image-2000x150
image-1backend

Azərbaycanda yaşayan insanlar,müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar

image-728x90

Azərbaycan qədim tarixə, zəngin mədəni irsə və əsrarəngiz təbiətə malik olan diyardır. Tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuş bu diyar Qərblə Şərq, Şimalla Cənub arasında “Qızıl körpü” rolunu oynamış, müxtəlif tarixi dövrlərdə yaşayış üçün əlverişli təbii şəraiti ilə bir çox qəbilə, tayfa və xalqları öz ərazisinə cəlb etmişdir. Həm qədimlərdə, həm də müasir dövrdə Azərbaycan öz yüksək tolerantlığı ilə seçilən bir bölgə kimi tarixdə qeyd olunub. Bura Zərdüştlük dininin vətəni, Qafqazda xristianlığın ilk beşiyi, İslam dininin geniş yayıldığı məkan, müxtəlif etnosların sülh içində yaşadığı ərazi, rəngarəng mədəniyyətlərin biri-birindən bəhrələnərək çiçəkləndiyi diyardır. Tarixi mənbələr Azərbaycanın etnik tərkibinin daim genişləndiyini göstərir.Azərbaycan etnosunun tarixini nəzərdən keçirsək görərik ki, əhalinin 90%-ni təşkil edən azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə əsrlərdən bəri müxtəlif azsaylı xalqlar, etnik və milli qruplar iştirak etmişlər. Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan 30 adda millət və etnik qruplardan ibarətdir. Onların arasında Altay ailəsinin türk qoluna məxsus azərbaycanlılar, tatarlar, ahısqa türkləri, həmçinin hind-avropa (tatlar, talışlar, dağ yəhudi- ləri, kürdlər), qafqaz (udilər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar, qrızlar, xınalıqlar),slavyan(ruslar,malakanlar, ukraynalılar) dil qruplarının təmsilçiləri vardır. 1992-ci ildə imzalanmış “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətlərinin inkişafı üçün dövlət yardımı haqqında” fərmana əsasən onlar Azərbaycanın bərabərhüquqlu vətəndaşları hesab edilir.Qeyd edək ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra milli azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən zəmin yaradılmışdır. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşmış, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaratmışdır. Ulu öndər çıxışlarının birində demişdir: “Azərbaycanın varı,dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil, onun ərazisində yaşayan xalqlardır”.Azərbaycanda hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini ulu öndər Heydər Əliyev müəyyən etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Belə ki, Azərbaycan multikulturalizmilizm siyasətinin əsasını təşkil edən tolerantlıq (dözümlülük) prinsipi Azərbaycan Respublikası Konstitusiyasının bir sıra maddələrində aydın şəkildə təsbit edilmişdir:

“Din və dövlət” (Maddə 18); “Dövlət dili” (Maddə 21); “Bərabərlik hüququ” (Maddə 25); “Milli mənsubiyyət hüququ” (Maddə 44); “Ana dilindən istifadə hüququ” (Maddə45); “Fikir və söz azadlığı” (Maddə 47); “Vicdan azadlığı” (Maddə 48). Ulu öndər haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab edirdi. O, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü. Ulu öndər etnik millətçiliyə alternativ kimibütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan Azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O, qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar
arasında münaqişəyə gətirib çıxarır. Ümummilli lider Heydər Əliyev
multikulturalizm siyasətinin həyata keçirilməsində BMT, ATƏT, Avropa
Şurası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verirdi. Ulu öndər Heydər Əliyev multikulturalizmi Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə ölkəmizdə multikulturalizm siyasətinin əsasını qoymuş və Azərbaycan multikulturalizminin siyasi banisi olmuşdur. Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Mehriban Hüseynova Sabir qızı
Azərbaycan Dövlət Pedaqoji Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90