image-rt-reklam
image-bez-nazvaniyabackend

AZƏRBAYCANIN İLK PESƏKAR QADIN RƏNGKARI

image-728x90

(MM-in Mədəniyyət Komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edirik)

Azərbaycanın ilk peşəkar qadın rəngkarı, Əməkdar İncəsənət Xadimi Vəcihə Səmədova (1924-1965) milli təsviri sənət tariximizdə öz layiqli dəst-xətti və yaradıcılıq manerası ilə seçilən sənətkarlardandır. Cəmi 41 il yaşasa da, bu qısa ömrə böyük bir yaradıcılıq fəaliyyətini sığdıra bilmişdi. İncəsənətimizə bəxş etdiyi dəyərli əsərlərlə əbədiyaşarlıq qazanan rəssam özündən sonra zəngin bir mənəvi irs qoymuşdur. Onun rənglər dünyası bu gün də dünya rəsm qalereyalarında sənətsevərləri öz işığına cəlb etməkdədir. Yaradıcılığı ilə Azərbaycan təsviri sənət tarixində önəmli yer tutan Vəcihə Səmədova son dərəcə həssas sənətkar qəlbinin incə çırpıntılarını, gözəllik duyumunu məharətlə ağ kətan üzərində, rənglərin dili ilə ifadə edə bilib. Bu rənglər aləmi onun böyük istedadı ilə yanaşı, həm də fərqli daxili dünyasının, əsrarəngiz insan təbiətinin sirlərini pıçıldayır…

Vəcihə Səmədova 24 noyabr 1924-cü ildə Bakıda anadan olmuşdur. Əslən Qars azərbaycanlılarından olan atası Kərbəlayi Əli qardaşıyla birgə Qarsdan İrəvana köçmüş, bir müddət orada yaşadıqdan sonra Bakıya gəlmişdi. Anası Rübabə xanım isə bu şəhərə ailəsiylə birlikdə Arazın o tayından – Qum şəhərindən gəlmişdi. Kərbəlayi Əli ilə Rübabə xanım Bakının əsrarəngiz İçərişəhərində bir-birlərini tanıyıb ailə qurmuşdu. Onların bir neçə övladı olsa da, ancaq iki qızları – Vəcihə və Solmaz sağ qalmışdı. Kərbəlayi Əli şirniyyatçı, Rübabə xanım isə evdar qadın idi. Ailədə incəsənətə böyük sevgi və maraq var idi. Kərbəlayi Əli yaxşı tar çalır, könlünə düşəndə isə Qars mahnılarını, Türk-Kərkük türkülərini yanıqlı-yanıqlı zümzümə edirdi. Səsindəki məlahət, həzinlik onu dinləyənləri heyran qoyardı. Qızları da onun kövrələrək oxuduğu, oxuya-oxuya kövrəldiyi bu mahnıları dinləyə-dinləyə böyüyürdü. Vəcihə Səmədova kiçik yaşlarında atasının tarda çaldığı havaların, oxuduğu mahnıların yaşadıqları İçərişəhərlə bağlı olduğunu düşünərdi. Çünki o özü də bu doğma məkanda, qədimliyin əsrarəngiz bir parçası olan “şəhər içində şəhərdə” dünyaya göz açmışdı. Onun nəzərində bu qədər gözəl tərənnüm ancaq doğma İçərişəhərə aid ola bilərdi. O da bu doğmalığın, munis gözəlliyin yaratdığı duyğuların təsirilə əlinə rəngli qələmlər, fırça aldı. Qızının rəsm çəkmək həvəsini görən Kərbəlayi Əli bunu sevinclə qarşıladı, kiçik Vəcihəyə kağız, rəngli karandaşlar və ünlü rəssamların dünya muzeylərində saxlanılan əsərlərinin reproduksiyalarından ibarət kitablar alıb gətirdi. Çəkdiyi rəsmləri atasına göstərib tərif eşidən qızcığaz yeni rəsmlər çəkməyə ruhlandı. Böyük sənətə gedən yolun təməli belə qoyuldu.

