image-rt-reklam
image-1backend

Azərbaycan–Gürcüstan dostluğu Şərqdən Qərbə əməkdaşlıq körpüsüdür

image-728x90

Azərbaycanın qonşu Gürcüstanla münasibətləri tarixən xüsusi əhəmiyyət kəsb edib. Bakı həmişə Tbilisini özünə strateji tərəfdaş, dost ölkə sayıb. Bu iki xalq arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Bu ənənə hazırda da uğurla davam edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də, hazırkı Prezident İlham Əliyev də bu əlaqələrə həmişə böyük töhfələr veriblər. Dövlətimizin başçısı “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda da bir daha bildirdi ki, Gürcüstan strateji müttəfiqimizdir.

Bu gün istər Gürcüstan, istərsə də Azərbaycan yeni iqtisadi-siyasi münasibətlər dövründə, müstəqillik şəraitində xeyli inkişaf ediblər. Bununla yanaşı, hər iki ölkə qarşısında dayanan çağırışlar da, problemlər də eyni olub – ərazi bütövlüyünün pozulması, aqressiv separatizm. Hələ ki, Cənubi Qafqazda sülh tam bərqərar olmadığından Bakı ilə Tbilisi bir-birinə dəstək baxımından daha sıx əlaqədədirlər. Eyni zamanda, hər iki tərəf bu qənaətdədir ki, artıq Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Bütün bunlar həm də regionun üçüncü ölkəsi, təcavüzkar Ermənənistana ciddi bir mesajdır.

Bu istiqamətdə növbəti mesaj Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin aprelin 15-16-da Azərbaycana rəsmi səfərə gəlməsidir. Mixeil Kavelaşvilinin ilk xarici səfərini sülhsevər, 30 il ərzində pozulmuş ərazi bütövlüyünü öz gücünə təmin edərək, nümunə göstərmiş Azərbaycana etməsi, dünyaya, ilk növbədə, Ermənistana sülh siqnalı olmalıdır.

Azərbaycan və Gürcüstan Cənubi Qafqazın sülh regionuna çevrilməsi istiqamətində də fəal işləməkdədirlər. Bu sahədə indiyədək bir sıra addımlar atılıb. Bir neçə il əvvəl Gürcüstan Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasını həyata keçirməyə hazır olduğunu bəyan edib. Daha sonra Tbilisi Bakı və İrəvan arasında sülh müqaviləsinin Gürcüstanda imzalanması təşəbbüsü ilə çıxış edib. 2023-cü il oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tbilisiyə səfəri zamanı bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşündə də bu məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edilməlidir ki, Gürcüstan Prezidenti, bütövlükdə qonşu ölkənin hökuməti Azərbaycana xoş və səmimi jestlərini həmişə nümayiş etdirdiyi kimi, bir qədər əvvəl, Novruz bayramı günlərində bir daha ortaya qoydu. Həmin gün Borçalıda təşkil olunmuş Novruz bayramı şənliklərinə Gürcüstan Prezidenti Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və digər rəsmi şəxslər də qatılmışdılar. Şənlik böyük mehribanlıq və qonaqpərvərlik şəraitində keçib, gürcü rəsmiləri ölkənin azərbaycanlı sakinlərini bayram münasibətilə təbrik edib, onlara qoşularaq şənləniblər. Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində baş tutan tədbirdə Azərbaycan və gürcü dillərində şeirlər səslənib, rəqs nömrələri nümayiş etdirilib. Bu da bir daha iki xalqın əsrlərə söykənən dostluğunun təsdiqidir.

Mixeil Kavelaşvilinin ölkəmizə Gürcüstan Prezident kimi ilk xarici səfərini məhz Azərbaycana etməsi ölkələrimiz arasında əlaqələrə verilən əhəmiyyəti bir daha göstərdi. Ertəsi gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycanın dövlət başçısı ilə təkbətək görüşü keçirildi. Görüşlərin yekununda Prezident İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Prezidenti Mixeil Kavelaşvilini salamlayan Prezident İlham Əliyev bildirib ki, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar, indi də bu, belədir. Dövlətlərarası münasibətlər yüksək səviyyədədir.

Dövlətimizin başçısı qeyd edib: “Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra edirlər və bu layihələr həm ölkələrimiz, xalqlarımız üçün, həm də daha böyük coğrafiya üçün böyük önəm daşıyır”.

Prezident İlham Əliyev bildirib ki, təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilarlarda da daim bir-birini dəstəkləyir.

Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd edən dövlətimizin başçısı deyib: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”.

Azərbaycan və Gürcüstan enerji sahəsində sıx əməkdaşlıq edirlər. Belə ki, iki dost ölkənin iştirakı ilə iki strateji layihələr olan Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Qars uğurla həyata keçirilir.  Dövlətimizin başçısı haqlı olaraq qeyd edib ki, nəqliyyat sahəsində yaradılan və yaradılacaq yeni infrastruktur bir çox ölkələr üçün əvəzolunmaz imkanlar açacaq.

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında xüsusi vurğulayıb ki, bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.

“Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.

Öz növbəsində mətbuata bəyanatında Mixeil Kavelaşvili bildirib ki, Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub. Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib.

Gürcüstanın Prezidenti qeyd edib: “Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız dırnaqarası liberal dəyərlərlə yox, öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər”.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90