(oçerk)
Zəngilanın zəngin təbiəti həm də gözəl xarakterlər formalaşdırıb. Elə xarakterlər ki, on illərdi, yüz illərdi həm tarixdə yaşadılır, həm də yaddaşlarda. Qaya, dağ sərtliyi deyirik, meh həzinliyi deyirik, bulaq, çeşmə duruluğu deyirik, … Zəngilanlıların xarakterində torpağa görə, dövlətə, dövlətçiliyə görə qaya, dağ sərtliyi də var, meh həzinliyi də, çeşmə, bulaq duruluğu da. … Neçə on illər tanıdığım zəngilanlıların xarakterində gördüklərim, müşahidə etdiklərim Zəngilanı, Zəngilanın təbiətini xatırladıb. Ehtiramla xatırlananlar tarixin yaddaşında həmişə yaşayacaq. Bu anlarda həmişə düşüncələrimin mehrabı olan bir bəstə-mahnı düşür yadıma: “Kimlər gəldi, kimlər getdi, Bu dünyadan, bu dünyadan…”. Dünyadan gedənləri təəssüflə xatırlasaq da, bu təəssüfdə bir ürək tutumunca qürur da var. O qürur geniş miqyaslı qürurdu; tanıyanların hamısının qürurudu. Ömrümün Zəngilanlı illərində tanıdığım, sevdiyim insanları indi də həmin qürurla xatırlayıram. Özünə görə, Zəngilana, Zəngilanın timsalında Azərbaycana, Zəngilanlılara, Zəngilanlıların timsalında Azərbaycanlılara sevgisinə görə…
Əliş Qasım oğlu Əliyevi də belə tanımışam, belə sevmişəm.
Ailədə, qohumlarımgildə, məktəbdə onun haqqında həmişə xoş sözlər eşidirdim. Mənə elə gəlirdi ki, bu xasiyyətli adamları tanımamaq günahdı. Tanımasan son nəfəsinəcən təəssüflənəcəksən. Necə deyərlər, yaxşını görməmək böyük günahdı.
Əliş dayının 1912-ci ildə Zəngilanın Ağkənd kəndində anadan olduğunu bilirdim. Xüstüb dağının ətəklərinə sığınmış bu kəndin ecazkarlığı təbiətin möcüzələrindəydi. Onu da bilirdim ki, Bakı Maliyyə-Kredit texnikumunu bitirib. Zəngilanda maliyyə şöbəsində müxtəlif vəzifələrdə işləyib. Sonra bu şöbənin müdiri olub. Əliş Qasım oğlu kimi insanlar üçün yüksək məsuliyyət hissi olub; belə bir vəzifədə bu təhsillə kifayətlənməyən Əliş Qasım oğlu Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Maliyyə-kredit fakültəsini də bitirib. Söz düşəndə ürək isindirdiyi adamlara deyərmiş: Yaxşı kadr üçün işlədiyi sahə üzrə müəmma, çətinlik, nabələdlik olmamalıdır. Ali təhsil bu dediklərimi aradan qaldırır. Təcrübə ilə təhsil bir-birini tamamlayanda kollektivin işində ləngimələr, nöqsanlar olmur…
Eşitdiyim bir hadisə indiyəcən yaddaşımdadı. O illərdə rayon Partiya Komitəsinin birinci katibinin sözünün üstünə söz deməyin nə olduğunu xatırlatmağa ehtiyac duymuram. Təmiz işləməlisən, kimsənin yanında gözükölgəli olmamalısan, bunların davamı kimi cəsarətli olmalısan. Əliş Qasım oğlu belə kadr olub.
Büro iclaslarının birində rayonun maarif şöbəsinin işi ilə əlaqədar məsələ müzakirə edilirmiş. Birinci katib rayon maliyyə şöbəsinin rəisi Əliş Əliyevdən niyə maarif şöbəsinə pul ayırılmamasını ciddiliklə soruşur. Əliş Əliyev həmin ciddiliklə də cavab verir ki, ayırılan pul rayon Xalq Deputatları Sovetinin sessiyasında təsdiq edilib, pulu onlar alıblar da, xərcləyiblər də. Hara, necə, bunu müəyyənləşdirmək lazım idi. Pulun niyə çatmadığını bu fikir aydınlaşdırdı. Vəzifəndən istifadə edib məni səbəbsiz yerə günahlandırma. Mənimsənilmiş pullarla əlaqədar yoxlama aparmışıq, sənədlər prokurorluqdadır. Mən ora əlavə pul buraxmayacam.
Bu qətiyyət savadın qətiyyətiydi, düzgünlüyün, dürüst işin, vəzifə borclarına məsuliyyətin qətiyyətiydi. Rayon ictimaiyyəti də bunu belə bildi, Maliyyə Nazirliyi də. O hadisənin şahidlərinin əksəriyyəti indi həyatda yoxdu. O hadisənin mahiyyəti istər gənclərə, istərsə də bu və ya digər sahədə işləyənlərə bir gerçəkliyin fəlsəfəsini aşılayır: Ömür budur!..
