Bakının Səbail rayonunda 1994-cü il təvəllüdlü Fəqan Almaniya vətəndaşı Martaya (adlar şərti verilib – red.) təcavüz edib.
Ulusal.az Teleqraf.com-a istinadən bildirir ki, Fəqan 8 oktyabr 2022-ci ildə gecə saat 1 radələrində Səbail rayonu, Neftçilər prospektindəki “Pasifico” adlı gecə klubuna gedib.
Orada spirtli içki qəbul edib, əyləndikdən sonra saat 3.50-də klubun həyətində telefonla danışıb, kluba qayıdanda pilləkənlərlə aşağı düşən Almaniya vətəndaşı, 2002-ci il təvəllüdlü Martaya yaxınlaşıb.
O, telefonundakı ingilis dilinə tərcümə funksiyasından istifadə etməklə Marta ilə ünsiyyət qurub.
Sərxoş vəziyyətdə olan Martanı klubun yaxınlığında dayanmış taksi ilə müvəqqəti yaşadığı ünvana gətirib. Qızın dodaqlarından öpüb, qollarından tutaraq evin yataq otağına aparıb. Çarpayıya uzandıraraq onunla cinsi əlaqəyə girib.
İstintaq orqanı tərəfindən Fəqanın barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə ittiham elan edilib.
“İngilis olduğunu düşündüm”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan özünü təqsirli bilməyib. O bildirib ki, 6 oktyabr 2022-ci ildə Səlmə adlı qadından kirayəyə ev götürüb və oktyabrın 9-dan orada tək yaşayıb:
“Oktyabrın gecə saat 1 radələrində kirayədə yaşadığım evdən çıxdım, taksi ilə metronun “Sahil” stansiyası yaxınlığında yerləşən “Pasifico” adlı gecə klubuna getdim. Klubda 100 qram viski içdim, bir qədər oynadım. Təxminən saat 2.30-da giriş qapısının yanına düşdüm və orada xatırlamadığım şəxslə telefonla danışdıqdan sonra klubun 3-cü mərtəbəsinə qalxmaq istədim.
Bu zaman bir qızın, yəni adını sonradan bildiyim Martanın pilləkənlə düşdüyünü gördüm. Ona yaxınlaşdım.
Əslində gecə klubunda rəqs edərkən oradakı xoşuma gələn ən qəşəng qız da elə Marta idi. Əvvəlcə ona salam verdim. Başqa dildə cavab verdiyi üçün onun əcnəbi olduğunu güman etdim. İngilis dilində haralı olduğunu soruşdum. Mənə “ay əm from İnqlənd” dediyi üçün ingilis olduğunu düşündüm. İngilis dilini yaxşı bilmədiyim üçün internetdən tərcümə proqramı vasitəsi ilə həmin xanımla ünsiyyət qurdum”.
“Harada istəyirsən, fərqi yoxdur…”
Təqsirləndirilən şəxs bildirib ki, təxminən 5-6 dəqiqə klubun həyətində tərcümə proqramı ilə söhbət ediblər: “Telefona əylənmək istəyirsənmi yazdım və tərcüməsini Martaya göstərdim. Marta “okey” deyə cavab verdi. Bundan sonra telefona “harada əylənmək istəyirsən” yazdım. Marta da telefonuma ingiliscə cümlə yazdı.
Telefonda tərcümə etdikdə “harada istəyirsən, fərqi yoxdur” yazıldı. Telefona “evdə tək qalıram, istəsən gedək bizə, oturaq tanış olaq və istəsən cinsi əlaqədə olarıq” yazaraq proqramda ingilis dilinə tərcümə etdim və Martaya göstərdim. Marta da bunu oxudu və “okey” dedi”.
“Bir-birimizə söykəndik”
Fəqanın ifadəsinə görə, klubun qarşısında dayanmış “Toyota Prius” markalı avtomobilə yaxınlaşıb və kirayədə yaşadığı mənzilə aparmasını xahiş edib:
“Marta ilə arxa oturacaqda oturduq. Təxminən 7-8 dəqiqə maşınla getdik. Yolda danışmadıq, sakitcə getdik. Hər ikimiz içkili idik. Hətta maşında mənə “kiss you”, yəni öpürəm səni dedi.
