image-2000x150
image-2backend

Azərbaycanın enerji diplomatiyası uğurla inkişaf edir

image-728x90

Avropa İttifaqına üzv ölkələrdə enerji böhranı “Şimal axını 1” vasitəsilə tədarükün və “Şimal axını 2” layihəsinin dayandırılması səbəbindən daha da pisləşib. Buna görə də “Köhnə qitə”də enerji böhranı fonunda uzunmüddətli enerji təhlükəsizliyini təmin etməyə imkan verəcək alternativ mənbələrin tapılmasına ehtiyac var. Bu mənada Cənub Qaz Dəhlizi ön plana çıxır. Avropa ölkələri maye qaz idxalını sürətlə artırır, lakin bu həcmlər bütün əhalinin ehtiyaclarını ödəməyə kifayət etmir. Bu halda Avropa üçün ən sərfəli alternativ Xəzər qazının Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin imkanlarının artırılması olaraq qalır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında səsləndirilən fikir və təkliflər məhz bu prizmadan böyük önəm daşıyır.
Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrdir. Avropaya tədarükün artırılması üçün Azərbaycanın əlavə investisiyalara ehtiyacı var ki, bu da əlavə boru kəmərlərinin tikintisinə və istehsal potensialının artırılmasına yönəldiləcək. Hazırda Avropa İttifaqı ölkələrində təbii qaza ciddi tələbat var. Rusiya-Ukrayna müharibəsinin başlanması ilə Avropanın qaz xəritəsinin pozulması fonunda alternativ mənbələrə ehtiyac artıb. Belə mənbələrdən biri də Azərbaycandır.
Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında bildirdi ki, Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var. Dövlət başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Təbii ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımlar çox vacibdir. Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir.
Neft və qaz ehtiyatları ilə zəngin olan Azərbaycan son illər Avropaya “mavi yanacaq” ixracını genişləndirib. Ekspertlər qeyd edirlər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və Avrasiyanın enerji xəritəsini formalaşdırır. Hazırda Azərbaycan qazının xarici tədarükünün təxminən 50 faizi Avropa ölkələrinin payına düşür. Azərbaycanın İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstana qaz tədarükü üzrə müqavilələri var. Eyni zamanda, ölkəmizdən qaz almaq istəyən daha bir qrup ölkələr var. Bunlar Serbiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniyadır. Təsadüfi deyil ki, Avropa İttifaqları liderləri Azərbaycana etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı kimi baxırlar. Prezident İlham Əliyev çıxışında bildirib ki, bir çox ölkə təbii qazla bağlı Azərbaycana müraciət edib, onlardan 6-sı artıq təbii qaz alıb, bir neçəsi ilə də danışıqlar aparılır. Dövlət başçısı qaz ehtiyatlarının çox olduğunu diqqətə çatdıraraq əlavə etdi ki, Avropa maliyyə təsisatları bu layihələrlə bağlı maliyyələşdirmə məsələsində real yanaşmalara əsaslanmalıdır.
Prezident İlham Əliyev çıxışında çox mühüm bir məsələyə də toxunaraq bildirdi ki, qaz layihələri anti-ənənəvi enerji yanaşmalarının kölgəsində qalmalı deyil. Azərbaycanın da yaşıl keçidə getdiyini diqqətə çatdıran dövlətimizin başçısı əlavə etdi ki, ənənəvi enerji mənbələri olmadan dünya növbəti illər ərzində inkişaf edə bilməz və heç kəs bu faktı yaddan çıxarmamalıdır. Buna görə də Azərbaycan qazının Avropaya nəqlini artırmaq üçün əlavə investisiyalara ehtiyac var. Cənub Qaz Dəhlizinin bir hissəsi kimi tikilən TANAP-ın Avropa hissəsi olan TAP-ın illik ötürmə qabiliyyəti 10 milyard kubmetr qiymətləndirilir və bu kəmərin ötürücülük qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulur. Aİ ölkələri Azərbaycan qazının alışını genişləndirdikcə investisiyaların daha da artması gözlənilir. Prezident İlham Əliyevin əvvəllər də bəyan etdiyi kimi, Azərbaycan yataqlarındakı təbii qaz ehtiyatları ölkəyə və onun tərəfdaşlarına ən azı 100 il kifayət edəcək.
Azərbaycan bəşəri dəyərlərə hörmətlə yanaşan ölkədir və insanları narahat edən məsələlərdə zəruri addımların atılmasını hər zaman dəstəkləyir. COP29-un Azərbaycanda keçirilməsi də bunu təsdiqləyir. Belə bir mötəbər tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi bir tərəfdən ölkəmizə olan beynəlxalq etimaddırsa, digər tərəfdən Bakının güclü yaşıl gündəliyə malik olmasıdır. Ölkəmiz ənənəvi enerji resurslarının istehsalçısı olsa da, yaşıl enerjinin inkişafı istiqamətində də böyük işlər görür. Prezident İlham Əliyev çıxışında bu məqama toxunaraq diqqətə çatdırdı ki, COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir.
Bakıda Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilməsi hər şeydən öncə ölkəmizin iqtisadi qüdrətinin təsdiqi və nümayişi ilə yadda qaldı. Bölgənin super gücü olan Azərbaycanın Avrasiyanın enerji təhlükəsizliyində önəmli faktora çevrilməklə nə qədər vacib bir ölkə olduğunun göstəricisidir. Bundan başqa, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Avrasiyanın mühüm infrastruktur layihələrindən biri olan və üç ilə yaxındır fəaliyyət göstərən Cənub Qaz Dəhlizi artıq uğur hekayəsidir. Şübhəsiz ki, təkcə Cənub Qaz Dəhlizi yox, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bütün beynəlxalq layihələr ölkəmizin nüfuzunu artırmaqla yanaşı, milli maraqlarımıza xidmət edir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90