Vəcihə Səmədova 132 saylı orta məktəbin 7-ci sinfini bitirdikdən sonra sənətin sirlərinə yiyələnmək üçün 1939-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə (indi Azərbaycan Rəssamlıq Akademiyası nəzdindəki İncəsənət Kolleci) sənədlərini verəndə ilk xeyir-duasını ata-anasından aldı. Müəllimlərinin və tələbə yoldaşlarının sevimlisi olduğu bu təhsil-sənət ocağında hamı onu rəng duyumu, rəssamlıq qabiliyyəti, zəhmətsevərliyi ilə seçilən, işləməkdən əsla doymayan bir istedad sahibi kimi tanıdı. Böyük səylə öz üzərində işləyən, daim sənət yenilikləri ilə maraqlanan, bunu öz yaradıcılığına tətbiq edən Vəcihə xanımın əsərləri sənətsevərlərin diqqətini cəlb etdi. O, utancaq, xoşxasiyyət, məlahətli, zərif, gözəl gənc qız idi. Diqqətini cəlb etdiyi, ailə həyatı quracağı rəssam Lətif Feyzullayevlə də Rəssamlıq Məktəbində tanış oldu. O vaxtlar Lətif Feyzullayev 1939-cu ildə Moskvada qəbul olunduğu Surikov adına Rəssamlıq İnstitutunda (indi Rusiya Rəssamlıq Akademiyası nəzdindəki V.İ.Surikov adına Moskva Dövlət Akademik İncəsənət İnstitutunda) təhsilini müəyyən səbəblərə görə yarımçıq qoyub Bakıya qayıtmış, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deməyə başlamışdı. Vəcihə Səmədova 1944-cü ildə məktəbi bitirərək Moskvaya, arzusunda olduğu ali təhsil ocağına üz tutdu. V.İ.Surikov adına Rəssamlıq İnstitutuna daxil olan Vəcihə xanım, elə həmin il Lətif Feyzullayevlə ailə qurdu. 1945-ci ildə ilk övladları Nicatın dünyaya gəlməsi isə gənc ailənin xoşbəxtliyini ikiqat artırdı. Vəcihə xanım övladının qayğısına qalmaq üçün institutda təhsilinə bir il ara verəndən sonra yenidən oxumağa davam etdi. Bu vaxt oğlu Nicatın bir yaşı tamam olmuşdu. Rəssamlıq İnstitutunda dövrün görkəmli rəssamları Yakovlevdən, Korindən dərs alan Vəcihə Səmədova bu təhsil ocağında sənətin sirlərinə daha dərindən yiyələnir, rəssamlığın incəliklərini öyrənirdi.

1951-ci ildə onun “Üzeyir Hacıbəyov Azərbaycan bəstəkarlarının arasında” mövzusunda, diplom işi kimi çəkdiyi rəsm əsəri müəllimləri tərəfindən yüksək səviyyədə qiymətləndirildi. Bu uğuruna görə onu gələcəyin parlaq imzalarından biri kimi görəcəyinə inanan müəllimi Pavel Korinin təkidi ilə aspiranturaya daxil oldu. Üç il sonra, aspiranturanı bitirəndə Vəcihə xanıma V.İ.Surikov adına Rəssamlıq İnstitutunda qalıb dərs deməyi, Moskvada yaşayaraq gələcəyin rəssamlarını yetişdirməyi təklif etdilər. İnstitutda oxuduğu illərdə ailəsindən ayrı qalan, Azərbaycanın, doğmalarının həsrətini çəkən Vəcihə xanım bu təklifi qəbul etməyib Bakıya qayıtdı. Bu vaxt oğlu Nicat yeddi yaşına çatmışdı. Təhsil almaq zərurətinə görə əzizlərindən ayrı düşən Vəcihə xanım bundan sonra doğma şəhərində yaşayıb-yaratmaq istəyirdi. Azərbaycanın ilk peşəkar qadın rəngkarı Vəcihə Səmədova Bakıya qayıtdıqdan sonra həm rəssamlıq fəaliyyəti ilə məşğul olmağa, həm də doğma təhsil-sənət ocağında – Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deməyə başladı. Onun fəaliyyətinin ən məhsuldar dövrü 1957-1963-cü illər olmuşdur.