Hər yeni Maliyyə naziri Zəngilan rayon maliyyə şöbəsinin müdirini etibarlı qeyri-rəsmi zəmanətlərlə tanıyır, az müddətdən sonra bu tanıma etibara, inama, ehtirama dönürdü. Maliyyə Nazirliyində bilirdilər ki, Zəngilan rayon Maliyyə şöbəsinni əməkdaşları müdirə inanır, güvənir. Haqqın tərəfini saxladığına görə, haqqın cəfakeşi olduğuna görə, yaxşı işi dəyərləndirdiyinə görə, …
Necə insan idi Əliş Qasım oğlu? – Əliş Qasım oğlu xırda yerişli adam olub. Buna astagəllik demək böyük günahdı. Əliş dayının sevdiyi bir kəlam da olub: vaxtında görülməyən iş dəyərini itirir. Əliş dayı heç bir işin dəyərini itirməsinə imkan verməzdi. Çağırdığı adamın “Gəlirəm” kəlməsinə ciddiliklə “Gəl!” deyərdi, bu və ya digər iş görülməli idisə, “Görəcəm” deyənə ciddiliklə “Gör!” deyərdi. Bu xarakterinə görə rayon Maliyyə şöbəsində heç bir iş xırda ləngimə olmadan vaxtında yerinə yetirilərdi. Əliş Əliyev 1940-cı ildən 1980-ci ilə kimi, 40 il bu vəzifədə belə işlədi…
1941-ci ildə Böyük Vətən müharibəsi başladı. Azərbaycan da bu müharibənin qarşıdan gələn ağrı-acılarını yaşayacaqdı. Onda minlərlə azərbaycanlı gənc döyüşlərə aparıldı. Əli silah tutanlar hökumətin nəzərində düşmənlə döyüşməli döyüşçü idi. Onda Əliş Əliyevi də döyüşlərə çağırdılar. Rayon Maliyyə şöbəsinin müdiri olsa da. Onda Maliyyə Nazirliyi bu çağırışı dayandırmağı zəruri bilmişdi. Arxa cəbhədə istehsalın ləngiməməsinə görə, bir rayonun maliyyə sisteminin dolaşığa düşməməsinə görə, həm də o rayon İranla sərhəddə olduğuna görə; sovet ideologiyası bu və ya digər rayonun təsərrüfat problemlərinin xarici dövlətlərdən birinin müşahidə etməsinə imkan verməzdi. Maliyyə Nazirliyi Nazirlər Soveti qarşısında vəsadət qaldırdı, Əliş Əliyevin Zəngilanda maliyyə sistemində yeganə bacarıqlı kadr olduğunu xatırlatdı, belə bir kadrın müharibəyə aparılmasını məqsədəuyğun bilmədi, hökumətin həm ön cəbhədə, həm də arxa cəbhədə yüksək döyüş ruhunun saxlanmasını tələb etdiyini də xatırlatdı. Əliş Əliyev xüsusi icazə (buna “bron” deyirdilər) ilə Biləcəri çağırış məntəqəsindən geri qaytarıldı…
Böyük Vətən müharibəsi illərində də dürüst işi ilə tanındı, sevildi. Rayon rəhbərliyi dəyişirdi, biri digərini əvəzləyirdi. Yeni gələn birinci katiblər, rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri camaatın təmizlik, paklıq simvolu kimi tanıdığı Əliş Əliyevi belə tanıyırdılar, ona inanırdılar. Bunun nəticəsiydi ki, Əliş Qasım oğlu 40 il (! – B.M.) rayon Maliyyə şöbəsinin müdiri işlədi.
