image-2000x150
image-6backend

Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir

image-728x90

Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır, Tarixdə zaman-zaman müxtəlif adlar altında müstəqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Buna misal kimi müxtəlif dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşahlar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin adını çəkə bilərik. Şah İsmayıl Xətayinin dövründə Səfəvilər dövləti bütün Azərbaycan torpaqlarını birləşdirirdi və Azərbaycan dili dövlət dili səviyyəsinə yüksəldilmişdi.

Dövlət üçün müstəqillikdən, vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Ulu və zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmiş, qəhrəmanlıq salnaməsi yazmışdır.

XX əsrin əvvəlində Azərbaycan torpağında ilk Azərbaycan Demokratik Respublikası yaranmış, Azərbaycan xalqı, Azərbaycan Respublikası öz müstəqilliyini dünyaya elan etmişdir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası Azərbaycan xalqının çoxəsrlik arzusunun, istəyinin həyata keçirilməsinin ilk addımı olmuşdur. İlk Azərbaycan Demokratik Respublikası ölkəmizin müstəqilliyini dünyaya bəyan etmək üçün və müstəqil demokratik dövlət qurmaq üçün ilk addımlarını atmış, bir çox tədbirlər görmüşdür.

Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu torpağına göz dikən, azadlığını təhdid edən, ona düşmən kəsilən yadellilərə qarşı mübarizələr aparmışdır. Azərbaycan 1918-1920-ci illərdə müsəlman Şərqində ilk parlamentli, demokratik, dünyəvi dövlət qurmuş, lakin xalqımızın böyük mübarizələr, savaşlar sayəsində nail olduğu bu müstəqillik uzun sürməmiş, cəmi 23 ay yaşamışdır. Tarix üçün bu çox qısa bir zaman olsa da, əhəmiyyəti baxımından xalqımızın qan yaddaşına əbədi həkk olunmuşdur. Mövcud olduğu bu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlarını konstitusion hüquqlarla təmin etmiş, daxili quruluşundan asılı olmayaraq, bütün ölkələrlə münasibətləri faydalılıq əsasında yaratmağa çalışmışdır.

Bütün bunlara baxmayaraq yenə də Azərbaycan öz müstəqilliyi uğrunda mübarizədən əl çəkmədi. 1991-ci il avqustun 30-da Azərbaycanın müstəqilliyi haqqında bəyanat qəbul olundu. 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildi.Bununla da Azərbaycan bir müstəqil dövlət kimi özünü dünyaya bəyan etdi. 1991-ci ilin 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunsa da, bu müstəqilliyi qoruyub saxlamaq üçün dövlətçiliyin əsasları yaradılmamış, cəmiyyətdə milli həmrəylik, milli birlik təmin olunmamışdır. Azərbaycanda hökm sürən hərc-mərclik, cinayətkarlığın artması respublikamızın həyatının bütün sahələrinə böyük zərbələr vurmuş, ölkədə ictimai-siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxarmışdır. İqtisadiyyat tamamilə məhv edilmiş, ciddi maliyyə böhranı meydana çıxmış, xarici siyasət sahəsində qeyri-sağlam vəziyyət yaranmışdır. Buna paralel olaraq, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti getdikcə genişlənmiş, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə siyasi böhran son həddə çatmış, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Azərbaycanın müstəqilliyini dünya ictimaiyyəti bəyəndi, qəbul etdi, tanıdı.

Təqvimimizdəki yaddaqalan, böyük sevinclə gözlədiyimiz əlamətdar günlərdən biri də 18 oktyabr tarixidir. Bu tarix kiçikdən tutmuş böyüyə qədər hər birimizin yaddaşına böyük hərflərlə yazılıb. Bu tarixi gün bütün ölkə vətəndaşları üçün çox müqəddəs və əzizdir. Çünki həmin gün xalqımız bir əsrdə ikinci dəfə müstəqillik qazanmışdı. İndi o əlamətdar tarixdən 32 il keçir. Ötən hər gün müstəqilliyimiz daha da möhkəmlənir. Müstəqilliyimiz möhkəmləndikcə də ölkəmizin, dövlətimizin beynəlxalq aləmdə nüfuzu durmadan artır.

Təbiidir ki, müstəqillik qazandığımız, keçmiş ittifaqın buxovlarından azad olduğumuz 18 oktyabr günü hər birimiz üçün unudulmazdır. 32 il əvvəl – 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Beləliklə, Azərbaycan 1920-ci ilin aprelində bolşeviklərin istilası zamanı itirdiyi müstəqilliyini yenidən bərpa etdi. Xalqımızın tarixinə böyük hərflərlə yazılmış həmin günü indi hamımız qürur və iftixar hissi ilə qeyd edirik. Azərbaycan xalqı bundan sonra da müstəqillik yolu ilə gedəcək, öz müstəqilliyini əldən verməyəcək və Azərbaycan Respublikası müstəqil dövlət kimi daim yaşayacaqdır.

              Nəsimi rayon sakini Hüseynli Billurə

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90