Bu illərdə Vəcihə Səmədova “İmtahan ərəfəsində”, “Lənkəranda toy”, “Toya hazırıq”, “Mahnı” kimi maraqlı əsərləri ilə sənətsevərlərin, peşəkarların rəğbətini qazanmışdı. 1962-ci ildə Bolqarıstana yaradıcılıq ezamiyyətinə gedən rəssamın bu ölkədə müşahidə etdikləri “Bolqarıstan silsiləsi”nin yaranmasına səbəb oldu. “Qoca bolqar qadınları”, “Sofiyada bazar”, “Yağışlı gün”, “Qayalar üzərində evlər” və digər əsərləri bu baxımdan özəlliklə diqqəlayiqdir. Vəcihə Səmədovanın doğmalarına həsr etdiyi əsərləri yaradıcılığında özəl bir mövzu istiqamətini təşkil edir. “Bacımın portreti”, “Memar Solmaz Səmədova”, “İmtahan ərəfəsində” və digər əsərlərini istəkli bacısı Solmaza, “Qızımın portreti”, “Balaca Fatimə”, “Tələbə”, “Balaca skripkaçı” əsərlərini isə öz övladlarına həsr etmişdi. Vəcihə Səmədovanın sənətə gəlişini əlinə fırça aldığı ilk vaxtlardan dəstəkləyən, atası ilə birgə onu ruhlandıran həm də anası Rübabə xanım olmuşdu. Rübabə xanım daim qızı ilə qürur duyur, onun sənətinə sevgi və hörmətlə yanaşırdı. Vəcihə xanımın doğmalarının təsvirini canlandırdığı əsərlər içərisində anası Rübabə xanımın portreti özəlliklə fərqlənir. Bu portretdə qızını min bir qayğı və ülvi sevgi ilə böyüdən şəfqətli bir anaya övlad minnətdarlığı, sonsuz bir məhəbbət, ehtiram var. Bir çox tərəqqipərvər qadınlarımız kimi Vəcihə Səmədovanın da sənət yolu hər zaman hamar olmayıb. Ətrafında onu sevən, yaradıcılığına dəyər verən qədirbilən insanlarla yanaşı, uğurlarına həsəd aparan, fürsət düşəndə xəbisliklə onu sənətdən soyutmağa can atanlar da vardı. 1953-cü ildə Vəcihə xanım “Leyla Bədirbəylinin portreti” əsərini işləyəndə tez-tez aktrisanın evinə gedib onlarca eskiz etmiş, nəhayət, böyük bir zəhmətdən sonra mükəmməl bir iş ərsəyə gətirmişdi. Lakin rəssamın bu əsərini gözdən salmaq üçün “səviyyəsiz iş” adlandıran da olmuşdu. Hətta bu haqsız tənqid Vəcihə xanımı elə həddə çatdırmışdı ki, o, rəssamların rəngi qaşımaq üçün istifadə etdiyi “mastexin” adlanan iti alətlə həmin şəkli cırmışdı. Lakin istedad öz sözünü demişdi. Vəcihə Səmədovanın portret janrındakı bu uğurlu əsəri yüksək sənətkarlıqla işlənən rəssamlıq örnəyi kimi “Azərbaycan rəngkarlığının 100 ən gözəl nümunəsi”nə daxil edilmişdi. “Leyla Bədirbəylinin portreti” 70 ildir ki, Azərbaycan İncəsənət Muzeyində milli rəssamlığımızın ən dəyərli sənət örnəklərindən biri kimi nümayiş olunur, dünyanın hər yerindən gələn ziyarətçilərin diqqətini cəlb edir. Vəcihə Səmədovanın sənət yüksəlişində mükəmməl ailə həyatının da önəmli təsiri vardı. Özü kimi rəssam olan həyat yoldaşı Lətif Feyzullayev onun təkcə sədaqətli dostu, sirdaşı deyildi, həm də ən vəfalı məsləkdaşı, yaxın məsləhətçisi idi. Onların evində tez-tez Azərbaycanın ən görkəmli sənətkarları – Tahir Salahov, Mikayıl Abdullayev, Ömər Eldarov, Əlibəy Rzaquliyev, Tokay Məmmədov və başqaları qonaq olur, sənət söhbətləri edir, müzakirələr aparırdı. Lakin bu sənətkar ailəsi uzun müddət maddi sıxıntılar içində yaşamışdı. Moskvada yarımçıq qoyduğu təhsilini davam etdirən, 1949-cu ildə Rəssamlıq İnstitutunu uğurla bitirən Lətif Feyzullayevin və Vəcihə xanımın gənc ailəsi Bakıya qayıdanda evləri belə yox idi.

