ABŞ və onun Qərbdəki müttəfiqləri Rusiyadan külli miqdarda nüvə yanacağı və bu qəbildən olan digər məhsulları almağa davam edirlər.
Bu barədə “Euronews” nəşrində yayımlanan məqalədə bildirilir.
Məqalədə qeyd olunur ki, Ukraynanın işğalından sonra Rusiya ABŞ və Avropa şirkətlərinə 1,7 milyard dollar dəyərində nüvə məhsulları ixrac edib. Nəşr qeyd edir ki, hazırda Qərbin sanksiyalarından kənarda qalan bu məhsullar sayəsində Moskva yüz milyonlarla dollar gəlir əldə etməyə davam edir.
Mütəxəssislər bildirirlər ki, əsasən mülki atom elektrik stansiyalarında istifadə edilən bu yanacağın Rusiyadan həddən artıq asılılığı Putinin təchizatı kəsəcəyi təqdirdə ABŞ və Avropa ölkələrində enerji çatışmazlığı riskini artıra biər.
Vaşinqtonda yerləşən Silahsızlaşdırma Siyasəti Təlim Mərkəzinin direktoru Henri Sokolski isə bildirir ki, nüvə məhsullarının idxalına qadağa qoyulmadığı təqdirdə bütün ölkələr bu məhsulu Rusiyadan almağa davam edəcəklər. Ekspert bu məhsulların Rusiyadan idxalının ucuz başa gəldiyini deyir.
Qeyd edək ki, hazırda 440 reaktorda nüvə enerjisindən elektrik enerjisi istehsal edən 30 ölkənin əksəriyyəti yanacaq kimi istifadə olunan radioaktiv materialı Rusiya dövlətinə bağlı “Rosatom” şirkətindən alırlar.
2022-ci il hesabatına əsasən, “Rosatom” uranın zənginləşdirilməsində dünya lideri, uranın hasilatı və yaxın hasilatında isə üçüncüdür. Hazırda 10 ölkədə 33 yeni reaktor inşa edən “Rosatom” və onun törəmə şirkətləri keçən il 2,2 milyard dollar dəyərində nüvə enerjisi ixrac ediblər.
Qeyd edək ki, Ukrayna rəsmiləri dünya liderlərinə “Rosatom”-a qarşı sanksiyalar tətbiq etməklə bağlı çağırışlar etsələr də, bu, fayda verməyib.