Biz yolda mehriban getdik, bir-birimizə söykəndik, aramızda heç bir narazılıq olmadı. Maşınla yaşadığım ünvanda blokun qarşısına gəldik. Həmin vaxt şlaqbaum açıq idi. Taksi blokun qarşısına kimi sürdü. Sonra taksi şoferini yola saldım. Marta ilə bloka daxil olduq və liftlə 6-cı mərtəbəyə qalxdıq.
Blokda və liftdə bizdən başqa adam yox idi. Marta ilə çox mehriban olduq. Açarla evin qapısını açdım. Əvvəlcə Marta mənzilə daxil oldu, sonra mən mənzilə girdim. Qapını içəridən bağladım. Bundan sonra mənzilin mətbəxinə keçdik və stuluna əyləşdik.
Mətbəx stolunun üzərində olan şərabı Marta başına çəkmək istəyəndə şərabın şüşəsini aldım və stəkanlara süzdüm. Təxminən hərəmiz bir qurtum içdik”.
“İyrəndiyim üçün öpüşmədim”
Fəqanın ifadəsinə görə, bundan sonra telefonda mahnı səsləndirib: “Əvvəlcə Marta oynamağa başladı. Sonra mən də qalxaraq Marta ilə qarşı-qarşıya oynadım. Marta məni qucaqladı və öpdü. Mən də onu öpməyə başladım. Təxminən 3-4 dəqiqə ayaq üstə öpüşdük. Marta mənim intim yerlərimi sığalladı, mənim də cinsi ehtirasım oyandı. Biz yataq otağına keçdik. Orada soyunduq. Çarpayıda oturduq, əvvəlcə Marta ilə seksual xarakterli hərəkətlər etdik. Sonra cinsi əlaqədə olduq.
Martadan qan açıldı, qandan pis qoxu gəldiyi üçün onun aybaşı olduğunu fikirləşdim, cinsi əlaqəni dayandırdım. Bu zaman Marta mənimlə öpüşmək istədi. Mən isə iyrəndiyim üçün öpüşmədim, ayağa duraraq paltarlarımı yerdən götürdüm, mətbəxə keçərək orada geyindim.
Bir-iki dəqiqə sonra Marta şalvarını götürərək mətbəxə gəldi. Şalvarını geyindi və stulda oturaraq şərabdan bir qurtum içdi”.
“Təzədən kluba qayıtdıq”
Fəqan qeyd edib ki, bundan sonra ikisi də mənzilin çöl qapısının yanına gəliblər: “Ayaqqabılarımizi geyindik. Martanın şalvarının düyməsinin açıq olduğunu gördüm və düyməni bağladım. Marta qapının yanında dayandı. Mən də qapını çöldən bağlamaq üçün mətbəxə keçdim və açarı götürdüm. Liftə mindik, liftdə Marta belimdən mehribancasına tutmuşdi. O, gülə-gülə mənə nəsə dedi. Amma başa düşmədim.
Liftdən çıxandan sonra “Pasifico” kluba getmək üçün taksi sifariş etdim. Maşının arxa qapısını açdım, Marta özü maşına oturdu. Sonra qapını örtdüm. Artıq iyrəndiyim üçün qabaq oturacaqda oturdum. Təxminən 7-8 dəqiqə ərzində “Pasifico” klubun qarşısına gəldik.
Taksidən düşərək Martanın əyləşdiyi qapını açdım. Marta maşından endi. Taksi getdikdən sonra mənzildə Martadan gələn pis qoxulu qan gözümün qarşısına gəldi. Klubun qarşısında qusdum. Həmin vaxt Marta məndən 5-6 metr aralıda dayandı.