Əsgər ailələrinə xüsusi diqqət yetirirdi. Qanun həddində şöbənin vasitəsiylə, özünün təşəbbüsü və özünün vəsaiti ilə. “Bu müharibə hamımızın taleyindən keçir. Kimi döyüşlərdədi, kimi həm özünün, həm də döyüşlərdə olan əzizinin əvəzinə işləyir. Biz də ruhən döyüşlərdəyik. Döyüşlərdə olanların hamısı bizim də əzizimizdi…”, – Əliş dayı belə deyərmiş. Rayona gələn hər qara kağıza görə qəlbi qan ağlayarmış. Müharibə başa çatanda ilk dəfə göz yaşı görünüb kirpiklərində. Ağrı-acıların sonlandığına sevinib, gedənlərin dönəcəyinə inanıb, sönən ocaqların yenidən alışacağına ümidlənib…
Əliş Qasım oğlu səliqəli adam olub. Səliqəni sevib. Bu sevgini milli mentalitet səviyyəsində dəyərləndirərdi. “Üst-başı səliqəli olmyan adamın işi də səliqəli olmur. Səliqəsiz iş həmişə nöqsanlı işdir…”, – sonralar bu kəlamın nə qədər dəyərli olduğunu rayon Komsomol Komitəsində, rayon Partiya Komitəsində. Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsində işləyəndə, ərazi özünümüdafiə taborunda, Müdafiə Nazirliyində xidmət edəndə daha əhatəli duymuşdum. Bu gün də həmin kəlam mənim iş üslubumun başlanğıcıdır…
Bir aqildən soruşurlar: Ən xoşbəxt insan kim olub? Aqil bir qədər düşünərək cavab verib: Rəiyyətin sevdiyi padşah xoşbəxt padşah olub, döyüşçülərin sevdiyi sərkərdə xoşbəxt sərkərdə olub, camaatın sevdiyi usta xoşbəxt usta olub. İndi xalqın sevdiyi rəhbər xoşbəxt rəhbərdir, əməkdaşların sevdiyi məmur xoşbəxt məmurdur. Zəngilan rayon Maliyyə şöbəsinin əməkdaşları Əliş Əliyevi sevirdi; Əliş Əliyev xoşbəxt insan idi. Hər səhər işçilərin sayı qədər təbəssümlə salamlaşırdı. Şöbənin geniş həyətini böyük dünyamızda ruhunun dünyası bilirdi. Bu dünyanın gözəlliyinin mühafizəkarı olmaqla özünü bəxtəvər sayırdı Əliş dayı. Belə adamlara el arasında “böyüklə böyük, kiçiklə kiçik olan adam” deyirlər. Yəni sadə adam. Aqillər sadəliyi insanın daxili aləminin Günəşi adlandırır.
Əliş Əliyev rayon Maliyyə şöbəsinə gələnləri səbrlə dinləyərdi. “İdarənin qapısını haqq qapısı bilməyənin insafını yellər aparsın. Özünü onun yerinə qoy. Gör sənə belə münasibət olarsa, nə edərsən…”, – Əliş Qasım oğlu hərdən şöbənin işçiləriylə kəlmələşəndə belə deyərdi.
Hamıya kömək eləməyə çalışardı. Qanun həddində, qanunun tələblərini pozmadan. Xahişə gələnin istəyi qanunu aşardısa, onu hərtərəfli başa salardı, mümkünsüzlüyünü izah edərdi. 40 ildə o qapıdan xahişi yerinə yetirilən də, yetirilməyən də narazı qayıtmayıb; Zəngilanlılar dürüst kişinin dürüst sözlərini etiraz, inkar bilməyib, mümkünsüzlük bilib…
Halallıq.
Halal şörək…
İstər milli-mənəvi dəyərlərimiz, istərsə də qanun bu kəlmələrin dönməzliyi əsasında formalaşıb. Əliş kişi belə bir ömür yaşadı. Halal ömrü onu son nəfəsindən sonra da ehtiramla yaşatmaqdadı. Yaxından tanıyanlar deyirdilər ki, (özüm də görürdüm ki!) Əliş Qasım oğlu rayona gələn qonaqları ancaq öz evinə aparır. “Qonaqdısa, evimə aparmalıyam. Dəxli yoxdu, qohum-əqrabadımı, yoxsa Nazirliyinmi nümayəndəsidi…”, – deyərdi.
Sadə insan idi Əliş Qasım oğlu. Belə adamlara xalqın adamı deyirlər…
Əliş dayı 47 illik maliyyəçilik fəaliyyəti dövründə səmərəli və qüsursuz işinə görə “Əlaçı maliyyə işçisi”döş nişanına, dəfələrlə qiymətli hədiyyələrə və təşəkkürə layiq görülüb, Azərbaycan SSR Maliyyə Nazirliyinin və Dövlət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərmanı ilə təltif edilib və pulla mükafatlandırılıb.
1985-ci ildə dünyadan köçən Əliş dayının oğlanları Fəxrəddin, Sədrəddin, Qasım, İmran, qızları Əminə, Safura ata adına böyük rəğbət gətirib. Bu gün nəvə-nəticələri də babalarının təqdirəlayiq həyat yolunu, nəslin nümunəvi örnək ənənələrini şərəflə davam etdirirlər.
Əliş Qasım oğlu vardı bu dünyada. Tanıyanlar onun ağsaqqallığına, sözübütövlüyünə, dürüstlüyünə sığınırdı. Məsləhətlərini dinləyə-dinləyə aylarını il, illərini ömür edirdi. İllər sonra unudulmayan Əliş dayını xoş xatirlələrlə yada salır, “Kimlər gəldi, kimlər getdi Bu dünyadan, bu dünyadan…” deyirik.
Zəngilanda Əliş Əliyev vardı, Əliş dayı kimi sevilirdi…
Bayram MƏMMƏDOV,
Əməkdar müəllim