv olduğu bir çox beynəlxalq qurumlarla yanaşı BRİCS – ə də maraq göstərməsi təbiidir.
Cənubi Qafqaz bölgəsinin lider dövləti kimi Azərbaycanın qlobal siyasət arenasında rolu artmaqda, nüfuzu isə yüksəlməkdədir. Azərbaycanın BRICS beynəlxalq platformasına üzvlük təşəbbüsü iqtisadi inteqrasiya, enerji resurslarının istifadəsi, investisiya və infrastruktur layihələri, üzv ölkələr arasında mədəni və sosial əməkdaşlığın inkişafı, ölkənin xarici siyasətinin daha da şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Azərbaycanın BRICS-ə üzv olması, iqtisadi, siyasi və sosial sahələrdə geniş imkanlar təqdim edərək, ölkənin beynəlxalq mövqeyini gücləndirməklə, həm regional, həm də qlobal səviyyədə daha balanslı və ədalətli bir sistemin yaradılmasına yönəlmiş müsbət bir addım olacaq. Hazırda nəqliyyat dəhlizlərinə diqqətin artırılması, nəqliyyat infastrukturunun inkişafı, limanların tikilməsi, təkmilləşdirilməsi və s. kimi məsələlər Təşkilatın gündəliyində əsas yer tutur. Bu baxımdan Avropa və Asiya arasında mühüm nəqliyyat-tranzit qovşağı olan Azərbaycan BRİCS üçün çox əhəmiyyətli və cəlbedici ökələrdən biridir. Hələ iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin imzalanması zamanı Azərbaycan dövləti BRICS-ə daxil olmaq arzusunu ifadə etmişdi və Çin Azərbaycanın bu təşkilatda iştirakını alqışlamış və dəstəkləmişdi. Azərbaycanın BRİCS-ə üzvlüyü ölkənin potensial imkanlarından daha səmərəli istifadəyə imkan yaradır. BRICS ölkəmiz üçün hər şeydən əvvəl iqtisadi əməkdaşlıq və inkişaf üçün strateji tərəfdaşlığın yeni bir istiqamətidir.
Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın XVI sammitinin keçirildiyi Kazana səfəri, o cümlədən, “Outreach”/”BRİCS+” formatının plenar iclasında iştirakı və çıxışı da məhz bu fikirləri təsdiqləməkdədir.
Hazırda Türkiyə və Azərbaycan BRICS ölkələri ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində zəruri addımları atırlar. Türkiyənin BRICS ilə kənd təsərrüfatı, enerji və sənaye sahələrində əməkdaşlıq imkanları var. Azərbaycan isə BRICS ölkələri ilə enerji sektorunda birgə layihələr həyata keçirməklə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində yeni uğurlar əldə edə bilər. BRICS ölkələrinə neft, qaz və kənd təsərrüfatı məhsulları, gələcəkdə isə alternativ enerji ixracı Azərbaycanın yeni bazarlara çıxışına imkan yarada bilər.
Azərbaycan, həmçinin BRICS ölkələri ilə texnologiya transferi, enerji infrastrukturunun modernləşdirilməsi və kənd təsərrüfatı məhsuldarlığının artırılması sahəsində əməkdaşlığı inkişaf etdirməklə qlobal iqtisadiyyatda daha güclü mövqe qazana bilər. Çinin “Bir kəmər, bir yol” layihəsi regional əlaqələrin gücləndirilməsi baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Məhz bu məsələdə BRICS və Çin təşəbbüsü üzvi surətdə bir-biri ilə bağlıdır. Odur ki, “Bir kəmər, bir yol” layihəsində daha uğurlu şəkildə iştirak etmək və bu layihədən daha çox mənfəət əldə etmək üçün BRİCS çərçivəsində əməkdaşlığa qoşulmaq Azərbaycan üçün həm iqtisadi və həm də siyasi baxımdan daha səmərəli layihəyə çevrilir.
Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru