Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq Azərbaycanın Qarabağ iqtisadi rayonunun Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən mütəmadi şəkildə təxribatların və terror aktlarının törədilməsi cavab tədbirlərinin görülməsini zərurətə çevirdi. Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərinə start verməklə öz suveren ərazilərində separatizmin və “boz zona”nın mövcudluğuna imkan verməyəcəyini, qanunların aliliyini təmin etmək üçün sarsılmaz iradəyə, qətiyyətə və hərbi gücə malik olduğunu bir daha hər kəsə nümayiş etdirir. 2023-cü ilin sentyabrında Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirlərinin məqsədi bölgədə Azərbaycan Respublikasının Konstitusiya quruluşunu bərpa etməkdir.
Məlum olduğu kimi, Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri son bir neçə ayda ordumuzun mövqelərini müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutmaqla, ərazilərimizin minalanmasını davam etdirməklə məqsədli şəkildə bölgədə vəziyyəti gərginləşdirməkdə idi. Düşmən döyüş mövqelərini şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirməyə cəhd edirdi. Azərbaycan Silahlı Qüvvələri tərəfindən təsbit edilmişdi ki, ermənilər hərbi birləşmələrinin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, ordumuzun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi mənfur əməlləri həyata keçirməyə çalışırlar. Məhz Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasəti nəticəsində 2023-cü il sentyabrın 19-da düşmənin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması iki mülki şəxsin, həmçinin Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yeddi hərbi qulluqçusunun həlak olması ilə nəticələndi. Son terror aktları artıq Azərbaycanın qəti və təsirli tədbirlər görməsini qaçılmaz etdi.
Qarabağda lokal xarakterli antiterror tədbirlərini zərurətə çevirən səbəblər kifayət qədər çoxdur. Belə ki, Ermənistanın davam edən hərbi avantüra və revanşizm siyasəti nəticəsində Qarabağın ermənilər yaşayan ərazisi cinayətkar hərbi dəstələrin azğınlaşdığı, narkoticarətin və narkotiklərin tranzitinin, silah alverinin və digər qanunsuz fəaliyyətin həyata keçirilməsi üçün nəzarətsiz, heç bir qanunların, beynəlxalq hüquq normalarının işləmədiyi “boz zona”ya çevrilmişdi.
Qarabağdakı qeyri-qanuni, cinayətkar rejimin mövcudluğu orada yaşayan erməni əhali üçün də ciddi təhlükə yaradırdı. Belə ki, separatçıların fəaliyyətləri dövründə Azərbaycanın işğal altında olan ərazilərində milli-mədəni və təbii sərvətlərimizin talanması nəticəsində bir qrup siyasətçi, oliqarx daha da varlanıb, ancaq yerli əhalinin rifahı, bölgənin inkişafı ilə bağlı isə heç bir iş görülməyib. Əksinə, mülki ermənilər aclığa, səfalətə sürükləniblər, qondarma rejimin təzyiqi və qorxusu altında yaşamağa məhkum ediliblər.
Şanlı Qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Qarabağ iqtisadi zonasında yaşayan ermənilərin reinteqrasiyası, onların problermlərinin həlli ilə bağlı çoxsaylı təkliflər irəli sürüb. Lakin Ermənistan və onun Qarabağdakı uzantıları bu təkliflərin reallaşmasına imkan verməyiblər. Onlar hər vəchlə sülh danışıqlarını sabotaj etməyə, kommunikasiyaların açılmasını əngəlləməyə, regionun problemlərinin həlli və inkişafı ilə bağlı bütün səyləri heçə endirməyə çalışıblar. Bu baxımdan lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsi Qarabağdakı erməni azlığın humanitar problemlərinin həlli, onların separatçıların əsarətindən qurtarılması baxımından da zəruridir.
Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhvinə, Ermənistan hərbçilərinin tərksilah edilməsinə və neytrallaşdırılmasına yönəlib. Düşmənin və bəzi ermənipərəst dairələrin iddialarının əksinə olaraq Silahlı Qüvvələrimiz ərazidə mülki obyektləri və əhalini hədəf götürmür, insanların təhlükəsizliyinin təmin edilməsi, onların həyatının qorunması üçün bütün lazımi tədbirləri görür. Bu tədbirlər çərçivəsində yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Eyni zamanda, Qarabağdakı mülki ermənilərə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq barədə xəbərdarlıqlar edilib, onların telefonlarına məlumat xarakterli mesajlar göndərilib, səsgücləndirilər vasitəsilə Azərbaycan, rus, erməni dillərində anonslar edilib. İnsanların humanitar problemlərinin həlli üçün də zəruri işlər həyata keçirilir.
Qarabağda lokal xarakterli antiterror tədbirlərini keçirməklə Azərbaycan bölgədə Konstitusiya quruluşunu bərpa edir. Bu, bizim hüququmuzdur. Daha bundan sonra Qarabağda “boz zona” mövcud olmayacaq, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılması və bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirlər həyata keçiriləcək.
Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru