image-rt-reklam
image-1backend

Azərbaycan milli mətbuatı 150 yaşında

image-728x90

XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. Bu qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Onun başlatdığı bu maarifçilik hərəkatına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və digər mütəfəkkir ziyalılar da öz dəyərli töhfələrini verdilər. Onların ortaq səyi ilə “Əkinçi” yalnız bir qəzet deyil, həm də milli oyanışın, xalqı maarifə səsləyən ilk tribunaların biri oldu.

1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı nəşr olunan “Əkinçi” qəzetinin ömrü qısa olsa da, milli mətbuatımızın tarixində dərin və silinməz iz buraxdı. Bu qəzet maarifçilik ideyalarını əsas missiya seçərək xalqı elmə, savada və düşüncəyə səsləyirdi. Hər səhifəsi bir çağırış, hər yazısı bir oyanış olan “Əkinçi” qısa müddətdə həm ziyalılar arasında, həm də sadə oxucuların qəlbində özünə yer qazandı. Təəssüf ki, bu fəaliyyət uzun sürmədi. Çar Rusiyası qəzetin insanları maarifləndirməsindən, ictimai-siyasi proseslərə nüfuz etməsindən ehtiyatlanaraq maneələr yaratdı və sonda onun nəşri dayandırıldı.

Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz mütərəqqi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərə bildilər. XIX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər insanların maariflənməsinə, milli şüurun formalaşmasına, xalqımızın azadlıq amallarının gerçəkləşməsinə və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verdi. Bu baxımdan “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” və digər nəşrlər xüsusi qeyd edilməlidir.

1998-ci ildə Azərbaycanda senzuranın rəsmi şəkildə ləğv edilməsi isə təkcə mətbuat üçün deyil, bütövlükdə demokratik cəmiyyət quruculuğu baxımından mühüm dönüş nöqtəsi oldu. Bu qərar sözə azadlıq, mətbuata yeni nəfəs, jurnalistlərə isə cəsarət verdi.

Ulu Öndər Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Həmkarlarımızı peşə bayramları münasibətilə təbrik edir, onlara yaradıcılıq uğurları və böyük nailiyyətlər arzulayırıq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90