Onlar bir müddət İçərişəhərdə, Vəcihə Səmədovanın ata evində qalmış, 1958-ci ildə “Rəssamların binası” adlanan bina tikilib istifadəyə veriləndə isə mənzil sevinci yaşamışdılar. Elə həmin binada ikisinə bir emalatxana da verilmişdi, onlar burada növbə ilə yaradıcılıqla məşğul olurdu. Arzusunda olduğu müstəqil yaradıcılıq emalatxanasını Vəcihə xanıma 1962-ci ildə verdilər. Lakin bu gecikmiş rahatlıq içində bir çox sənət arzularını, planını qurduğu işləri həyata keçirmək görkəmli rəssama nəsib olmadı. Vəcihə xanımın amansız xəstəliyə tutulması böyük sevgiylə çalışdığı yaradıcılıq işlərini yarımçıq qoyduğu kimi, həyatını da erkən soldurdu. Həmin vaxt beş-altı yaşlarında olan qızı Fatimə valideynlərinin vaxtı olmadığı üçün nənəsinin yanında böyüyürdü, kiçik qızcığaz anasının xəstəliyi ilə bağlı baş verənləri başa düşmürdü. Bacısından on yaş böyük olan qardaşı Nicat isə bu hadisənin ağırlığını bütün dəhşəti ilə hiss edirdi. Ailələrinə bir kədər sükutu çökmüşdü, atası, nənəsi və xalası kimi onun da üzündən dərd yağırdı… Vəcihə Səmədova isə sağalacağına ümidlə, xəstə halı ilə “Xəbər gözləyərkən” adlı son əsərini işləyirdi. 1963-cü ildə çəkib bitirdiyi, elə həmin il Bakıda keçirilən “Bizim müasirimiz” adlı sərgidə rəssamın digər əsərləriylə birgə uğurla nümayiş etdirilən həmin əsər Vəcihə Səmədova yaradıcılığının qüvvətli yekunu idi. Oğlu Nicat Feyzullayev müsahibələrində bu əsərə həyəcansız baxa bilmədiyini qeyd edir. Burada dəniz kənarına toplaşıb intizarla balıqçılardan xəbər gözləyən, bədbəxt hadisə ərəfəsindəki gərginlik üzlərindən oxunan insanlar təsvir olunub. Nicat Feyzullayev bu təsvirdə həmin insanlar içərisində lap öndə dayanmış həyəcanlı qadının anasının öz surəti olduğunu vurğulayaraq deyir: “Yaratdığı kompozisiyada olduğu kimi, özü də intizar içərisindəydi. Xəstəlik diaqnozunu, taleyin ona neçə il ömür bəxş edəcəyini bilmək üçün xəbər gözləyirdi”… Həkimlərin qərarı isə onu Hamletsayağı bir sual qarşısında qoymuşdu: “Həyat, ya Sənət”?! Vəcihə Səmədovaya yaşaması üçün cərrahiyyə əməliyyatının vacib olduğu bildirilmişdi, lakin həmin əməliyyatdan sonra qolunu işlədə bilməyəcəkdi. Taleyin ədalətsizliyi onu dəhşətli bir seçim qarşısında qoysa da, sənətsiz yaşaya bilməyəcəyinə əmin olduğundan bu əməliyyata razılıq verməmişdi. Bir qədər sonra, həyat yoldaşının onu müalicə üçün Moskvaya aparmasından öncə cərrah Mürsəl Qarayevin təkidiylə