Martanın yanına gələndə əl işarəsi ilə necə olduğumu soruşdu, mən də yaxşı işarəsi verdim. Birlikdə liftlə 3-cü mərtəbəyə qalxdıq, kluba daxil olduq. Sonra Marta ilə sağollaşdım. Təxminən 3-4 dəqiqə sonra klubun eyvanına çıxdım. Sonra Martanın klubun həyətindən getdiyini gördüm”.
“Məndən incidi, buna görə də…”
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 2-3 dəqiqə sonra klubdan çıxıb və taksi ilə evə gedib: “Mənzilə daxil olanda qanın iyi evə çökdüyü üçün pəncərələri açdım. Döşəkağını paltaryuyan maşında yudum, döşəməni sildim. Sonra digər yataq otağına keçərək yatdım. Martadan telefon nömrəsi və digər məlumatlarını götürmədim. İyrəndiyim üçün gələcəkdə onunla əlaqə saxlamaq istəmədim.
Cinsi əlaqədə olan zaman Martaya zor tətbiq etməmişəm. Razılıq əsasında cinsi əlaqədə olmuşam, ona xəsarət yetirməmişəm. Mənim qarnımda sıyrıq xəsarəti olub. Məlum hadisədən 10 gün qabaq Yasamal rayonunda xatırlamadığım ünvanda çöl pişiyi ilə oynayarkən pişik caynağı ilə cızılıb. Cüzi cızıq olduğu üçün heç bir xəstəxanaya müraciət etməmişəm. Həmin cızığı heç kim görməmişəm.
Martanın bədəninin gördüyüm hissələrində heç bir xəsarət olmayıb. Onunla işıqlı otaqda cinsi əlaqədə olmuşam. Marta mənə müqavimət göstərməyib. O, ingilis dilində cinsi əlaqədə olmaq istəmədiyini deməyib. Buna işarə də etməyib.
Cinsi əlaqəni dayandırdığım üçün Martanın üz cizgilərindən incidiyi hiss olundu, amma mənə heç nə demədi. İncikliyi aradan qaldırmaq üçün onun alnından öpdüm, saçını oxşadım”.
“Dostumuzun evində yaxşı vaxt keçirdik”
Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Martanın sözlərinə görə, Almaniyanın Flensburq şəhərində doğulub: “2022-ci ilin əvvəllərində Azərbaycanda bir lahiyədə iştirak etmək üçün Almaniyadakı tərəfdaş təşkilata ərizə ilə müraciət etdim. 1 fevral 2022-ci ildə Azərbaycana gəldim və Sumqayıt şəhərində təşkilatda könüllü işləməyə başladım.
Sumqayıt şəhərində 5-ci mikrorayonda yerləşən Gənclər Evində rəfiqəm Klara ilə birlikdə yaşadım. Oktyabrın 7-də saat 19.30-da dostlarımla toplaşdıq, yemək yeyib, bir qədər vaxt keçirdik. 3 stəkan şərab, 50 qram araq içdim. Dostlarım da içdilər. Biz dostumuzun evində yaxşı vaxt keçirdik, bir-birimizlə mübahisə etmədik. Saat 12-də radələrində hamımız Səbail rayonu ərazisində yerləşən “Crazzy Bear” gecə klubuna getdik. İçki içib, rəqs etdik, 1 stəkan alkoqollu kokteyl içdim”.
“Panikaya düşdüm”
Zərərçəkmiş qeyd edib ki, oktyabrın 8-ə keçən gecə təxminən saat 2 radələrində dostları ilə birlikdə “Pasifico” adlı gecə klubuna gediblər: “Orada da spirtli içki içib rəqs etdik, sərxoş olduq. Təxminən saat 4 radələrində tualetə getmək üçün dostlarımdan aralandım. 10-15 dəqiqə keçdikdən sonra dostlarımın dediyinə görə, geri qayıtmadığımdan şübhələnərək məni axtarmağa başlayıblar.
