image-rt-reklam
image-downloadbackend

Azərbaycan şərqin və qərbin tərəfdaşıdır

image-728x90

Qədim Azərbaycan torpağı Ön Asiyada yerləşir və Qafqaz dağlarının cənub-şərq hissəsindən Urmiya gölünün cənub və cənub-şərqindəki dağlıq ərazilərə qədər olan sahələri əhatə edir. Onun sahəsi 200 min kvadrat km-dən artıqdır.

Azərbaycan bütövlükdə şimal yarımkürəsində yerləşir. İspaniya, Yunanıstan, Türkiyə, Çin, Koreya təqribən Azərbaycanla eyni coğrafi enlikdədir. Avropadan Orta və Şərqi Asiya ölkələrinə gedən bir sıra mühüm beynəlxalq əhəmiyyətli yollar Azərbaycan ərazisindən keçir.

Respublikanın ərazisi şimaldan cənuba 400 km, qərbdən şərqə isə 500 km məsafədə uzanır, 38°25′ – 41°55′, şimal enliklər və 44°50′ – 50°51′ şərq uzunluqları arasında yerləşir.

Avropa və Asiyanın qovşağında yerləşərək, respublika unikal geosiyası və coğrafi mövqeyə malik olmaqla, qədim zamanlardan ta indiyədək dünyəvi iqtisadi və mədəni əlaqələr üçün öz əhəmiyyətini qoruyub saxlamaqdadır.Böyük Qafqaz özünün cənub şərq hissəsi ilə Azərbaycana məxsusdur. Burada iki dağ silsiləsi ayrılır: Bazardüzü zirvəsilə (4466 m) Baş və yaxud Suayrıcı, Şahdağ zirvəsilə (4243 m) Böyür (Yan) silsilələri. Cənub-şərqə doğru silsilələr 1000-700 m yüksəkliyədək tədricən alçalır. Böyük Qafqaz silsilələrini dağətəyi yerlər əhatə edir: şimal-qərbdə çöllük yayla, cənub-şərqdə – Qobustan, cənub-qərbdə Alazan-Həftəran və şimal-şərqdə – Qusar maili düzənliyi.

Dağlar əsas etibarilə nisbətən asanlıqla denudasiyaya məruz qalan yura və təbaşir dövrlərinin çökmə süxurlarından təşkil olunmuşdur. Dağətəyi yerlər üçün bedlendlər (Ceyrançöl, Acınohur düzü) və palçıq vulkanları (Qobustan, Abşeron) xarakterikdir. Qusar düzənliyi və Alazan-Həftəran vadisi dördüncü dövr yaşlı qalın çınqıl çöküntüsü qatından təşkil olunmuşdur.

Kiçik Qafqaz respublikanın cənub-qərb və qərb hissələrini tutmaqla, nisbətən az yüksəkliyə malik olmaqla bir sıra silsilə və yaylalardan ibarət mürəkkəb quruluşlu dağlıq ərazidir. Başlıca silsilələri – Murovdağ, Şahdağ və Zəngəzur silsilələridir. Qarabağ yaylası Murovdağın cənubundan başlayaraq Araz çayına qədər qövsvari şəkildə sönmüş vulkanların konusları və dördüncü dövr lavaları üzərində yerləşir. Kiçik Qafqaz yura və təbaşir yaşlı vulkanogen və çökmə süxurlardan təşkil olunmuşdur.

Azərbaycanın iqliminə ölkənin coğrafi mövqeyi, relyefi və Xəzər dənizi əsaslı təsir göstərir. Burada yarımsəhra və quru çöl, subtropik, mülayim və soyuq iqlimə rast gəlinir. Yer kürəsindəki 11 iqlim tipindən (V.V.Keppenə görə) 8-i burada olduğu müəyyən edilmişdir. Quru subtropik iqlim Kür-Araz ovalığı və Abşeron üçün xarakterikdir. Rütubətli subtropik iqlim yalnız Talış dağlarının cənubunda müşahidə edilir, dağətəyi ərazilər və Lənkəran ovalığı üçün səciyyəvidir. Mülayim iqlim Böyük və Kiçik Qafqazın əsasən meşələrlə örtülü yamaclarında müşahidə olunaraq, quru, mülayim-isti quru, mülayim-isti rütubətli və mülayim soyuq iqlimlərə ayrılır. Soyuq iqlim yüksək dağ silsilələrində, Böyük və Kiçik Qafqazın zirvələrində, alp və subalp çəmənlikləri qurşağında müşahidə edilir. Havanın orta illik temperaturu ovalıqlarda müsbət 15° C olduğu halda, yüksək dağlıq rayonlarda 0° C və daha aşağı dərəcəyə qədər dəyişir. İyulda aran rayonlarında 25-27° C, dağlıq rayonlarda 5° C təşkil edir. Mütləq maksimum 43° C olduğu halda, mütləq minimum -30° C-dək aşağı düşür.

Azərbaycanın mütləq yüksəkliyi 2600–2800 metrdən artıq olan yüksək dağlıq əraziləri üçün soyuq və tundra tipli iqlim xasdır. Belə iqlimi olan ərazilərdə qismən daimi buzlaqlar və yayda əriməyən qar talaları müşahidə edilir. Azərbaycanın ən iri çayları Kür və Arazdır. Ümumiyyətlə, Azərbaycan çayları dağ çaylarıdır. Onlar əsasən ilin soyuq yarısı çoxsulu, isti yarısı isə azsulu olur. Bu da qismən quraq iqlimə malik olan dağarası çökəkliklərdə, dağ ətəklərində, düzənlik və ovalıqlarda suvarma əkinçiliyi üçün ciddi maneə törədir. Buna görə də tarixən ən intensiv əkinçilik və bağçılıq çay dərələri, çay yataqları boyu və çayların dağlıq ərazilərdən düzənliyə qovuşduğu zolaqlarda yaranmışdı.

Vəlizadə Nərgiz

Bakı Dövlət Universiteti

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90