image-2000x150
image-media-cavansir-ajwuz0ly6b9fqhoe3svi-620x460backend

AŞPA-nın qərarı nəyi dəyişəcək?

image-728x90

AŞPA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması təklif olunub. Bu gün Monitoring Komitəsi öz rəyini hazırlayıb plenar iclasa təqdim edəcək və rəyin müzakirəsindən sonra qərar qəbul olunacaq.

AŞPA Avropa Şurasına üzv olan 46 dövlətin milli parlamentləri tərəfindən göndərilmiş nümayəndə heyətlərindən ibarət olan Assambleyadır. Assambleya ildə dörd dəfə Fransanın Strasburq şəhərində yerləşən Avropa  sarayında bir həftəlik plenar iclaslar keçirir. Assambleyanın doqquz daimi komitəsi var və onların hər biri öz səlahiyyətləri üzrə hesabatlar və qərar layihələri hazırlamaqla məşğul olur.

Azərbaycan bu təşkilata 2001-ci ildə qoşulub və 6 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunur. Assambleyada ən çox yer sahibinə malik olan ölkələr isə Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Türkiyədir ki, onların hər biri 18 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Bütün bunlarla yanaşı AŞPA üzv dövlətlərin icraedici orqanları üçün məcburi qanunlar qəbul etmək səlahiyyətinə malik deyil.

Assambleyada müzakirə edilən məsələlər və dinlənilən hesabatlar əsasən Avropa Şurasının üç əsas qanunvericilik məqsədinə yönəlib: Avropa Şurasına üzv olan ölkələrdə insan hüquqlarının qorunması, demokratiyanın təşviqi və qanunun aliliyinin təmin edilməsi. Bu məqsədlərə istiqamətlənmiş fəaliyyətində AŞPA 1991-ci ildə Sovet ittifaqının süqutundan sonra müstəqilləşmiş ölkələrə dövlət quruculuğu proseslərində dəstək vermək, demokratiyaya keçidə yardım etmək, yeni müstəqil dövlətlərdə milli qanunvericilik bazasının formalaşdırılmasına və təkmilləşdirilməsinə kömək etmək, habelə üzv dövlətlərin ərazilərində baş verən münaqişələrin aradan qaldırılmasında münaqişə tərəfləri arasında konsensus əldə edilməsinə yardım etmək kimi vəzifələri də öz üzərinə götürüb.

2001-ci ildə Azərbaycanın AŞPA-ya qəbul olunması ölkəmizdə böyük ruh yüksəkliyi doğurmuşdu. Ölkəmizdə bu quruma rəğbət onun ümumbəşəri dəyərləri təbliğ etməsindən, insan haqları və demokratiyanı təşviq etməsindən və xüsusilə beynəlxalq ədaləti dəstəklədiyini bəyan etməsindən irəli gəlirdi. Həmin illərdə torpaqlarının 20 %-i işğal edilmiş və etnik təmizlənməyə məruz qalmış, 1 milyona yaxın qaçqın və köçkünlərin olduğu Azərbaycan Avropa Şurasının və onun Parlament Assambleyasının  bəyan etdiyi dəyərlərin həyatda real tətbiqinə, ən kobud şəkildə pozulmuş insan haqlarının müdafiə olunmasına və beynəlxalq ədalətin bərqərar olunmasına  böyük ümidlər bəsləyirdi.

Azərbaycanı təmsil edən deputatlar AŞPA-nın bütün toplantılarında böyük həvəslə iştirak edir və böyük əzmlə bölgədəki real vəziyyəti 46 Avropa ölkəsini təmsil edən deputatların diqqətinə çatdırmağa və onlardan siyasi və mənəvi dəstək almağa çalışırdılar. Yeni dövlət quruculuğu və milli qanunvericiliyin təkmilləşdirilməsi proseslərində Azərbaycan hökümətinin bütün qurumları, eləcə də Milli Məclis AŞPA-da səsləndilən çağırışların və tövsiyyələrin nəzərə alınması, qanun yaradıcılığında və dövlət idarəçiliyində mütərəqqi üsulların tətbiq olunması istiqamətində ardıcıl addımlar atırdılar. Üzv olduğumuz digər beynəlxalq təşkilatlarla yanaşı  AŞPA – dan da gözləntilərimiz Azərbaycan torpaqlarının işğal faktının rəsmən tanınması və işğala son qoyulması üçün təcavüzkar dövlətə təzyiq göstərilməsindən ibarət idi.

