Məlum olduğu kimi, HƏMAS-ın İsrailə qarşı 7 oktyabr hücumundan sonra gündəmə gələn əsas mövzulardan biri İranın açıq şəkildə, hərtərəfli dəstəklədiyi “Hizbullah” təşkilatının savaşa qoşulub-qoşulmayacağıdır. Bu ehtimalın təkcə İsrail cəmiyyətini deyil, bütün region ölkələrini narahat etməsi təbiidir.
Belə ki, HƏMAS-dan daha güclü, daha müasir silahlarla silahlanmış və qat-qat üstün döyüş təcrübəli “Hizbullah”-ın müharibəyə qoşulması təkcə döyüş meydanında vəziyyətə təsir etməyəcək. Bu, ümumilikdə münaqişənin dairəsinin genişlənməsi və hətta İran və ABŞ-nin də müharibəyə qoşulması ilə nəticələnə bilər. Çünki İsrail iki cəbhədə döyüşmək reallığı ilə üz-üzə qalacağı halda, çətin duruma düşə və ABŞ-nin birbaşa müdaxiləsinə ehtiyac duya bilər. Bu da “Hizbullah”-ın arxasında duran İranın münaqişəyə birbaşa müdaxiləsini aktuallaşdıracaq.
Hazırda İsrail və Qərb mətbuatında ən qızğın müzakirələrə səbəb olan “Hizbullah”-ın müharibəyə qatılması mövzusuna ABŞ Prezidenti Co Bayden münasibət bildirməli olub. Belə ki, İsrailin “Times of İsrael” nəşri ABŞ administrasiyasının İsrail hökumətinə “Hizbullah” savaşa qoşulacağı halda ona birbaşa hərbi müdaxilə ilə yardım edəcəyinə dair vəd verdiyini yazıb. Yəni, ABŞ İsrail ordusu ilə birgə “Hizbullah”a qarşı əməliyyatlar keçirəcəyinə eyham vurub. Lakin ABŞ Prezidenti Co Bayden bu xəbəri təkzib edib. Öz təyyarəsində jurnalistlərin suallarını cavablandıran Bayden deyib ki, bu iddialar həqiqətə uyğun deyil və “belə şey heç vaxt deyilməyib”. Baydenin bu açıqlaması israillilərin narahatlığına səbəb olub. Hansı ki, İsrail cəmiyyəti bu dövlətin hər nə qədər güclü orduya malik olsa da, bir neçə cəbhədə döyüşməli olacağı halda, ABŞ-nin yardımına ehtiyacı olduğunu düşünür. Baydenin sözügedən xəbəri təkzib etməsi isə müəyyən xəyal qırıqlığı yaradır.
Ancaq eyni zamanda da ABŞ İsrailə təcili hərbi yardımlar göndərməklə yanaşı, Yaxın Şərq regionunda öz hərbi mövcudluğunu artırmaqda davam edir. Artıq 2 böyük aviadaşıyıcı gəmi və çoxlu sayda hərbi gəmilər İsrail sahillərindədir. Baydenin sözügedən məlumatı təkzib etməsinə və “belə bir şey deyilməyib” deməsinə baxmayaraq, əksər müşahidəçilər bunun heç də ABŞ-nin savaşa qatılmayacağı anlamına gəlmədiyini bildirirlər. Hesab olunur ki, “Hizbullah”-ın hücumu və İsrailə yaradacağı problemlər geniş miqyas alarsa, ABŞ mütləq hərbi müdaxilə edəcək.