image-rt-reklam
image-bez-nazvaniyabackend

“Adım Ələsgərdi, Göyçə mahalım…”

image-728x90

Neçə on illərdi bu misraların işığında əvəzsiz söz mücrüsünün incilərini tanımışıq. Aşıq şeir şəkillərinin bütün imkanlarını yaradıcılığı ilə gerçəkləşdirən, söz möcüzələri yaradan Göyçəli Aşıq Ələsgərin yaradıcılığı zamanına da sığmadı, bu günümüzə də sığmır…

XIX yüzillikdə yaşamış böyük söz və saz ustadı Aşıq Ələsgərin zəngin yaradıcılığı  Azərbaycanın aşıq ədəbiyyatının inkişafında bir mərhələ oldu. İstər Arazın o tayında, istərsə də bu tayında neçə-neçə sənətkar Aşıq Ələsgər ədəbi məktəbinin yetirməsidir. Böyük ustadın irsi öyrənilə-öyrənilə aşıq yaradıcılığının daha şaxəli inkişafında vasitəyə çevrildi. Hələ 70-ci illərdə Aşıq Ələsgərin kitabları nəfis tərtibatla nəşr edildi.
2021-ci ildə Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iki Sərəncam imzaladı. Sərəncamlardan biri ilə sənətkarın 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Digər Sərəncam onun abidəsinin ucaldılmasına görə verilmişdi.
Abidə Bakı şəhərində qoyuldu. Abidənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Tarixin zaman anlamında dünənlərini xatırladan çıxışda böyük sənətkarın yaradıcılığı haqqında geniş məlumat verildi, xalqımızın yaşadığı iki deportasiyanın ağrıları da xatırladıldı: “Əfsuslar olsun, ondan sonra da bizim xalqımız iki deportasiyaya məruz qalmışdır. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. Ancaq doğma Vətən, doğma torpaq onu yenə də Göyçə mahalına çəkirdi, baxmayaraq ki, iqlim, təbiət, gözəllik baxımından Kəlbəcər və Göyçə mahalı çox da fərqlənmir. Amma onun Vətən sevgisi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç ildən sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyinin Sovet İttifaqı miqyasında qeyd edildiyini, bu yubiley münasibətilə sənətkarın doğma Ağkilsə kəndində abidəsinin ucaldıldığını, ermənilərin törətdiyi üçüncü deportasiyada abidənin dağıdıldığını da bildirdi.
Dövlət başçımız onu da dedi ki, “Aşıq Ələsgərin yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o, görkəmli şəxsiyyət, vətənpərvər insan, öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. 97 yaşında öz torpağından köçməyə məcbur olmuş insan 100 yaşında yenə də bütün təhlükələrə baxmayaraq, – o vaxt hələ o təhlükələr tam sovuşmamışdı, – yenə də öz Vətəninə qayıtmışdır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbirdə çıxışı bir sənətkarın timsalında dövlətçiliyin daha da möhkımləndiriləcəyinə inam kimi dinlənildi: “Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik. Qərbi azərbaycanlıların görkəmli nümayəndəsinin abidəsinin ucaldılması təbii olaraq, ilk növbədə, Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq, eyni zamanda, bu abidə bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisədir”…

Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90