image-rt-reklam
image-1backend

Avropada müharibə qaçılmazdır: NATO hazırlaşır, “Patriot”lar bu ölkələrə göndərilir

image-728x90

Yəməndəki əməliyyatdan sonra qlobal müharibə qorxusu başlayıb. Avropadan “Rusiya ilə müharibəyə hazır olmalıyıq” bəyanatları gələrkən, NATO-nun avropalı üzvlərinə 1000 “Patriot” hava hücumundan müdafiə sistemi paylanması əmri verilib. Avropada müdafiə büdcələri də artırılır.

Publika.az xəbər verir ki, ABŞ və Böyük Britaniya Yəməndə hərbi əməliyyatlara başlayarkən Niderland Quru Qoşunlarının komandanı, general-leytenant Martin Vijnenin “Rusiya ilə müharibəyə hazır olmalıyıq” bəyanatı bütün Avropada geniş əks-sədaya səbəb olub.

İsveçdə əvvəlcə Mülki Müdafiə Naziri sonra isə Baş Qərargah rəisi “döyüşə hazır olun” deyərək açıqlamalar verib. Keçən ay Avropa İttifaqı üzv ölkələrdə keçirilən böyük ictimai rəy sorğusunda insanların ən böyük qorxusunun “Rusiya ilə müharibə ehtimalı” olduğu üzə çıxıb. Son hadisələr bu qorxunun əsassız olmadığını və Avropa hökumətlərinin müharibəyə hazırlaşdığını ortaya qoyur.

Dünyanın ən nüfuzlu müdafiə nəşri olan Britaniyanın “Jane’s Report”un hərbi mənbələrdən əldə etdiyi məlumata görə, NATO Təchizat və Baxım Agentliyi (NSPA) Avropa ölkələrinin tələbi ilə ABŞ istehsalı olan 1000 ədəd “Patriot” hava hücumundan müdafiə sistemi (EDS) sifariş edib. Əsasən Almaniya, Niderland, Rumıniya və İspaniyaya paylanacaq “Patriot” sistemləri ilə yanaşı, NSPA da Aİ üzvü NATO ölkələri adından ABŞ hökuməti ilə 5,6 milyard dollarlıq silah müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində ABŞ-dan Avropa ölkələrinə “Patriot” sistemlərinin yenilənmiş hissələri, əlavə yardımçı şirkətlərin xidmətləri, sınaq avadanlığı və texniki xidmət materialları çatdırılacaq.

“Patriot” sisteminin istehsalçısı RTX-nin (keçmiş adı Raytheon) mətbuat katibi mətbuata açıqlamasında sistemlərin üç il ərzində Avropaya çatdırılmasının planlaşdırıldığını açıqlayıb.

ABŞ-da nəşr olunan “Breaking Defense” nəşri də Avropada NATO üzvü olan ölkələrə təhvil veriləcək “Patriot”ların təkmil yönləndirmə sisteminə malik olduğunu və bu sistemin Avropada yalnız Almaniyada istehsal oluna biləcəyini vurğulayır. Bu sistem sayəsində “Patriot” təkcə döyüş təyyarələri və döyüş helikopterlərini deyil, həm də PUA-ları (silahlı pilotsuz uçuş aparatları), İHA-ları (pilotsuz uçuş aparatları), taktiki və idarə olunan raketləri məhv etmək üçün yenidən dizayn edilib. “Patriot” raketləri həmçinin idarə olunan şəkildə bütün hava hədəflərini izləmək qabiliyyətinə malikdir.

Avropanın Rusiya ilə mümkün müharibəyə hazırlığı ilə bağlı hadisələr yeni deyil. Almaniya hökuməti keçən ay büdcədə müdafiənin payını təqribən 2,5 dəfə artıraraq yeni ordu quracağını açıqlasa da, Aİ hesabatlarına görə NATO-ya üzv olan bütün Avropa ölkələri müdafiə büdcəsini 2018-ci ildə ən azı 25 faiz artırıb. Digər tərəfdən, 11-12 iyul tarixləri arasında NATO-nun Vilnüs sammitində keçirilən ikitərəfli görüşlərdə ABŞ-ın hərbi qüvvəsini Çinə qarşı yönəldəcəklərini açıqlamalarından sonra Avropa ölkələrindən “Avropa ordusu qurulmalıdır” səsləri gəlir. Vilnüs sammitində NATO-nun fövqəladə birləşmə komandanlığı və kəşfiyyat mərkəzinin NATO üzvü olan ölkələrə köçürülməsi barədə qərar qəbul edilib. Sammitdə diqqət çəkən digər bir hadisə isə NATO-nun Avropadakı qoşunlarının böyük hissəsinin Rusiya sərhədinə köçürülməsi ilə bağlı strateji qərarın qəbul edilməsi olub.

ABŞ mərkəzli müdafiə nəşri olan “Breaking Defence”, İsveçin dəniz və hava gücündə böyük bir müdafiə büdcəsi artırmasının gözlənildiyini iddia edib. Mənbələrdən əldə edilən məlumata görə, İsveçin NATO üzvlüyündən sonra müdafiə büdcəsini yüzdə 28 artıraraq cəmi 10,8 milyard dollara çatdıracağı gözlənilir. İsveçin üzvlüyü üçün Türkiyənin icazəsi lazımdır. NATO-nun 2024 strategiyasına əsasən, İsveç və Finlandiyanın NATO-ya üzv olmasından sonra alyansın Skandinaviya regionunda 250-dən çox döyüş təyyarəsinin olması və İsveçin Qotland adasının Rusiyaya qarşı ilkin əməliyyat hərbi bazası kimi istifadə edilməsi planlaşdırılır. NATO-da Rusiya ilə ən uzun sərhədə malik olan Finlandiya hökuməti daha əvvəl müdafiə büdcəsini 5 faiz artırdığını açıqlamışdı.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90