ADA Universiteti və “Veysəloğlu Şirkətlər Qrupu” arasında ötən il imzalanmış memorandumdan irəli gələrək bir sıra istiqamətlərdə tərəfdaşlıq davam edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tərəfdaşlıq sahələrinə təhsilə və sosial layihələrə dəstək, əməkdaşların ixtisaslarının artırılması, tələbə və şagirdlərin praktiki təcrübələrinin inkişafı üçün proqramların hazırlanması və iki tərəfin marağı əsasında müəyyənləşdirilən digər istiqamətlər daxildir.
Bu çərçivədə ADA Universitetinin rektoru Hafiz Paşayev və “Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçisi Aydın Talıbov görüşərək təhsildə korporativ sosial məsuliyyət layihələrini müzakirə ediblər. Onlar tərəfdaşlığın uğurunu nəzərə alaraq bunun ADA Universiteti Fondu vasitəsilə növbəti illərdə də davam etdirilməsini qərara alıblar.
Qeyd edək ki, “Veysəloğlu”nun hazırda 150 nəfər rəhbər əməkdaşı ADA Universitetinin İxtisasartırma Proqramının təqdim etdiyi “Liderlik Bacarıqlarının İnkişafı” proqramında iştirak edir.
Görüş zamanı bu istiqamətdə də əməkdaşlığın davamlı olması barədə razılığa gəlinib.
“Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov müasir universitet mühitində olmağın şirkət əməkdaşlarına müsbət təsirindən bəhs edib və bu təsirin onların gündəlik iş fəaliyyətində hissedilən olduğunu bildirib.
Tərəflər ölkəmizdəki ümumi inkişafdan bəhs edərkən milli təhsil tarixində ilk ana dilində təhsil verən məktəblərin maarifçilik ənənələrinin vüsət almasına təsirindən söhbət açıblar.
Görüşdə ziyalıların və mesenatların əməkdaşlığının təhsil tarixindəki rolu və bunun qorunub saxlanılmasının vacibliyi vurğulanıb.