Səhiyyə naziri Teymur Musayev ötən ay parlamentdə çıxışında Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində Plastik və rekonstruktiv cərrahiyyə şöbəsi və kafedra yaradılacağını dedi.
Nazir qeyd etdi ki, adları siyahıda olan 42 plastik cərrah orada fəaliyyətə cəlb ediləcək.
“Siyahıda xaricdə təhsil almış şəxslər var. Hətta aralarında tibb üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmiş şəxslər də var. Düşünürəm ki, o şöbə nümunəvi olacaq”, – nazir bildirib.
Bu şöbə və kafedra nə vaxt yaradılacaq, iş prinsipi necə olacaq? Plastik cərrahlar bu təşəbbüsü necə qarşılayır?
Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli hesab edir ki, belə bir mərkəzin yaradılması plastik cərrahlarla təşkil olunan işin bir istiqamətə yönləndirilməsi, planlı şəkildə strateji inkişaf konsepsiyasının müəyyənləşməsi, o cümlədən, gənc mütəxəssislərin bu sahədə yetişməsi baxımından çox faydalı addımdır.
“Prosesin icrası plastik cərrahiyyə ilə bağlı həm bir elmi mərkəz rolu oynayacaq, eyni zamanda, rezidentlərin plastik cərrah kimi yetişməsində əhəmiyyət kəsb edəcək”.
Mərkəz yaradılanda bütün plastik cərrahlar orada toplanmalıdırmı?
M.Məmmədli hesab edir ki, bütün həkimləri orada toplamağa ehtiyac yoxdur.
“Azərbaycanda səhiyyə təşkilatlarının bir neçə mülkiyyət növü var. Bura dövlət, bələdiyyə və özəl sektor aiddir. Hər üç istiqamət müvafiq qanunvericilik aktlarında öz əksini tapıb. Ona görə də plastik cərrahlar həm özəl, həm dövlət sektorunda fəaliyyət göstərə bilir. Səhiyyə siyasəti baxımından bir mərkəzin yaradılması və bu mərkəzdə müvafiq ixtisasın inkişafını təmin etmək olduqca təqdirəlayiq addımdır”.
Plastik-Rekonstruktiv Cərrahiyyə Cəmiyyətinin sədri, həkim Vaqif Qələndər mövzu ilə bağlı sualımıza cavabında bildirdi ki, artıq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində plastik cərrahiyyə şöbələrinin açılması, kafedranın yaradılması istiqamətində işlər gedir. Onun sözlərinə görə, dövlət müəssisəsində plastik cərrahiyyə şöbəsinin yaradılması çox düzgün addımdır.
“Bu məsələ tam nazirliyin səlahiyyətindədir. Teymur Musayev də bununla bağlı açıqlama verib və bildirib ki, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində plastik cərrahiyyə şöbələrinin açılması, kafedranın yaradılması istiqamətində işlər davam edir.
Bu sahədə mütəxəssis olan həkimlər də bura cəlb ediləcək. Şöbənin, kafedranın yaradılması bir az vaxt alsa da, düşünürəm ki, yaxın zamanda hazır olacaq.
Bilirsiniz ki, plastik cərrahiyyə əməliyyatlarının 80 faizi rekonstruktiv, yəni bərpaedici əməliyyatlardır. Yalnız 20 faizi estetik əməliyyatlardır”.
Kafedranın yaradılması plastik cərrahi əməliyyatların əlçatanlığını təmin edəcək
“Rekonstruktiv əməliyyatlara anadangəlmə qüsurlar, deformasiyalar, qəza nəticəsində əmələ gələn toxuma zədələnmələri, defektlər, yanıqdan sonra əmələ gələn eybəcərliklər daxildir.
Bildiyiniz kimi, plastik cərrahların çoxu özəl sektorda çalışır. Dövlət müəssisəsində plastik cərrahiyyə şöbəsinin yaradılması çox düzgün addımdır. Kafedranın yaradılması vacib məsələdir. Bu, plastik cərrahi əməliyyatların əlçatanlığını təmin edəcək”.
Mərkəzi açmazdan əvvəl mövcud problemlər həll edilməlidir
Estetik-plastik cərrah İlyas Axundzadə isə bəzi problemlərə diqqət çəkdi. Onun fikrincə, mərkəzi yaratmazdan əvvəl mövcud problemləri həll etmək lazımdır.
“Belə bir mərkəzin açılması yaxşı haldır. İşin qurulması məsələsiylə bağlı isə bəzi şübhələrim var. Çünki tibbi sığortanın yaratdığı şəraitdə iş təşkili bəzi suallar doğurur. Həm ödəmə mövzusundakı axsaqlıqlar, həm iş təşkili, o cümlədən təchizat, həkimlərə kömək, təhsilin işlə düzgün birləşdirilməsi, Türkiyədəki kimi rezidentlərin işə cəlb edilməsi hazırda böyük bir problem təşkil edir. Bizdə hazırda bu işlərin heç biri düzgün təşkil edilməyib. Əgər indi qurulan mərkəzdə də iş eyni prinsiplərlə icra olunacaqsa, təbii ki, müəyyən problemlər yaşanacaq. Ona görə, məncə, belə bir mərkəz açmazdan əvvəl mövcud problemləri həll etmək lazımdır.
Hazırda müsbət təsəvvür yaradılmağa çalışırlar, təəssüf ki, praktikada işlər o qədər də parlaq deyil”.
İ.Axundzadə də bütün həkimləri bir mərkəzdə toplamağın tərəfdarı deyil.
“Bütün plastik cərrahları ora toplamaq lazım deyil. Bəziləri mərkəzdə, digərləri isə özəl və ya dövlət müəssisələrində işləyə bilər. Hər şeyin “tək əl” və ya monopoliya sisteminə gətirilməsi düzgün deyil”.
Xatırladaq ki, ölkəmizdə plastik cərrahiyyə üzrə klinik protokollar da mövcud deyil. Səhiyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirilmişdi ki, hazırda klinik protokolların hazırlanması ilə bağlı iş gedir və bu ilin sonunacan plastik cərrahiyyə üzrə protokollar hazır olacaq.teleqraf