image-rt-reklam
image-1backend

Anamın söylədiklərindən…-GÜLƏR MÜBARİZ YAZIR

image-728x90

Bizim eldə bir bəylik sözü var. Köklü-yerli adamlar hansı ailə bəylikdəndir, hansı nəsil hansı kökdən gəlir bilirlər.

Mənim rəhmətlik nənəm ana tərəfdən bəylikdən idi, babamın anası Firuzə nənə də Nəmirli (Ağdam) bəyliklərindən idi və təbii ki, bəy qızı idi. Onun övladlarına danışdığı və mənim də eşitdiklərim belə idi: Bizi oğul-uşaq ailəliklə bircə kilimin üstünə yığıb üstümüzü örtdülər, iki mərtəbəli geniş külafirəngili evimizi soyub-taladılar. Boynumda olan qızıl silsiləni dartıb-qırdım ki, tökülsün iç donuma, görünməsin (sonralar boyunbağı hissə-hissə satılacaq və yetimlərə çörəkpulu olacaqdı).

Xeyli sonralar Firuzə nənə Ağdamda bir yas evində talanmış evinin zili-xalılarını görmüş amma səsini çıxarmamışdı.

Firuzə nənənin qızı anası haqqında “sərin kölgəli bağçalı,geniş külafirəngili imarətli,şümşad boylu,kürsü oturuşlu,yeriyəndə yoluyla bir,geyinəndə donuyla bir anam” deyərdi. Təbii ki,dedikləri tam doğru idi,hələ çox sözlər unudulub yaddan çıxıb…

Bu bəylik övladları babalarının, ulu dədələrinin varı-halı, talanmış torpaqları əllərindən alınmış övladlardır. Çoxları 37-ci ilin repressiyasında öldürülmüş, sürgün edilmiş, bəziləri də qürbət ölkələrə qaçıb daldalanmışdılar.

Bəylik qadınlarının özəlliklərindən görüb-bildiyim, eşitdiyim bir neçə xüsusiyyəti deyim sizə. Barmaqlarının ucu xınalı, bir əlinin nişan barmağında firuzə qaşlı üzük olardı, saçları da səliqəli və xınalı,geyimlərinin isə təmiz və zövqlü olmağı şərt idi.

Bəylik övladları nə qədər kasıb, imkansız olsalar da, süfrəsi mütləq ağ və nişastalı olmalıdır. Onlar ancaq armudu stəkanda çay içərlər. Nənəmin qohumu, bəy nəvəsi İlham əmi deyirdi ki, anam Teymurxanbəyova Firəngizin tənbehləri vardı, “Nəlbəkiyə çay töküb içməyin, ağayanalığınız itər.
Çörəyin tikəsiylə boşqabını sıyırma, bəyliyinə toz qonar.”

Danışıqları səlis və ötkəm olur , adətən, heç kimə əyilməzlər, minnət etməzlər. Savadlıdırlar, istənilən mövzuda maraqlı söhbətlər edərlər,onları dinləmək xoşdur,insanı danışıqları ilə yormazlar.

Hə beləcə… Gözəlliyi ilə aşağı Qarabağa səs salmışdı Firuzə nənə, el içinə çıxanda ağzının yaşmağını açmağını hər kəs həsrətlə gözləyərdi. Yeddi taxta , qanovuz donunun ətəklərinə də qızıl pullar düzülmüşdü, xan ədası üzündən oxunurdu. Getdiyi yerdə evin yuxarı başından yer salınardı, taxtın üstünə ən gözəl mütəkkələr düzülərdi.

“Ağ evin” xanım anası idi ,bəy qızı. Düşdüyü ocağın da bəy-xan törəməsi olduğunu nəzərə alsaq, əsalət ikiyə qatlanmışdı o yurdda.

Kiminin əvvəli, kiminin axırı deyiblər. Taleyin sərt rüzgarı o ocaqdan da yan keçmədi; elə əsdi ki, pərən-pərən düşdü yurd yiyələri.

Erkən ölümün ailəsinin alnına yazıldığı Firuzə nənənin bəy ocağından cəmi dörd nəticəsi qaldı…
Dədə-babalarından gələn bəy havası hərdən əsir başlarında, ədalətsiz dünyada ədalət axtarırlar, alicənablıqları boyunlarına biçilib sanki…

Dünyanı düzəltməyə and içiblər, quruca damlarını da taxt-tac sanar, dünya malına yuxarıdan aşağı baxarlar.

Bir azca da səmimi ədaları var, qəlb oxşayır…

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90