cərrahiyyə əməliyyatı olunduqda isə artıq gec idi… Mənzil almağa, sənət emalatxanası qurmağa gecikdiyi kimi, sağlamlığına qovuşmaq üçün də gecikmişdi. Əməliyyat uğurlu olsa da, heç bir nəticə verməmişdi. Moskvadakı müalicəsinin onu, ailəsini ümidləndirməsinə baxmayaraq, xəstəliyi daha da irəliləmiş, necə deyərlər, yarpaq tökümlü kədərli payız günlərində daha da şiddətlənmişdi. Vəcihə Səmədova 1965-ci il oktyabrın 25-də, qırx bir yaşının tamam olmasına bir ay qalmış əbədi olaraq həyata gözlərini yumdu… O vaxtkı Mərkəzi Komitənin qərarı ilə görkəmli rəssamın Fəxri Xiyabanda dəfni üçün yer ayrılmışdı. Lakin onu öz vəsiyyətinə əsasən ümumi müsəlman qəbristanlığında dəfn etdilər. Vəcihə xanımın vəfatı bütün Azərbaycanı kədərləndirdi, sənətsevərlər və incəsənət elitası dərin qəmə qərq oldu. Bu erkən ölümdən ən çox sarsılan isə rəssamın ailəsi və doğmaları oldu. Anası Rübabə xanım qızını itirəndən cəmi altı ay sonra vəfat etdi. Həyat yoldaşının ölümündən sonra Lətif Feyzullayevin üzü bir daha gülmədi. Vəcihə xanım vəfat edəndə 45 yaşında olan Lətif bəy bir daha ailə qurmadı, bu itki onu xəstə saldı. Yaradıcılığına sarılıb “Köhnə qəbristanlıq”, “Tənha məzar”, “Rəssam Vəcihə Səmədovanın portreti”, “Vəcihə Səmədovanın portreti”, “Səhər” əsərlərində sevimli ömür-gün yoldaşının, sənət dostunun əziz xatirəsini yaşatdı. Vəcihə xanımın vəfatından 22 il sonra, 25 mart 1987-ci ildə vəfat edən tanınmış rəssam, Əməkdar incəsənət xadimi Lətif Feyzullayev sevimli həyat yoldaşının yanında dəfn edildi. Vəcihə Səmədovanın mədəniyyətimizə xidmətləri dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Vəfatından çox keçmədən rəssamın adı əbədiləşdirilmiş, Azərbaycan Rəssamlar İttifaqının sərgi salonuna onun adı verilmişdir. Şəhər mərəkəzində, Xaqani küçəsində, Bakı bulvarının yaxınlığında yerləşən bu sərgi salonu Azərbaycana gələn qonaqların və sənətsevər xalqımızın ən çox ziyarət etdiyi sənət mərkəzlərindən biridir. Həyat yolu erkən qırılsa da, əsərləri ilə əbədiyyət ömrü qazanan görkəmli rəssam, fitri istedadı ilə böyük sənət ustalarını heyran qoyan, əsərləri dünya muzeylərini, rəsm salonlarını bəzəyən Vəcihə xanım Səmədovanın adı heç vaxt unudulmayacaq. Fərdi sərgiləri dəfələrlə Bakıda, Moskvada, Sofiyada uğurla nümayiş etdirilən ölməz rəssamımızın ömrü füsünkar tablolarındakı rəng çalarlarında daim yaşayacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90