image-2000x150
image-a33d4d1d-e7a7-4770-bf3e-293dbe6f7a1abackend

“ADİ UÇUŞ”, YOXSA “ADİ DÜŞMƏNÇİLİK”?… – İran öz təxribatına haqq qazandırır

image-728x90

Belə görünür ki, İrandakı molla rejiminin təsəvvüründəki beynəlxalq siyasi münasibətlər sistemində həyasızlığın, ləyaqətsizliyin, yalanın həddi-hüdudu yoxdur və o, öz xarici siyasətini də məhz bu “prinsiplər” üzərində qurmaqda davam etdirməkdədir…

İran XİN sözçüsü Naser Kanani ölkəsinə aid hərbi təyyarənin Azərbaycanla sərhəd xətti üzərində nümayişkəranə uçuşları barədə danışaraq, bu açıq təxribata haqq qazandırmağa çalışıb: “Bu, adi uçuş idi. Belə uçuşlar mütəmadi olaraq İranın sərhəd rayonlarına nəzarət çərçivəsində həyata keçirilir…” XİN sözçüsünün dediklərindən belə çıxır ki, guya İran öz sərhəd rayonlarına nəzarət üçün mütləq Azərbaycan sərhədinin üzərindən uçmalı idi və guya heç kim anlamır ki, bu, “adi uçuş” yox, növbəti “adi” düşmənçilik aktı, təhdid idi…

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin bu təxribatla bağlı bəyanatında deyilir ki, təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub: “Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Respublikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizliyinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdirməyə xidmət edir. İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır”.

Ancaq İran rəsmisi sadəcə, sərhəddəki təxribata haqq qazandırmaqla kifayətlənməyib və bir qədər də irəli gedərək, Bakıdakı İran səfirinin Azərbaycan XİN-ə çağırılmasına və ona nota təqdim edilməsinə etiraz edib. Kanani deyib ki, Tehran rəsmi Bakının bu addımını xoş niyyətli addım hesab edə bilməz: “Əgər bu, xoş mərama əsaslansaydı, İran səfirliyinə, bizim hərbi attaşeyə müraciət olunardı. Fikir mübadiləsi aparılar və anlaşılmazlıq aradan qaldırılardı”. Görəsən, bu cür təxribatların nəyə xidmət etdiyini kimə qarşı hesablandığını hamı gözəl bildiyi halda, İran XİN təmsilçisi səviyyəsində bu cür ucuz çərənçiliyin, açıq təxribat və təhdid aktının “anlaşılmazlıq” adlandırılmasının mənası nədir?

Ümumiyyətlə, az qala 30 illik işğal dövründə işğalçı Ermənistanla birləşib ərazilərimizi talayan, qaçaqmalçılıq, narkotik tranziti xəttinə çevirən, 44 günlük müharibə dövründə və ondan sonra işğalçının yanında duran, onu hər cür vasitələrlə dəstəkləyən, Qarabağdakı separatçılara yanacaq daşımaqdan Ermənistana gedən hərbi yüklərə “yaşıl işıq” yandırmağa qədər bizə qarşı hər cür açıq düşmənçiliyə əl qoyan, Azərbaycanda casus şəbəkəsi quran, təxribatlar törədən, mövhumat, məzhəbçilik, narkomaniya yayan və sayı-hesabı olmayan digər ləyaqətsizliklərə əl atan bir rejim hansı “xoş məram”dan dəm vura bilər? Bəlkə, ötən il sərhədlərimizdə, Araz boyunca tankla, topla, təyyarə ilə keçirilən hərbi təlimlər idi xoş məram? Bəlkə 30 ildə Azərbaycanın ərazi bütövlüyünün pozulmasını, işğalını “görməyib” də, müharibədə biabırçılıqla məğlub olan işğalçı Ermənistanın ərazi bütövlüyünü “İranın qırmızı xətti” elan etməkdir xoş məram? Yoxsa, Azərbaycanın Tehrandakı səfirliyinə oradakı diplomatlarımızı, onların ailələrini qətl etmək üçün İran xüsusi xidmətinin hazırladığı alçaq, xain hücum idi xoş məram?

Ümumiyyətlə, bütün bunlardan sonra ləyaqəti, abır-həyası olan bir hakimiyyət, rejim nəinki bizdən hörmət, xoş məram gözləyərdi, əksinə, Bakıda səfirlik saxlamağa utanardı. Əgər Tehrandakı başda oturanlar qansalar, yenə də xoş məramı Azərbaycan göstərir. Yoxsa, necə ki, bizim İrandakı səfirliyimiz fəaliyyətini dayandırmağa məcbur olub, biz də İran rejiminin Bakıdakı nümayndələrini, hərbi attaşeli-filanlı hamısının şələ-küləsini qoltuğuna vurub, yola salardıq…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90