Mən tualetdən çıxaraq dəqiq haraya getdiyimi xatırlamadan yola düşdüm və bir də onda ayıldım ki, tanımadığım 25-30 yaşlı bir kişi ilə taksinin qarşında dayanmışam. Biz taksiyə minərək naməlum istiqamətdə hərəkət etdik. Bir-birimizə çox sıx oturduq, nəsə danışıb-danışmadığımızı xatırlamıram. Ancaq çox sərxoş idim.
Həmin şəxs məni çoxmərtəbəli bir binanın içindəki mənzilə apardı. Sonra isə nə olduğunu xatırlamadan gördüm ki, şalvarım əynimdə deyil. Panikaya düşdüm, qapıya doğru qaçdım. Cəftəni sağa-sola buraraq açmaq istədim. Amma aça bilmədim”.
“Alman və ingilis dillərində “istəmirəm” dedim”
Martanın ifadəsinə görə, bu vaxt həmin oğlan onu arxadan qollarından bərk tutub və özünə tərəf dartıb: “Məni iradəmə zidd olaraq öpməyə başladı. Alman və ingilis dillərində “istəmirəm” dedim. Spirtli içkinin təsirindən gücsüz və halsız olduğundan ona tam müqavimət göstərə bilmədim. Həmin şəxs məni sərt bir yerə yıxaraq üstümə çıxdı. Onu itələmək istəsəm də, gücüm çatmadı.
O, zorla mənimlə cinsi əlaqədə oldu. Bundan sonra huşum getdiyi üçün nə baş verdiyini xatırlamamışam. Ayılanda tamamilə qana bulaşdığımı, həmin oğlanın üzərimdə olduğunu gördüm. Panikaya düşdüm, huşumu itirdim və ayılanda özümü avtobus dayanacağında gördüm. Mənzildən necə çıxmağımı xatırlamıram”.
“Polisə şikayət etdik”
Zərərçəkmiş deyib ki, bu vaxt dostlarından biri onu görüb və yaxınlaşıb: “Digər dostlarımın klubda olduğunu bildirdim, kluba yenidən daxil olmaq istədim. Amma təhülkəsizlik xidməti məni içəri buraxmadı. Mən də avtobus dayanacağına getdim. Həmin evdən necə gəlib avtobus dayanacağına çatdığımı xatırlaya bilmirəm. Sanki hər şey yuxu kimi görsəndi. Piyada təxminən 10-15 dəqiqə ərzində Maksın evinə getdim, gecəni orada qaldım. Maksın evində Klara ilə birlikdə yatdıq.
Saat 11.30-da yuxudan oyandım. Bədənimə baxdıqda qollarımın və sol bud hissənin göyərdiyini gördüm. Klaranın tanışı Könüllə əlaqə saxladıq, polisə necə müraciət edə biləcəyimizi soruşduq. Könül və Sevil Maksın evinə gəldilər. Onlara nə baş verdiyini danışdım. Sevil əng edərək bu barədə polisə məlumat verdi”.
Zərərçəkmiş qeyd edib ki, növbəti gün, saat 8 radələrində yuxudan oyanıb, Klara ilə birlikdə Bakı şəhərinə gəlib, nümayəndəsi Vüsalə ilə görüşüb: “Hadisə zamanı əynimdə olmuş paltarları polis əməkdaşlarına təhvil verdim. Klara ilə birlikdə Sumqayıt şəhərinə yaşadığımız evə gəldik. Zəng edərək valideynlərimə hadisə barədə məlumat verdim”.
Zərərçəkmişin sözlərinə görə, oktyabrın 10-da Klara ilə birlikdə Bakı şəhərinə gəlib, nümayəndəsi Vüsalə xanımla görüşüb və saat 16 radələrinə kimi müvafiq eskpertiza müayinələrindən keçib: “Yenidən Klara ilə Sumqayıta qayıtdıq, birlikdə evdə olduq. Əvvəllər heç kimlə cinsi əlaqədə olmamışam”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fəqan 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Fəqanın müdafiəçisi apellyasiya şikayəti verib.
Müdafiəçi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Fəqanın barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Apellyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, apellyasiya şikayəti təmin edilməyib.