Lakin  üzv olduğumuz 20 il müddətində  AŞPA Azərbaycanın gözləntilərini doğrultmadı. AŞPA- da fəliyyətimiz bu qurumun Avropanın aparıcı dövlətləri tərəfindən öz maraqlarını təmin etmək üçün bir alət kimi istifadə edildiyini üzə çıxardı. Aydın oldu ki, Fransa, Almaniya kimi böyük dövlətlərin maraqları bir çox hallarda  beynəlxalq ədalət, qanunların aliliyi və demokratiya prinsipləri ilə  uzlaşmaya da bilir və bu halda AŞPA tərəfindən bəyan edilmiş dəyərlər bilərəkdən arxa plana keçirilir. 20 il ərzində Azərbaycan nümayəndə heyətinin bütün səylərinə baxmayaraq AŞPA Ermənistanı qonşu dövlətin torpaqlarını işğal etmiş təcavüzkar kimi tanımadı. Azərbaycan nümayəndə heyətinin tərəfindən Ermənistanın işğalçı siyasəti ilə bağlı irəli sürülən təkliflərin və qətnamə layihələrinin müzakirəyə çıxarılmasına süni maneələr yaradıldı. Azərbaycan həqiqətlərinin geniş Avropa auditoriyasına çatdırılması üçün göstərilən bütün səylərin və təşəbbüslərin qarşısını alındı.

Bütün bunlarla yanaşı  Azərbaycan torpaqlarının işğalında səhra komandiri kimi bilavasitə iştirak etmiş, etnik təmizləməyə və minlərlə insanın qətlinə görə məsuliyyət daşımalı olan  keçmiş Ermənistan prezidenti Robert Koçaryan AÇPA Plenar sessiyasında ayaq üstə alqışlarla qarşılandı. Avropa qanunlarına görə qatı cinayətkar hesab olunmalı Robert Koçaryan AŞPA plenar iclasında Azərbaycan torpaqlarının işğalında şəxsən iştirak etməsi ilə qürur duyduğunu dilə gətirdi. Robert Koçaryan həmin iclasdakı çıxışında ermənilərlə Azərbaycanlılar arasında milli uyumsuzluğun mövcudluğu barədə irqçi faşist mahiyyətli cəfəng ideyasını səsləndirməkdən  belə çəkinmədi. Bütün bunlara baxmayaraq AŞPA deputatları nəinki Avropanın, bütün sivil dünyanın bəyan və qəbul etdiyi qanunlara meydan oxuyan bir cinayətkarı ayaq üstə alqışlarla da yola saldı. Bütün bunlar onu göstərir ki, AŞPA heç də təqdim olunduğu kimi bütün Avropa cəmiyyətinin ümumi maraqlarını qoruyan, bütün Avropa xalqlarına münasibətdə ədalətin təmin olunmasına çalışan bir siyasi qurum ola bilməyib. AŞPA tarixdə mövcud olmuş bütün imperialist ideyaların doğurduğu təzyiq və təhdid aləti olmaqdan uzağa gedə bilməyib.

2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə son 30 il müddətində böyük güc mərkəzlərinin dəstəyi ilə Qarabağda yuva salmış separatçı qüvvələrin təslim olması  və nəhayət 35 ildən sonra Azərbaycanın beynəlxalq səviyyədə tanınmış öz qanuni əraziləri üzərində suverenliyini təmin etməsi ölkəmizə və bütövlükdə Cənubi Qafqaz bölgəsinə təsir və təzyiq imkanlarını xeyli dərəcədə məhdudlaşdırıb.

Azərbaycanla Ermənistan arasında münasibətlərin mümkün normallaşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilər. Odur ki, öz maraqlarını təmin etməyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionun ən qüdrətli dövləti olan və öz müstəqil siyasətini aparmağa çalışan Azərbaycana qarşı yeni təzyiq mexanizmləri axtarışındadırlar. Bu dəfə AŞPA belə bir mexanizm kimi sınaqdan çıxarılır. Əlbəttə bu qurumun Azərbaycanı müstəqil siyasət yürütməkdən məhrum etmək iqtidarında olmadığı da bəllidir. Bununla belə, ən azı ölkəmizin beynəlxalq imicinə zədə vurmaq, Ermənistanı sülh prosesindən yayındırmaq və beləliklə bölgəni xarici müdaxilələrə açıq vəziyyətdə saxlamaq cəhdlərinin ardı-arası kəsilmir.

AŞPA – da Azərbaycan nümayəndə heyətinin səsvermə hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması təşəbbüsü də belə yeni cəhdlərdən biridir. AŞPA öz qərarını bu gün verəcək. Bu qərarın nədən ibarət olacağından asılı olmayaraq Azərbaycan öz milli maraqları çərçivəsində öz müstəqil siyasətini aparmaqda davam edəcək. AŞPA-nın istənilən qərarı nə Azərbaycan dövləti üçün, nə də Azərbaycan xalqı üçün kədərli bir hadisə olacaq. Əksinə, Azərbaycan xalqı bir daha anlayacaq ki, demokratiya, insan haqları, ədalət kimi yüksək pafoslu Avropa dəyərlərinin arxasında hansı məkrli niyyətlət və hansı dövlətlərin  neo-imperialist siyasəti dayanır. Bu bir daha “öz qınından çıxıb özünü bəyənməyən” Avropa heyranlarına yanıldıqlarını göstərəcək. Bu bir daha cəmiyyətin ürəyində Vətən sevgisi və  təəssübkeşliyi daşıyan sağlam düşüncəli  üzvlərinin milli dövlətçilik maraqlarımız ətrafında daha sıx birləşməsinə təkan verəcək.

Cavanşir Feyziyev

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90